Kontentə keç

Müqəddəs Kitab nədir?

Müqəddəs Kitab nədir?

 Müqəddəs Kitab barədə faktlar

  •   Müqəddəs Kitabın müəllifi kimdir? Müqəddəs Kitabın Müəllifi Allahdır, amma onu yazmaq üçün O, təxminən 40 kişidən istifadə etmişdi. Onlardan bəziləri bunlardır: Musa peyğəmbər, Davud padşah, Mətta, Mark, Luka və Yəhya a. Allah Öz fikirlərini onların zehninə salmışdır ki, Onun insanlara çatdırmaq istədiyi məlumatları qələmə alsınlar (2 Timutiyə 3:16).

     Gəlin bir nümunəyə baxaq: iş adamı katibinə onun adından məktub yazmağı tapşırır, hətta ola bilsin, sadəcə məktuba nəyi daxil etməyi deyir. Amma məktubun müəllifi yenə də həmin iş adamının özüdür. Eynilə də, Allah Müqəddəs Kitabı insanlara yazdırsa da, Müəllifi Onun Özüdür.

  •   «Bibliya» nədir? Bir çox dillərdə Müqəddəs Kitaba «Bibliya» deyilir. «Bibliya» sözü mənası «balaca kitablar» olan yunanca biblia sözündən əmələ gəlib. Vaxt keçdikcə Müqəddəs Kitabın bütün bölmələrinin toplusuna «Bibliya» deməyə başladılar.

  •   Müqəddəs Kitab nə vaxt yazılıb? Müqəddəs Kitabı e. ə. 1513-cü ildə yazmağa başlamışlar. Onu 1600 il ərzində yazmışlar və eramızın 98-ci ilində bitirmişlər.

  •   Müqəddəs Kitabın əsli haradadır? Müqəddəs Kitabın əsli bizim günlərədək qalmayıb, çünki o, dəridən və papirusdan hazırlanmış davamsız materialların üzərində yazılmışdı. Amma peşəkar mirzələr Müqəddəs Kitabın mətnini gələcək nəsillər üçün qorumaqdan ötrü əsrlər ərzində onu diqqətlə köçürürdülər.

  •   «Əhdi-Ətiq» və «Əhdi-Cədid» nədir? «Əhdi-Ətiq» dedikdə Müqəddəs Kitabın əsasən ibrani dilində b yazılan və İbrani yazıları kimi də tanınan hissəsi nəzərdə tutulur. «Əhdi-Cədid» dedikdə isə Müqəddəs Kitabın yunan dilində yazılan və Yunan yazıları, eləcə də İncil kimi tanınan hissəsi nəzərdə tutulur. Bu iki hissə birgə bütöv Müqəddəs Kitabı təşkil edir c.

  •   Müqəddəs Kitabda nələr qələmə alınıb? Müqəddəs Kitabda tarixi hadisələr, qanunlar, peyğəmbərliklər, şeirlər, məsəllər, nəğmələr və məktublar qələmə alınıb ( «Müqəddəs Kitab bölmələrinin siyahısı»na baxın).

 Müqəddəs Kitabda nə barədə yazılıb?

 Müqəddəs Kitabın ilk səhifələrində qısaca olaraq Külli-İxtiyar Allahın yeri və göyü necə yaratdığından bəhs edilir. Müqəddəs Kitab vasitəsilə O Özünü insanlara tanıdır, adının Yehova olduğunu deyir və insanları Onunla tanış olmağa dəvət edir (Zəbur 83:18).

 Müqəddəs Kitabda Allahın adına böhtan atıldığı deyilir və adını bu böhtandan necə təmizləyəcəyi izah olunur.

 Müqəddəs Kitabda Allahın bəşəriyyətə və Yer kürəsinə dair niyyəti açıqlanır. Orada Allahın əzab-əziyyətin səbəblərini necə yox edəcəyi göstərilir.

 Müqəddəs Kitabda gündəlik həyata dair praktiki məsləhətlər yer alıb. Məsələn:

  •   Yaxşı münasibətləri qorumaq üçün məsləhətlər. «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mətta 7:12).

     İzahı. Başqalarının bizə münasibətinin necə olmasını istəyiriksə, biz də onlara o cür yanaşmalıyıq.

  •   Streslə mübarizəyə dair məsləhətlər. «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək» (Mətta 6:34).

     İzahı. Gələcəyə görə həddən artıq narahat olmaqdansa, diqqətimizi yaşadığımız günə cəmləmək daha yaxşıdır.

  •   Ailə səadətinə nail olmağa kömək edən məsləhətlər. «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:33).

     İzahı. Sevgi və hörmət ailə xoşbəxtliyi üçün çox vacibdir.

 Müqəddəs Kitab təhrif olunub?

 Xeyr. Alimlər qədim Müqəddəs Kitab əlyazmalarını müasir Müqəddəs Kitabla diqqətlə müqayisə etmişlər və onun mətninin demək olar ki, dəyişmədiyini müəyyən etmişlər. Əslində, bu məntiqlidir, çünki Allah istəyir ki, insanlar Ondan gələn xəbəri oxusunlar və başa düşsünlər. Ona görə O, Müqəddəs Kitabın təhrif olunmasına yol verməzdi d (Əşiya 40:8).

 Nəyə görə Müqəddəs Kitabın bu qədər tərcüməsi var?

 Müasir oxucular Müqəddəs Kitabın yazıldığı qədim dilləri bilmir. Amma Müqəddəs Kitabda «hər xalqa, tayfaya, dilə və ümmətə» çatdırılmalı olan «əbədi müjdə» var (Vəhy 14:6). Bu səbəbdən Allahın çatdırdığı xəbəri oxuyub düzgün başa düşmələri üçün onlara Müqəddəs Kitabın doğma dillərinə tərcüməsi lazımdır.

 Müqəddəs Kitabın üç növ tərcüməsi var:

  •   Sözbəsöz tərcümə. Mətn hərfi mənada verilir.

  •   Fikrin tərcümə edildiyi tərcümə. Orijinal mətnin mənası verilir.

  •   Sərbəst tərcümə. Tərcüməçilər mətnin oxucular üçün xoş səslənməsinə çalışırlar. Lakin bu tərcümələrdə mətnin mənası bəzən təhrif olunur.

 Yaxşı Müqəddəs Kitab tərcüməsində mətn mümkün qədər hərfi mənada tərcümə olunur, amma müasir dildən istifadə edilir ki, insanlar Allahın onlara çatdırmaq istədiyi məlumatı dəqiq başa düşsün e.

 Müqəddəs Kitaba nəyin daxil ediləcəyinə kim qərar verib?

 Onun Müəllifi olan Allah. Vaxtilə O, müqəddəs sözlərini qədim İsrail xalqına əmanət etmiş və onları qorumağı tapşırmışdı (Romalılara 3:2).

 Müqəddəs Kitabın hansısa bölmələri itirilib?

 Xeyr. Müqəddəs Kitabın bütün bölmələri yerindədir və heç bir hissəsi itirilməyib. Bəziləri iddia edir ki, onun müəyyən bölmələri uzun müddət gizli saxlanılıb və Müqəddəs Kitaba daxil edilməlidir f. Lakin Müqəddəs Kitabın hansı bölmənin doğru olub-olmadığına dair öz meyarı var (2 Timutiyə 1:13). Belə ki, Allahın ilhamı ilə yazılmış bütün bölmələr arasında tam uyğunluq var. Lakin insanların Müqəddəs Kitabın bölməsi olduğunu iddia etdikləri həmin qədim əlyazmalar haqda bunu demək olmaz g.

 Müqəddəs Kitabda ayəni necə tapmaq olar?

  Müqəddəs Kitab bölmələrinin siyahısı

a Müqəddəs Kitabın bölmələrinin tam siyahısı, kimlər tərəfindən, nə zaman və harada yazıldığı haqda məlum üçün «Kitablar haqqında məlumat cədvəli»nə baxın.

b Müqəddəs Kitabın bəzi parçaları ibrani dilinə yaxın olan arami dilində yazılıb.

c Bir çox Müqəddəs Kitab oxucuları birinin köhnəldiyi üçün digəri ilə əvəz olunduğu fikrini verən «Əhdi-Ətiq» və «Əhdi-Cədid» əvəzinə, «İbrani yazıları» və «Yunan yazıları» ifadələrini işlətməyə üstünlük verirlər.

d «Müqəddəs Kitab təhrif olunub?» adlı məqaləyə baxın.

e Çoxu «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni oxumağı sevir. Əlavə məlumat üçün «“Yeni Dünya Tərcüməsi” dəqiqdirmi?» məqaləsinə baxın.

f Bu yazılara «apokrif» deyilir. «Britaniya ensiklopediyası»na əsasən, «Müqəddəs Kitab ədəbiyyatında [bu söz] müqəddəs yazıların qəbul edilmiş kanonuna, yəni Müqəddəs Kitaba daxil edilmiş mötəbər kitablar siyahısına daxil olmayan kitablara aid edilir».

g Ətraflı məlumat üçün «Apokrif müjdələr gizli saxlanılan həqiqətlərdir?» adlı məqaləyə baxın.