Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitabın tərcümələri

Müqəddəs Kitabın tərcümələri

Nəyə görə bu gün Müqəddəs Kitabın bir-birindən fərqlənən bu qədər çox tərcüməsi var? Bəs bu tərcümələr onu başa düşməyimizə kömək edir, yoxsa daha da çətinləşdirir? Kitabın kim tərəfindən və hansı məqsədlə tərcümə olunduğu haqda məlumat almaq ona düzgün dəyər verməyimizə kömək edəcək.

Müqəddəs Kitabın ilk əlyazmaları hansı dildə və kim tərəfindən yazılıb?

MÜQƏDDƏS KİTABIN İLK ƏLYAZMALARI

Müqəddəs Kitab iki hissədən ibarətdir. İlk hissəyə «Allahın müqəddəs sözləri»nin yazıldığı 39 kitab daxildir (Romalılara 3:2). Bu hissə Allahın ilhamı ilə haradasa 1100 il (b. e. ə. 1513 — b. e. ə. 443-cü ildən sonrakı illər) ərzində sadiq bəndələr tərəfindən qələmə alınmışdır. Bu hissə, əsasən, ibrani dilində yazıldığı üçün «İbranicə Müqəddəs Yazılar» adlanır, həmçinin Əhdi-Ətiq, yaxud Tövrat kimi tanınır.

İkinci hissə Allahın sözünün yer aldığı 27 kitabdan ibarətdir (1 Salonikililərə 2:13). Bu hissəni İsa Məsihin sadiq şagirdləri Allahdan ilham alaraq 60 il (təx. b. e. 41 — b. e. 98-ci illər) ərzində qələmə almışlar. Müqəddəs Kitabın bu hissəsi, əsasən, yunan dilində yazıldığı üçün «Yunanca Müqəddəs Yazılar» adlanır, həmçinin Əhdi-Cədid, yaxud İncil kimi tanınır.

Bütövlükdə 66 kitabdan ibarət olan Müqəddəs Kitab Allahın bəşəriyyətə ünvanladığı namədir. Bəs bu kitabın müxtəlif dillərə tərcümə olunmasına nə ehtiyac var idi? Bunun üç səbəbini nəzərdən keçirək.

  • Müqəddəs Kitabı insanlara öz doğma dilində çatdırmaq.

  • Müqəddəs Kitabın köçürülməsi zamanı yol verilən səhvləri aradan qaldırmaq.

  • Arxaikləşmiş dili yeniləmək.

Gəlin bu amillərin ilk iki tərcümədə necə nəzərə alındığına baxaq.

SEPTUAGİNTA

İsa Məsihin dünyaya gəlməsindən 300 il öncə yəhudi alimləri Tövratı yunan dilinə tərcümə etməyə başlayırlar. Sonralar bu tərcümə Septuaginta adlanır. Bəs bu tərcüməyə nə ehtiyac var idi? Artıq yunan dilində danışan yəhudilərin Müqəddəs Yazılara bağlı qala bilməsi bundan asılı idi (2 Timutiyə 3:15).

Həmçinin Septuaginta sayəsində milyonlarla qeyri-yəhudinin, yunan dilində danışan insanların Müqəddəs Kitab həqiqətlərini öyrənmək imkanı yaranmışdı. Professor V. F. Houard deyir: «Bu, xristian missionerlərinin sayəsində mümkün oldu. Onlar birinci əsrin ortalarından etibarən sinaqoqları gəzərək Septuaginta əsasında İsanın Məsih olduğuna dəlillər gətirirdilər» (Həvarilərin işləri 17:3, 4; 20:20). Müqəddəs Kitab alimi F. F. Bryusun sözlərinə görə, çoxlu sayda yəhudinin «Septuagintaya marağını itirməsinin» səbəblərindən biri missionerlərin onu özününküləşdirməsi idi.

İncilə daxil olan kitablar qələmə alındıqca İsa Məsihin davamçıları onları Tövratın tərcüməsi olan Septuaginta ilə birləşdirərək bu gün əlimizdə olan bütöv Müqəddəs Kitabı ərsəyə gətirmişlər.

LATIN VULQATASI

Müqəddəs Kitabın tamamlanmasından təxminən 300 il sonra din alimi Yeronim Müqəddəs Kitabı latın dilinə tərcümə edir və həmin tərcümə Latın Vulqatası adlanır. Latın dilində müxtəlif tərcümələr olduğu halda, yeni bir tərcüməyə nə gərək var idi? «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»nda qeyd olunur ki, Yeronim «səhv tərcümə olunan hissələri, açıq-aşkar nöqsanları, mətnə yersiz əlavə olunan, yaxud mətndən çıxarılan hissələri» düzəltmək istəyirdi («The International Standard Bible Encyclopedia»).

Yeronim kitabdakı səhvlərin çoxunu düzəldə bilmişdi. Lakin həmin vaxt kilsə xadimləri ən böyük səhvə yol verirlər! Onlar Latın Vulqatasını Müqəddəs Kitabın yeganə tərcüməsi olaraq tanıyır və bu, əsrlər boyu belə davam edir. Vulqata insanların Müqəddəs Kitabı anlamalarına kömək etmək əvəzinə, anlaşılmaz bir kitaba çevrilir. Çünki getdikcə əksər insanlar latın dilini başa düşmürdülər.

TƏRCÜMƏLƏRİN SAYI ARTIR

Həmin vaxt ərzində insanlar Müqəddəs Kitabı başqa dillərə tərcümə etməyə davam edirdilər. Bu tərcümələrdən biri eramızın təxminən V əsrinə aid olan Suriya Peşittasıdır. Lakin yalnız XIV əsrdə sadə insanların Müqəddəs Kitabı öz doğma dilində oxuya bilməsi üçün yeni təkan verildi.

XIV əsrin sonlarında İngiltərədə Con Uiklif adlı alim Müqəddəs Kitabı insanların başa düşdüyü bir dilə, ingilis dilinə tərcümə edərək ölü dillərin əsarətindən çıxarır. Çox keçmədən İohann Qutenberqin ixtira etdiyi çap üsulu alimlərə Müqəddəs Kitabı bir çox dildə bütün Avropaya yaymaq imkanı yaradır.

İngilis dilində tərcümələrin artması tənqidçilərin etirazına səbəb oldu. Onlar düşünürdülər ki, eyni dildə bu qədər tərcüməyə ehtiyac yoxdur. XVIII əsrdə yaşamış Con Lyuis adlı din xadimi yazır: «Dil zamanla köhnəlir və anlaşılmaz olur. Bu səbəbdən Müqəddəs Yazıların köhnə tərcümələrinin yenilənməsi, işlək və başa düşülən tərcümə ilə əvəz olunması zəruridir».

Bu gün Müqəddəs Kitab alimlərinin imkanları daha genişdir. İndi onlar Kəlamın yazıldığı qədim dilləri daha aydın başa düşürlər. Həmçinin əllərində son zamanlarda aşkarlanmış qədimi əlyazmalar kifayət qədərdir. Bunun sayəsində onlar Müqəddəs Kitabın orijinal mətnini daha dəqiqliklə bərpa edə bilirlər.

Bu səbəbdən Müqəddəs Kitabın yeni tərcümələri olduqca dəyərlidir. Əlbəttə, bu tərcümələrin hamısını etibarlı hesab etmək olmaz. Allahı razı salmaq məqsədi ilə olunan tərcümələr isə sözün əsl mənasında qiymətli xəzinədir!