Timutiyə ikinci məktub 3:1—17

  • Son dərəcə çətin bir vaxt (1—7)

  • Bulusun nümunəsini izləmək (8—13)

  • Öyrəndiyin şeylərə bağlı qal (14—17)

    • Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır (16)

3  Bunu bil ki, axırzamanda+ son dərəcə çətin bir vaxt gələcək. 2  Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan*, valideynlərinə itaət etməyən, nankor, vəfasız, 3  doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, 4  xain, tərs, təkəbbürlü olacaqlar, Allahı yox, eyş-işrəti sevəcəklər. 5  Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər.+ Belələrindən uzaq gəz. 6  Belə adamların arasından hiylə ilə evlərə girib zəif iradəli, günaha qərq olmuş, nəfsinin qulu olan, 7  daima öyrənən, amma həqiqəti heç cür dərk edə bilməyən qadınları əsir alan adamlar çıxırlar. 8  Yannis və Yambris Musaya qarşı çıxdıqları kimi, bu adamlar da həqiqətə qarşı çıxırlar. Onların əqli tamamilə pozğunlaşıb. Onlar iman yolunda yeriməyə yararlı deyillər. 9  Onlar bundan artıq irəliləyə bilməyəcəklər, çünki o iki nəfərin ağılsızlığı əvvəl-axır üzə çıxdığı kimi, bunların da ağılsızlığı hamıya bəlli olacaq.+ 10  Sən isə mənim təlimimi, həyat yolumu,+ amalımı, imanımı, səbrimi, məhəbbətimi, dözümümü izləyirsən. 11  Antakyada+, Konyada+ və Listrada+ necə təqiblərlə qarşılaşdığımı, əzab çəkdiyimi bilirsən. Bəli, mən bu əzablara qatlaşdım və Ağa* bütün bunlardan məni qurtardı.+ 12  Əslində, Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq.+ 13  Pis adamlar və fırıldaqçılar isə aldadıb aldanaraq get-gedə daha betər işlər görəcəklər.+ 14  Sən isə öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal,+ axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən. 15  Bundan başqa, sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları körpəlikdən+ bilirsən.+ Bu hikmət Məsih İsaya gətirdiyin iman vasitəsilə səni xilasa çatdıracaq.+ 16  Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır*+ və təlim,+ tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır.+ 17  Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər.

Haşiyələr

Yaxud söyüşkən.
Yaxud Rəbb.
Yaxud Allahın ruhunun ilhamı ilə yazılmışdır.