Kontentə keç

Mündəricatı göstər

DƏRS 09

Dua edərək Allaha yaxınlaşın

Dua edərək Allaha yaxınlaşın

Həyat yolunda addımlamaq üçün məsləhətə ehtiyacınız var? Problemlərinizi həll etmək üçün kömək axtarırsınız? Təsəlliyə, dəstəyə ehtiyacınız var? Yehova Allaha yaxın olmaq istəyirsiniz? Dua sizə bütün bu məsələlərdə kömək edə bilər. Bəs necə dua etmək lazımdır? Allah bütün duaları eşidir? Duanızın Allah tərəfindən eşidilməsi üçün siz nə edə bilərsiniz? Gəlin baxaq.

1. Kimə dua etməliyik və nə haqda dua edə bilərik?

Nuh, İbrahim, Musa və Davud peyğəmbər Yehova Allaha dua edirdilər. Məsələn, Davud peyğəmbər duasında demişdi: «Ey Yehova, duamı eşit» (Zəbur 143:1). Yehovaya dua edəndə Onunla münasibətlərimiz möhkəmlənir.

Biz hər mövzuda dua edə bilərik. Bir şərtlə ki, diləyimiz Allahın iradəsinə uyğun olsun. Onda Allah duamıza cavab verəcək. Müqəddəs Kitabda deyilir: «Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəhya 5:14). Hansı mövzularda dua edə bilərik? İsa peyğəmbər bununla bağlı bizə nümunə vermişdi. (Mətta 6:9—13 ayələrini oxuyun.) Qayğılarımız barədə dua etməklə yanaşı, Allaha bizim üçün etdiyi şeylərə görə şükür etməyi və başqaları üçün dua etməyi də yaddan çıxarmamalıyıq.

2. Necə dua etməliyik?

Müqəddəs Kitabda deyilir: «Ürəyinizi Ona [Allaha] açın» (Zəbur 62:8). Odur ki, dualarımız səmimi olmalı, ürəkdən gəlməlidir. Biz istənilən vaxt, istənilən yerdə həm ucadan, həm də ürəyimizdə dua edə bilərik. Bəs dua zamanı xüsusi duruş tərzi tələb olunur? Yehova bizdən dua edərkən diz çökməyi, oturmağı, yaxud ayaq üstə durmağı tələb etmir. Əsas odur ki, duruşumuz hörmətcil tərzdə olsun.

3. Allah dualarımıza necə cavab verir?

Allah dualarımıza müxtəlif üsullarla cavab verir. O bizə Öz Kəlamını verib və çox vaxt suallarımıza oradan cavab tapırıq. Zəbur 19:7 ayəsinə əsasən, Allahın Kəlamı «naşı adamı müdrik edir». (Yaqub 1:5 ayəsini oxuyun.) Çətinliklərlə üzləşəndə O bizə qəlb rahatlığı verir. Yaxud Ona ibadət edən kəslər vasitəsilə dar gündə köməyimizə çatır.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Allaha məqbul şəkildə necə dua edə bilərsiniz və dua etməyin hansı faydaları var.

4. Allahın dua ilə bağlı tələbləri

Allahın dualarımızı qəbul edib-etməməsi nədən asılıdır? VİDEOYA baxın.

Yehova istəyir ki, biz Ona dua edək. Zəbur 65:2 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Sizcə, «duaları eşidən» Allah sizin Ona dua etməyinizi istəyir? Nəyə görə belə düşünürsünüz?

Allahın dualarımızı qəbul etməsini istəyiriksə, Onun buyruqlarına əməl etməliyik. Mikə 3:4 1 Butrus 3:12 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Allahın dualarımızı eşitməsi üçün nə etməliyik?

Müharibə zamanı hər iki tərəf qalib gəlmək üçün dua edir. Sizcə, Allahın hər iki tərəfin duasına cavab verəcəyini gözləmək məntiqlidir?

5. Dualarımız ürəkdən gəlməlidir

Bəzi insanlar hansısa duanı əzbərləyib, təkrar-təkrar söyləyirlər. Yaxud başa düşmədikləri dildə dua edirlər. Bəs Allah bizdən bu cür dua etməyi istəyir? Mətta 6:7 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Duada «eyni sözləri təkrar-təkrar» deməkdən necə qaçına bilərsiniz?

Hər gün həyatınızdakı hansısa yaxşı bir şey barədə düşünüb, duada Yehovaya şükür edin. Bir həftə ərzində hər gün belə etsəniz, təkrara yol vermədən yeddi fərqli mövzuda dua edə bilərsiniz.

Qayğıkeş ata istəyir ki, övladı ona ürəyini açıb boşaltsın. Eynilə, Yehova da istəyir ki, Ona sidqi-ürəkdən dua edək

6. Dua Allahdan ənamdır

Dua xüsusilə də həyatımızın çətin anlarında bizə necə güc verə bilər? VİDEOYA baxın.

Müqəddəs Kitabda deyilir ki, dua bizə qəlb rahatlığı verə bilər. Filippililərə 4:6, 7 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Dua problemlərimizi həmişə həll etməsə də, bizə necə kömək edə bilər?

  • Nələr barədə dua etmək istəyərdiniz?

Bilirsiniz?

«Amin» sözünün mənası «qoy belə olsun», «mütləq» deməkdir. Ta qədimdən duanın sonunda «amin» sözü deyilir (1 Salnamələr 16:36).

7. Duaya vaxt ayırın

Bəzən başımız o qədər qarışıq ola bilər ki, dua etmək yadımızdan çıxar. İsa peyğəmbər üçün dua etmək nə dərəcədə önəmli idi? Mətta 14:23 Mark 1:35 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • İsa peyğəmbər dua etməyə necə vaxt tapırdı?

  • Siz nə vaxt dua edə bilərsiniz?

BƏZİ İNSANLAR DEYİR: «Allahın bizi eşitməsi üçün xüsusi dildə dua etməliyik».

  • Siz nə deyərdiniz?

İCMAL

Səmimi-qəlbdən etdiyimiz dualar bizi Allaha yaxınlaşdırır, bizə qəlb rahatlığı verir və Onun buyurduğu yolla getmək üçün güc verir.

Təkrar

  • Kimə dua etməliyik?

  • Necə dua etməliyik?

  • Duanın hansı faydaları var?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Dua ilə bağlı tez-tez yaranan suallara cavab tapın.

«Dua ilə bağlı yeddi suala cavab» («Gözətçi qülləsi», 1 oktyabr 2010)

Öyrənin görün nə üçün dua etməlisiniz və dualarınızı necə yaxşılaşdıra bilərsiniz.

«Nə üçün dua etməliyəm?» (internet məqaləsi)

Müqəddəs Kitaba əsasən, kimə dua etməliyik?

«Müqəddəslərə dua etmək caizdirmi?» (internet məqaləsi)

Duanı harada və nə vaxt etməyimizin fərqi var?

«Hər vaxt dua et» (1:22)