Kontentə keç

Mündəricatı göstər

Qiyamət günü saatının proqnozları yerinə yetməyəcək, çünki Yaradan bəşəriyyət və Yer kürəsi ilə bağlı gözəl gələcək vəd edir

ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYA HARA GEDİR?

Müqəddəs Kitabda nə deyilir?

Müqəddəs Kitabda nə deyilir?

DÜNYANIN vəziyyətinin belə acınacaqlı olacağı Müqəddəs Kitabda əsrlər öncə qələmə alınıb. Ən əsası isə orada vəd olunur ki, bəşəriyyəti parlaq gələcək gözləyir. Müqəddəs Kitabda deyilənlərə dırnaqarası yanaşmamalıyıq, çünki orada yazılmış peyğəmbərliklərin demək olar ki, hamısı ən xırda təfsilatına qədər yerinə yetib.

Misal üçün, Müqəddəs Kitabın növbəti peyğəmbərliklərinə diqqət yetirək:

  • «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq» (Mətta 24:7).

  • «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Timutiyə 3:1—4).

Bu peyğəmbərliklərdə dünyanın get-gedə daha betər vəziyyətə, idarəolunmaz hala düşəcəyi təsvir olunub. Doğrudan da, dünya nəzarətdən — insan nəzarətindən çıxıb. Müqəddəs Kitaba əsasən, dünyanın dərdinə birdəfəlik əlac qılmaq üçün insan ağlı və gücü yetməz. Növbəti ayələr bunu aydın göstərir:

  • «Yol var ki, adama düz görünür, amma axırı ölümdür» (Məsəllər 14:12).

  • «Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9).

  • «İnsanın yolu öz əlində deyil, addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23).

Hər kəs öz bildiyi kimi davranmağa davam etsə, dünya qlobal fəlakətlə üzləşə bilər. Lakin bu, baş verməyəcək! Çünki Müqəddəs Kitabda deyilir:

  • «[Ey Allahım], Yeri möhkəm təməllər üzərində qurmusan, heç vaxt yerindən tərpənməz» (Zəbur 104:5).

  • «Bir nəsil gedir, o biri nəsil gəlir, amma Yer əbədi durur» (Vaiz 1:4).

  • «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

  • «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

Müqəddəs Kitabın bu ayələri suallarımıza aydın cavab verir. Bəşəriyyət nə ətraf mühitin çirklənməsindən, nə su və ərzaq qıtlığından, nə də epidemiyadan məhv olmayacaq. Hətta nüvə müharibəsi də dünyanı məhv edə bilməyəcək. Bəs bu əminliyimiz haradandır? Yer kürəsinin gələcəyi Yaradanın nəzarəti altındadır. Düzdür, Allah insanlara iradə azadlığı verib. Bununla belə, hər kəs öz verdiyi qərarın nəticəsini biçəcək (Qalatiyalılara 6:7). Dünya nəzarətsiz şütüyən və qəzaya doğru irəliləyən qatara bənzəmir. Allah bəşəriyyətin özünü tamamilə məhv etməməsi üçün müəyyən sərhəd və məhdudiyyətlər qoyub (Zəbur 83:18; İbranilərə 4:13).

Bundan əlavə, Allah bəşəriyyətə əmin-amanlığın bolluğunu bəxş edəcək (Zəbur 37:11). Bu məqalədə yazılanlar milyonlarla Yehovanın Şahidinin Müqəddəs Kitabdan parlaq gələcəklə bağlı öyrəndiklərinin bir zərrəsidir.

Yehovanın Şahidləri müxtəlif yaş həddinə və müxtəlif milliyyətə mənsub insanlardan ibarət ümumdünya təşkilatdır. Onlar Müqəddəs Kitaba əsasən, adı Yehova olan tək gerçək Allaha ibadət edirlər. Bu insanlar gələcəyə görə təlaşa düşmürlər, çünki Müqəddəs Kitabda yazılıb: «Göyləri yaradan, var olan Allah, Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq, onu boş yerə deyil, yaşayış üçün yaradan Yehova belə deyir: “Yehova Mənəm, başqası yoxdur”» (Əşiya 45:18).

Bu məqalədə bəşəriyyətin və Yer kürəsinin gələcəyi ilə bağlı Müqəddəs Kitabın bəzi təlimlərini araşdırdıq. Ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «İlahi müjdə» kitabçasının 5-ci dərsinə baxa bilərsiniz. Kitabçanı www.jw.org saytından onlayn oxumaq və ya yükləmək olar.

Həmçinin www.jw.org saytında «Allah Yer kürəsini nəyə görə yaradıb?» adlı videoya baxa bilərsiniz. (NƏŞRLƏR > VİDEO bölməsinə daxil olun.)