Kontentə keç

Mündəricatı göstər

Qədim ibrani hərfləri ilə yazılmış Allahın adına Müqəddəs Kitabın ilk əlyazmalarında dəfələrlə rast gəlinir

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Allahın adı

Allahın adı

Milyonlarla insan Allaha Rəbb, Külli-İxtiyar, Tanrı və ya elə Allah kimi müraciət edir. Lakin Onun şəxsi adı var. Bəs Allaha adı ilə müraciət etmək nə dərəcədə vacibdir?

Allahın adı nədir?

İNSANLAR NƏ DEYİR?

 

Xaçpərəstlərin çoxu Allahın adının İsa olduğuna inanır. Bir başqaları iddia edir ki, Allah tək olduğu üçün Ona adı ilə müraciət etmək vacib deyil. Digərləri isə Allahın adını çəkməyin düzgün olmadığını hesab edir.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Allahın adı İsa ola bilməz, çünki o, Qüdrət Sahibi deyil. Hətta İsa davamçılarına Allaha belə dua etməyi öyrədirdi: «Qoy adın müqəddəs tutulsun» (Luka 11:2). O özü də Allaha: «Öz adını ucalt», — deyə dua edirdi (Yəhya 12:28).

Müqəddəs Kitab vasitəsilə Allah bəyan edir: «Mən Yehovayam. Adım budur. Şanımı heç kəsə vermərəm» (Əşiya 42:8). Yehova adı ibrani dilində dörd hərfdən — YHVH samitlərindən ibarət olan adın Azərbaycan dilinə tərcüməsidir. Azərbaycan dilində bu ad həmçinin Yəhva kimi də məlumdur. Bu ad Tövratda təxminən 7000 dəfə işlənir *. Yehova adı Müqəddəs Kitabda adı çəkilən İbrahim, Musa və Davud kimi peyğəmbərlərin adından, hətta «Allah», «Qüdrət Sahibi», «Rəbb» kimi sifətlərdən daha çox rast gəlinir.

Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Allah adının hörmətcil şəkildə çəkilməsini qadağan edir. Əksinə, oradan aydın görmək olar ki, Allahın xidmətçiləri Onun adını çəkinmədən istifadə edirdilər. Hətta onlar övladlarına Yehova adı daxil olan adlar verirdilər. Məsələn, İlyas peyğəmbərin adı «Allahım Yehovadır», Zəkəriyyə peyğəmbərin adı «Yehova xatırladı» mənasını verir. Həmçinin onlar gündəlik söhbətlərində Allahın adını istifadə etməyə tərəddüd etmirdilər (Rut 2:4).

Allah Onun adını çəkməyimizi istəyir. O, Öz Kəlamı vasitəsilə bizi təşviq edir: «Yehovaya şükür edin, adını çağırın» (Zəbur 105:1). Hətta Allah deyir ki, «Onun adını düşünənlər haqqında» xatirə kitabı yazılır (Məlaki 3:16).

«Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18).

 Allahın adı hansı mənanı daşıyır?

Bir sıra alimlərin qənaətinə görə, Yehova adı ibranicə «olmasına səbəb olur» mənasını verir. Bu, o deməkdir ki, Yehova vədlərini həyata keçirmək üçün həm Özünün, həm də xilqətin lazım olan anda istədiyi kəs olmasına səbəb olur. Sözsüz ki, yalnız hər şeyə qadir Yaradan bu adı daşıya bilər.

BU, SİZİN ÜÇÜN HANSI MƏNANI KƏSB EDİR?

 

Allahın adını bilmək Ona olan münasibətinizə təsir edəcək. Siz Allaha daha yaxın ola biləcəksiniz. Axı adını bilmədiyiniz bir kəslə yaxın münasibət necə qura bilərsiniz? Allahın Öz adını əyan etməsi göstərir ki, O, sizin Ona yaxınlaşmağınızı istəyir (Yaqub 4:8).

Əmin ola bilərsiniz ki, vədlərini yerinə yetirən Yehova Allah həmişə Öz adına uyğun davranır. Müqəddəs Kitabda yazılıb: «Adını tanıyanlar Sənə təvəkkül edir» (Zəbur 9:10). Allahın məhəbbət, mərhəmət, şəfqət və ədalət kimi xüsusiyyətlərinin adı ilə birbaşa bağlı olduğunu biləndə Ona etibarınız daha da artacaq (Çıxış 34:5—7). Allahın Öz vədlərini yerinə yetirərkən xüsusiyyətlərinə zidd davranmadığını bilmək, həqiqətən də, böyük təsəllidir.

Sözsüz ki, Uca Yaradanın adını bilmək böyük şərəfdir. Bunun sayəsində həm indi, həm də gələcəkdə çoxlu nemətlər əldə etmək imkanınız var. Çünki Allah vəd edir: «Adımı tanıdığı üçün onu hifz edəcəyəm» (Zəbur 91:14).

«Yehovanın adını çağıran hər kəs qurtulacaq» (Yuil 2:32).

Müxtəlif dillərdə Allahın adı

^ abz. 9 Əksər Müqəddəs Kitab tərcümələrində Allahın adı böyük hərflərlə yazılan «RƏBB» sözü ilə əvəz edilmiş, başqa tərcümələrdə isə bu ad yalnız bəzi ayələrə və ya haşiyələrə daxil edilmişdir. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndə isə Allahın adı bütün mətn boyu geniş istifadə olunub.