Kontentə keç

Mündəricatı göstər

Nifrətin olmadığı bir dünya!

Nifrətin olmadığı bir dünya!

Hətta öz ürəyimizdən nifrəti silib atsaq da, başqalarının hərəkətlərini, münasibətlərini dəyişə bilmərik. Bütün dünyada günahsız insanlar nifrətə tuş gəlir. Bəs nifrətə kim birdəfəlik son qoya bilər?

Yalnız Yehova Allah nifrət zəncirini birdəfəlik qırıb ata bilər. Müqəddəs Kitabda vəd olunur ki, O, məhz belə də edəcək (Məsəllər 20:22).

ALLAH NİFRƏTİN KÖKÜNDƏ DURAN SƏBƏBLƏRİ ARADAN QALDIRACAQ

  1. 1. ŞEYTAN İBLİS. Bu gün dünyanı çulğayan nifrətə görə əsas məsuliyyəti Şeytan daşıyır. Allah həm Şeytanı, həm də şeytan xislətli insanları məhv edəcək (Zəbur 37:38; Romalılara 16:20).

  2. 2. ŞEYTANIN NİFRƏT DOLU DÜNYASI. Allah bu dünyada nifrəti alovlandıran hər şeyi, o cümlədən siyasi və dini rəhbərləri məhv edəcək. Allah həmçinin tamahkar kommersiya sisteminə, onun fırıldaqçılığına, qəsbkarlığına son qoyacaq (2 Butrus 3:13).

  3. 3. GÜNAH, QEYRİ-KAMİLLİK. Müqəddəs Kitabda deyilir ki, bütün bəşər qeyri-kamilliyi miras alıb, yəni yanlış düşüncələrə, hisslərə və günaha meyillidir (Romalılara 5:12). Başqalarına nifrət bəsləmək, bu nifrəti ifadə etmək həmin günahlı meyillərdən biridir. Allah insanlara bütün bu günahlı meyillərə qalib gəlməyə kömək edəcək. O zaman ürəklərdə nifrətin izi-tozu da qalmayacaq (Əşiya 54:13).

ALLAH NİFRƏTİN OLMADIĞI BİR DÜNYA VƏD EDİR

  1. 1. HEÇ KƏS HAQSIZLIQLA ÜZLƏŞMƏYƏCƏK. Dünyanı Allahın Padşahlığı idarə edəcək. Göydə qurulmuş bu Padşahlıq yer üzündə ədaləti əbədilik bərqərar edəcək (Dənyal 2:44). Qərəz, dözümsüzlük artıq mövcud olmayacaq. Allah insanların üzləşdiyi hər cür haqsızlığı aradan qaldıracaq (Luka 18:7).

  2. 2. HƏR KƏS ƏMİN-AMANLIQDA YAŞAYACAQ. Heç kim müharibənin gətirdiyi ağrı-acıları dadmayacaq (Zəbur 46:9). Dünyada yalnız sülhpərvər insanlar yaşayacaq, ona görə də Yer kürəsində təhlükəsizlik hökm sürəcək (Zəbur 72:7).

  3. 3. HAMI İDEAL ŞƏRAİTDƏ ƏBƏDİ YAŞAYACAQ. Yer kürəsinin bütün sakinləri bir-birinə səmimi məhəbbət göstərəcək (Mətta 22:39). Heç kim narahatlıq keçirməyəcək, hətta xoşagəlməz xatirələr belə yaddaşlardan silinəcək (Əşiya 65:17). Həmin vaxt nifrətdən uzaq olan insanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:11).

Belə bir dünyada yaşamaq istəyərdiniz? Hətta indinin özündə də çoxlu insan Müqəddəs Kitabdakı məsləhətlərə əməl edərək nifrətdən qurtulmağı öyrənir (Zəbur 37:8). Bu insanlar bütün dünyada yaşayan Yehovanın Şahidləridir. Müxtəlif xalqlardan, mədəniyyətlərdən olsalar da, onlar bir ailə kimidir, aralarında birlik və məhəbbət hökm sürür (Əşiya 2:2—4).

Yehovanın Şahidləri ədalətsizliyə dözməklə bağlı Müqəddəs Kitabdan öyrəndiklərini məmnuniyyətlə sizinlə bölüşə bilərlər. Öyrəndikləriniz sayəsində tədricən ürəyinizdən nifrəti silib, yerini məhəbbətlə doldura biləcəksiniz. Bütün insanlarla, hətta sizə ədavət bəsləyən, naşükür kəslərlə mehriban davranacaqsınız. Bunun sayəsində artıq indidən həyatdan sevinc duyacaqsınız və insanlarla münasibətiniz yaxşılaşacaq. Bundan savayı, öyrənəcəksiniz ki, nifrətin olmadığı bir dünyada, Allahın Padşahlığının hakimiyyəti altında yaşamaq üçün nə etməlisiniz (Zəbur 37:29).