Romalılara 5:1—21

  • Məsih vasitəsilə Allahla barışırıq (1—11)

  • Ölüm Adəm vasitəsilə, həyat Məsih vasitəsilə gəldi (12—21)

    • Günah və ölüm hamıya keçdi (12)

    • Bir saleh əməlin nəticəsi (18)

5  Belə isə, imana görə+ saleh sayıldığımız üçün gəlin Ağamız İsa Məsih vasitəsilə Allahla aramızdakı sülhü qoruyaq*.+ 2  Aldığımız bu lütfə də onun vasitəsilə və imanımız sayəsində yol açıldı. Ümid edirik ki, Allah bizi şərəfə çatdıracaq.+ Buna görə də gəlin sevinək*! 3  Həmçinin əziyyətlərlə üzləşəndə də sevinməliyik*,+ axı biz bilirik ki, əziyyətlər dözümlü olmağı öyrədir,+ 4  dözüm Allahın razılığını qazandırır,+ Allahın razılığından ümid doğur.+ 5  Ümid isə məyusluq gətirməz,+ çünki bizə verilmiş müqəddəs ruh+ vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur. 6  Biz hələ zəif olarkən Məsih təyin olunmuş vaxtda günahlı adamlar uğrunda öldü.+ 7  Saleh adam uğrunda çətin ki, kimsə ölə, amma yaxşı adam uğrunda, ola bilsin, kimsə canından keçər. 8  Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü.+ 9  Beləcə, onun qanı ilə saleh sayıldığımız+ üçün əmin ola bilərik ki, onun vasitəsilə Allahın qəzəbindən qurtulacağıq.+ 10  Əgər hələ düşmən ikən biz Allahın Oğlunun ölümü vasitəsilə Allahla barışmışıqsa,+ əmin ola bilərik ki, indi barışandan sonra onun həyatı vasitəsilə xilas olacağıq. 11  Üstəlik, bizi barışdıran Ağamız İsa Məsih sayəsində Allaha yaxınlaşdığımıza görə sevinirik.+ 12  Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi.+ Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib.+ 13  Axı günah Qanun verilməzdən əvvəl artıq dünyada idi. Amma qanun olmayan yerdə heç kəs günaha görə ittiham olunmur.+ 14  Buna baxmayaraq, ölüm Adəmdən Musaya qədər, Adəm kimi günah işləməmiş adamların üzərində də hökmranlıq edirdi. Adəmlə gəlişi vəd edilmiş şəxs arasında oxşarlıq var.+ 15  Ancaq ənamın nəticəsi günahın nəticəsindən tam fərqlidir. Əgər bir nəfərin günahı ucbatından çoxlu adam öldüsə, Allahın lütfü və ənamı sayəsində (bu ənam lütflə birlikdə tək bir insan+ — İsa Məsih vasitəsilə verildi) çoxları misilsiz fayda qazandı.+ 16  Ənamın xeyri həmin o bir nəfərin törətdiyi günahın nəticəsindən fərqlənir.+ Çünki o bir günaha görə çıxarılan hökm insanları məhkum etdi.+ Çoxlu günahdan sonra verilən ənama görə isə insanlar saleh sayıldı.+ 17  Əgər bir nəfərin günahı ucbatından və onun vasitəsilə ölüm hökmranlıq edirsə,+ əmin ola bilərik ki, bol lütf və salehlik ənamı alanlar+ da tək bir şəxs — İsa Məsih vasitəsilə+ yaşayıb padşahlıq edəcəklər.+ 18  Beləliklə, necə ki bir günahın ucbatından hər cür insan məhkum olunur,+ eləcə də bir saleh əməlin nəticəsində hər cür insan+ yaşamaq üçün saleh sayılır.+ 19  Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi,+ bir şəxsin itaəti də çoxlu insanı saleh edəcək.+ 20  Qanun isə günahların çoxluğunu göstərmək üçün gəlmişdi.+ Lakin günah çoxaldıqca Allahın lütfü də aşıb-daşırdı. 21  Nə üçün? Onun üçün ki, günahla ölüm bəşəriyyət üzərində hökmranlıq etdiyi kimi,+ lütf də Ağamız İsa Məsih sayəsində əbədi həyata+ aparan salehlik vasitəsilə hökm sürsün.

Haşiyələr

Digər variant: aramızda sülh var.
Digər variant: buna görə də sevinirik.
Digər variant: sevinirik.