İsa evli idi? İsanın doğma bacı-qardaşı var idi?

İsa evli idi? İsanın doğma bacı-qardaşı var idi?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitabda İsanın ailə vəziyyəti bağlı konkret hansısa ifadə işlənilməsə də, aydın şəkildə göstərilir ki, İsa evli olmayıb a. Gəlin aşağıda yazılanlara diqqət yetirək.

  1.   Müqəddəs Kitabda dəfələrlə İsanın ailəsindən, eləcə də xidməti zamanı onu müşayiət edən qadınlardan və işgəncə dirəyində edam olunduğu vaxt yanında olanlardan danışılsa da, onun arvadının olduğu heç bir yerdə deyilmir (Mətta 12:46, 47; Mark 3:31, 32; 15:40; Luka 8:2, 3, 19, 20; Yəhya 19:25). Müqəddəs Kitabda bu məsələ ilə bağlı heç nə deyilməməsinin ən ağlabatan səbəblərindən biri onun heç vaxt evli olmamasıdır.

  2.   Evli olmayanların Allaha xidmətdə daha çox şey edə biləcəklərini nəzərdə tutaraq İsa şagirdlərinə demişdi: «Bu cür [evlənmədən] yaşamağı bacaran qoy bu cür yaşasın» (Mətta 19:10—12). O evlənməyib, özlərini tamamilə Allaha həsr etmək istəyənlər üçün gözəl nümunə qoymuşdu (Yəhya 13:15; 1 Korinflilərə 7:32—38).

  3.   İsa ölümün ayağında olarkən anasının qeydinə qalınması üçün tədbir görmüşdü (Yəhya 19:25—27). İsanın arvad-uşağı olsaydı, təbii ki, onların da qeydinə qalınması üçün bir tədbir görərdi.

  4.   Müqəddəs Kitabda İsa peyğəmbər ərlərə nümunə kimi göstərilir, ancaq bu nümunədə onun arvadı olduğundan, onunla necə rəftar etməsindən danışılmır. Əksinə, orada deyilir: «Ərlər, arvadlarınızı həmişə sevin, necə ki Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi» (Efeslilərə 5:25). Əgər İsa yer üzündə yaşayarkən evli olsaydı, bu ayədə onun, həqiqətən də, kamil bir ər kimi qoyduğu nümunənin gətirilməsi daha yaxşı olmazdımı?

İsanın bacısı və qardaşı var idi?

 Bəli, İsanın, ən azı, altı bacı-qardaşı vardı. Qardaşları Yaqub, Yusif, Şimon və Yəhuda, eləcə də, ən azı, iki bacısı vardı (Mətta 13:54—56; Mark 6:3). İsanın bu bacı-qardaşları anası Məryəmin əri Yusifdən olan övladları idi (Mətta 1:25). Müqəddəs Kitabda İsa Məryəmin «ilki» adlanır, deməli, onun başqa uşaqları da vardı (Luka 2:7).

İsanın qardaşları haqda yanlış təsəvvürlər

 Məryəmin bütün ömrü boyu bakirə qaldığını sübut etmək üçün bəziləri qardaşlar sözünə müxtəlif izahatlar gətirirlər. Məsələn, bəziləri düşünür ki, əslində, İsanın qardaşları Yusifin əvvəlki nikahındandır. Amma Müqəddəs Kitab göstərir ki, İsa Davuda vəd edilmiş taxtın qanuni varisidir (2 İşmuil 7:12, 13; Luka 1:32). Əgər Yusifin İsadan böyük oğulları vardısa, onda onlardan ən böyüyü Yusifin qanuni varisi olmalı idi.

 Bəs qardaşlar sözünü İsanın şagirdlərinə və ya ruhani qardaşlarına aid etmək olarmı? Bu fikir Müqəddəs Yazılara ziddir, çünki Müqəddəs Kitabda deyilir ki, bir vaxtlar «əslində, İsanın qardaşları ona inanmırdılar» (Yəhya 7:5). Müqəddəs Kitab İsanın qardaşları və şagirdləri arasında fərq qoyur (Yəhya 2:12).

 Digər bir fikir də irəli sürülür ki, İsanın qardaşları, əslində, onun yaxın qohumlarıdır (əmiuşaqları, dayıuşaqları, bibiuşaqları, xalauşaqları). Amma «Yunanca Müqəddəs Yazılar»da «qardaş», «qohum», eləcə də «əmioğlu», «dayıoğlu» kimi ifadələr üçün fərqli-fərqli sözlər istifadə olunur (Luka 21:16; Koloslulara 4:10). Müqəddəs Kitab alimlərinin çoxu təsdiqləyir ki, İsanın bacı-qardaşları onun doğma bacı-qardaşları idi. Məsələn, bir mənbədə deyilir: «“Qardaşlar” sözünün Məryəmlə Yusifin oğulları, İsanın anabir qardaşları aid olması fikri daha ağlabatandır». b

a Müqəddəs Kitabda Məsihə bəy deyə müraciət olunur. Lakin kontekstdən aydın olur ki, bu istinadlar məcazi məna daşıyır (Yəhya 3:28, 29; 2 Korinflilərə 11:2).

b Həmçinin baxın: Vinsent Teyler, «The Gospel According to St. Mark», ikinci buraxılış, səhifə 249, eləcə də Con Mayer, «A Marginal Jew — Rethinking the Historical Jesus», cild 1, səhifə 331, 332.