Markın yazdığı müjdə 15:1—47
15 Sübh tezdən bütün Sinedrion: böyük kahinlər, ağsaqqallar və mirzələr məşvərət keçirdi. Onlar İsanın əl-qolunu bağladılar və aparıb Pilata təhvil verdilər.+
2 Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?»+ İsa ona cavab verdi: «Dediyin kimidir».+
3 Böyük kahinlər İsanı çoxlu şeydə ittiham edirdilər.
4 Pilat yenidən soruşdu: «Niyə cavab vermirsən?+ Gör sənə qarşı nə qədər ittiham irəli sürülür!»+
5 Amma İsa daha cavab vermədi. Pilat buna bərk təəccübləndi.+
6 Pilat adətən hər Pasxa bayramında xalqın istədiyi bir məhbusu azadlığa buraxırdı.+
7 O günlərdə həbsdə üsyan zamanı qətl törətmiş üsyankarlar saxlanılırdı. Barabba adında bir adam da onların arasında idi.
8 Camaat toplaşıb Pilatdan həmişəki kimi bir məhbusu azadlığa buraxmağı xahiş etdi.
9 Pilat onlara dedi: «İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?»+
10 O bilirdi ki, böyük kahinlər İsanı paxıllıqdan ələ veriblər.+
11 Amma böyük kahinlər camaatı qızışdırdılar ki, İsanın yerinə Barabbanın azad olmasını istəsinlər.+
12 Pilat onlara bir də dedi: «Bəs yəhudilərin padşahı dediyiniz bu adamla nə edim?»+
13 Camaat təkrarən qışqırdı: «Onu dirəkdə edam et!»+
14 Pilat onlardan soruşdu: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəkdə edam et!»+
15 Onda Pilat camaatı razı salmaq üçün Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürəndən sonra+ dirəkdə edam etmək üçün əsgərlərə təhvil verdi.+
16 Əsgərlər İsanı vali sarayının həyətinə apardılar. Bütün alay oraya gəldi.+
17 Onlar İsanın əyninə bənövşəyi libas geyindirdilər, tikandan çələng hörüb başına qoydular.
18 Onlar deyirdilər: «Salam, ey yəhudilərin padşahı!»+
19 Qamış çubuqla onun başına vurur, üzünə tüpürür, qarşısında diz çöküb təzim edirdilər.
20 Onu lağa qoyub qurtarandan sonra əynindəki bənövşəyi libası çıxardıb üst paltarını geyindirdilər və dirəyə mıxlamağa apardılar.+
21 Əsgərlər kənddən qayıdan bir yolçunu, Aleksandr ilə Rufusun atası kirenalı Şimonu tutub, İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər.+
22 İsanı Qolqota (mənası «kəllə» deməkdir) deyilən yerə gətirdilər.+
23 Burada ona içinə məstedici mürr qatılmış şərab vermək istədilər,+ amma o içmədi.
24 İsanı dirəyə mıxladılar, sonra püşk atıb paltarlarını öz aralarında bölüşdürdülər.+
25 Onu səhər saat doqquz radələrində* dirəyə mıxladılar.
26 İsanın başı üstündə bir lövhə vurdular. Lövhədə ona qarşı irəli sürülmüş ittiham yazılmışdı: «Yəhudilərin padşahı».+
27 Onun yanında dirəyə iki quldur mıxladılar, birini sağında, birini solunda.+
28 *——
29 Oradan keçənlər İsanı təhqir edir, başlarını bulayıb+ deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax!+
30 Ay-hay! Sən hələ özünü xilas et, işgəncə dirəyindən düş».
31 Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyur və deyirdilər: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir!+
32 Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq».+ Hətta onun yanında dirəyə mıxlanmış adamlar da onu təhqir edirdilər.+
33 Günorta saat on iki radələrində* bütün o əraziyə qaranlıq çökdü və təxminən saat üçə kimi* davam etdi.+
34 Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?» — dedi, bu da «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir.+
35 Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «Baxın, İlyası çağırır».
36 Bu zaman bir nəfər qaçıb süngəri turş şəraba batırdı, sonra onu bir qamışın ucuna taxıb ona uzatdı ki, içsin.+ O dedi: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək».
37 İsa ucadan qışqırıb son nəfəsini verdi.+
38 Bu zaman məbədin pərdəsi*+ yuxarıdan aşağıya cırılıb iki yerə bölündü.+
39 Yaxınlıqda duran bir yüzbaşı baş verənləri və onun öldüyünü görəndə dedi: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş».+
40 Orada qadınlar da var idi, onlar baş verənləri uzaqdan müşahidə edirdilər. Məcdəlli Məryəm, kiçik Yaqubla Yusifin anası Məryəm və Səlimə də onların arasında idi.+
41 İsa Cəlilədə olanda bu qadınlar ona xidmət edir+ və onu müşayiət edirdilər. İsa ilə birlikdə Yerusəlimə gəlmiş bir çox başqa qadın da orada idi.
42 Artıq axşam düşürdü. Həmin gün Hazırlıq günü, yəni şənbə ərəfəsi olduğu üçün
43 Şuranın* hörmətli üzvü və Allahın Padşahlığını gözləyən arimataylı Yusif ora gəldi. O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi.+
44 Pilat İsanın öldüyünü eşidəndə onu maraq bürüdü və yanına bir yüzbaşı çağırıb İsanın ölüb-ölmədiyini xəbər aldı.
45 Yüzbaşı İsanın öldüyünü təsdiqləyəndən sonra Pilat cəsədi Yusifə verdi.
46 Yusif zərif kətan aldı, cəsədi dirəkdən düşürüb kətana bürüdü və qayada oyulmuş sərdabəyə qoydu.+ Sonra sərdabənin ağzına bir daş diyirlədi.+
47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm cəsədin qoyulduğu yerə baxırdılar.+
Haşiyələr
^ Hərfən: təxminən üçüncü saatda.
^ A3 əlavəsinə bax.
^ Hərfən: təxminən altıncı saatda.
^ Hərfən: təxminən doqquzuncu saata kimi.
^ Bu pərdə Müqəddəs yeri Ən müqəddəs yerdən ayırırdı.
^ Yəni Sinedrionun.