Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Yol, həqiqət və həyat mənəm» (Yəhya 14:6)

«Yol, həqiqət və həyat mənəm» (Yəhya 14:6)

 «İsa cavab verdi: “Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz”» (Yəhya 14:6, «Yeni Dünya Tərcüməsi»).

 «İsa ona dedi: “Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz”» (Yəhya 14:6, «Müqəddəs Kitab Şirkəti—2009»).

Yəhya 14:6 ayəsinin mənası

 Ataya, yəni Yehova a Allaha ibadət etmək istəyən insan İsa Məsihin vacib rolunu dərk etməlidir.

 «Yol». İsa Allaha yaxınlaşmağın yolunu göstərdiyi üçün «yol» adlanır. Məsələn, Allaha dua edənlər İsanın adı ilə dua etməlidirlər (Yəhya 16:23, 24). İsanın ölümü insanlara Allahla barışmaq, yəni Onun rəğbətini qazanmaq imkanı verib (Romalılara 5:8—11). İsa həmçinin Allahı razı salmaq istəyənlərin necə davranmalı olduğunu göstərdi (Yəhya 13:15).

 «Həqiqət». İsa həmişə Allahdan gələn həqiqəti deyirdi, o özü də bu həqiqətə uyğun yaşayırdı (1 Butrus 2:22). İsanı dinləyən hər kəs Allah haqqında həqiqəti öyrənə bilərdi (Yəhya 8:31, 32). Bundan başqa, İsa Müqəddəs Kitabda qələmə alınmış peyğəmbərlikləri yerinə yetirdi və buna görə də o, «həqiqət» adlandırılır. Bununla o, Allahın vədlərini gerçəkləşdirdi (Yəhya 1:17; 2 Korinflilərə 1:19, 20; Koloslulara 2:16, 17).

 «Həyat». İsa öz həyatını qurban verdi ki, ona iman edən hər kəsin əbədi həyatı olsun (Yəhya 3:16, 36). O, ölənlər üçün də «həyat»dır, çünki gələcəkdə onları dirildəcək (Yəhya 5:28, 29; 11:25).

 «Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz». Allahla yaxşı münasibət qurmaq istəyən insanlar İsanın xüsusi rolunu qəbul etməlidirlər. Onlar İsanın adı ilə Allaha dua etməklə onun mövqeyini tanıdıqlarını göstərirlər (Yəhya 15:16). Onlar həmçinin başa düşürlər ki, xilas yalnız İsa vasitəsilə mümkündür (Həvarilərin işləri 4:12; Filippililərə 2:8—11).

Yəhya 14:6 ayəsinin konteksti

 «Yəhyanın yazdığı müjdə»nin 13—17-dək fəsillərində İsanın ölümündən bir gün əvvəl on bir sadiq həvarisinə verdiyi nəsihətlər qələmə alınıb. 14-cü fəsildə İsa şagirdlərini ona və Atasına iman etməyə, onları sevməyə və itaət etməyə təşviq etdi (Yəhya 14:1, 12, 15—17, 21, 23, 24). İsanın sözlərindən görünür ki, onun Ata ilə yaxın münasibətləri var idi və o bu münasibətləri qoruyub saxlaya bildi (Yəhya 14:10, 20, 28, 31). İsa tezliklə göyə qayıtmalı idi, buna baxmayaraq, o, şagirdlərini əmin etdi ki, onları tək qoymayacaq (Yəhya 14:18). O onlara «köməkçi» verəcəyini vəd etdi və dedi ki, bu köməkçi Atanın onun adı ilə göndərəcəyi müqəddəs ruh olacaq (Yəhya 14:25—27). Beləcə, İsa davamçılarını qarşıdakı sınaqlara hazırladı.