OYAQ QALIN!
Nəyə görə dünya nifrətlə doludur? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Bu gün xəbər başlıqlarının əsas mövzusunu nifrətdən qaynaqlanan acı sözlər, cinayətlər, etnik münaqişələr və müharibələr təşkil edir.
«İsrail və Qəzzə arasındakı münaqişədən qaynaqlanan və ekstremistlər tərəfindən daha da qızışdırılan nifrət dolu sözlər və çıxışlar sosial mediada geniş yayılıb» («Nyu-York Tayms», 15 noyabr 2023-cü il).
«Oktyabrın 7-dən bəri dünyada nifrətdən qaynaqlanan acı sözlərin və cinayətlərin sayında kəskin artım müşahidə olunur» (Dennis Fransis, BMT Baş Assambleyasının prezidenti, 3 noyabr 2023-cü il).
Nifrət dolu sözlər, zorakılıq və müharibə yeni bir şey deyil. Müqəddəs Kitabda «acı sözlərini ox kimi hədəfə [tuşlayan]», müharibə və zorakılıq törədən keçmişdə yaşamış insanlardan danışılır (Zəbur 64:3; 120:7; 140:1). Bununla belə, Müqəddəs Kitabda deyilmişdi ki, bizim günlərdə nifrət daha da artacaq.
Nifrət — dövrümüzün əsas əlaməti
Müqəddəs Kitabda bizim günlərdə nifrətin nəyə görə artacağının iki səbəbi açıqlanır.
1. Orada əvvəlcədən yazılmışdı ki, bizim günlərdə «əksər insanlarda məhəbbət soyuyacaq» (Mətta 24:12). İnsanlar bir-biri ilə məhəbbətlə yox, nifrətlə davranacaqlar (2 Timutiyə 3:1—5).
2. Dünyanın nifrətlə dolması onun Şeytan İblisin güclü təsiri altında olduğunu göstərir. Müqəddəs Kitabda deyilir ki, «bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19; Vəhy 12:9, 12).
Bütün bunlara baxmayaraq, Müqəddəs Kitab vəd edir ki, Allah tezliklə nifrətə səbəb olan amillərin kökünü kəsəcək. Üstəlik, O, nifrətin səbəb olduğu bütün ağrı-acını aradan qaldıracaq. Müqəddəs Kitabda deyilir:
«Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).