Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 16

Məsih peyda olur

Məsih peyda olur

Yehova nəsrani İsanın çoxdan vəd edilmiş Məsih olduğunu təsdiq edir

YEHOVA insanlara vəd edilmiş Məsihi tanımağa kömək edəcəkdimi? Bəli. Allahın nə etdiyini nəzərdən keçirək. İbranicə Müqəddəs Yazıların tamamlanmasından təxminən dörd əsr keçmişdi. Cəlilənin şimal bölgəsində yerləşən Nasirə şəhərində Məryəm adlı gənc qıza qeyri-adi qonaq təşrif buyurdu. Cəbrayıl adlı mələk Məryəmə görünüb xəbər verdi ki, bakirə olmasına baxmayaraq, o, Allahın fəal qüvvəsinin, müqəddəs ruhunun vasitəsilə hamilə qalacaq və dünyaya oğlan uşağı gətirəcək. Bu oğul çoxdan vəd edilmiş Padşah, əbədi rəhbərlik edəcək şəxs olacaq! Həyatı Allah tərəfindən göydən Məryəmin bətninə köçürülən bu uşaq Allahın Oğlu olacaq.

Məryəm təvazökarlıqla bu mühüm və şərəfli tapşırığı qəbul etdi. Allah mələk göndərib dülgər Yusifi nişanlısı Məryəmin müqəddəs ruhun təsiri ilə hamilə qalmasına əmin etdikdən sonra o, Məryəmlə evləndi. Bəs onda Məsihin Beytləhmdə doğulacağı ilə bağlı deyilən peyğəmbərlik haqda nə demək olar? (Mikə 5:2). Bu kiçik şəhər Nasirədən təxminən 140 kilometr aralıda yerləşirdi!

Roma hökmdarı siyahıyaalma keçirilməsini əmr etmişdi. Hamı doğulduğu şəhərdə qeydiyyatdan keçməli idi. Yusiflə Məryəm əslən Beytləhmdən olduğundan, Yusif hamilə arvadı Məryəmi götürüb ora yollandı (Luka 2:3). Məryəm uşağı adi tövlədə dünyaya gətirdi və onu bələyib axura qoydu. Dağın döşündə gecələyən çobanlara təzə doğulmuş körpənin vəd olunmuş Məsih olduğunu xəbər vermək üçün Allah çoxlu sayda mələk göndərdi.

Sonralar başqaları da İsanın vəd olunmuş Məsih olduğunu təsdiq etdilər. Əşiya peyğəmbər qabaqcadan demişdi ki, Məsihin vacib işinə yol hazırlamaq üçün bir nəfər peyda olacaq (Əşiya 40:3). Həmin şəxs Vəftizçi Yəhya oldu. İsanı görəndə o nida etdi: «Budur, bəşəriyyətin günahını yuyan Allahın Quzusu!» Yəhyanın şagirdlərindən bəziləri dərhal İsanın ardınca getdi. Onlardan biri dedi: «Biz Məsihi tapmışıq» (Yəhya 1:29, 36, 41).

İsanın Məsih olduğuna başqa bir şahidlik də var. Yəhya İsanı vəftiz edəndə Yehova Özü göylərdən danışdı. Müqəddəs ruh vasitəsilə İsanı Məsih təyin edərək dedi: «Bu Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mətta 3:16, 17). Nəhayət ki, çoxdan vəd olunmuş Məsih peyda oldu!

Bu hadisə nə vaxt baş verdi? Eramızın 29-cu ilində Dənyalın qabaqcadan dediyi 483 il bitəndə. Bəli, bu, İsanın Məsih olduğunu göstərən danılmaz sübutun bir hissəsidir. Bəs İsa yer üzündə olanda nə haqda təbliğ edirdi?

Mətta 13-dək; Mark 1; Luka 2 və Yəhya 1-ci fəslinə əsaslanıb.