Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 3

İnsanlar Daşqından sağ çıxır

İnsanlar Daşqından sağ çıxır

Allah pis dünyanı məhv edir, lakin Nuhu və ailəsini xilas edir

İNSANLAR çoxaldıqca günah və pislik sürətlə yer üzünə yayılırdı. Həmin dövrdə yeganə peyğəmbər olan Hənuq Allahın bir gün pis insanları məhv edəcəyi haqda xəbərdarlıq edirdi. Buna baxmayaraq, pislik yenə də hökmranlıq edir, hətta artırdı. Bəzi mələklər insan cildinə girib göydəki məskənlərini tərk etməklə Yehovaya qarşı üsyan qaldırdılar və acgözlüklə özlərinə qadınlardan arvad aldılar. Onlar arasında olan qeyri-təbii əlaqə nəticəsində dünyada zorakılığın və qantökmənin artmasına səbəb olan Nefilim adlanan nəhənglər doğuldu. Yer üzündə yaratdığı varlıqların yollarını azdıqlarını görmək Allahı çox kədərləndirdi.

Hənuqun ölümündən sonra pis insanlardan fərqlənən bir adam vardı. Onun adı Nuh idi. O, ailəsi ilə birgə Allahın gözündə düz olanı etməyə çalışırdı. Pis insanları yer üzündən silmək qərarına gələn Allah Nuhu və eləcə də heyvanları xilas etmək istəyirdi. Beləliklə, O, Nuha nəhəng düzbucaqlı gəmi tikməyi tapşırdı. Nuh və ailəsi çoxlu heyvanlarla birgə onun içində gözlənilən Ümumdünya daşqınından sağ çıxa bilərdilər. Nuh Allaha qulaq asdı. Onilliklər ərzində Nuh gəmini tikməklə yanaşı, «salehlik carçısı» da oldu (2 Butrus 2:5). O, yaxınlaşmaqda olan Daşqın haqqında xəbərdarlıq etsə də, insanlar onu rədd edirdilər. Nuh və ailəsinin heyvanlarla birgə gəmiyə girməsinin vaxtı çatdı. Onlar gəmiyə girdikdən sonra Allah qapını bağladı. Yağış yağmağa başladı.

Yer üzü bütünlüklə suya qərq olanadək qırx gün-qırx gecə güclü yağış yağdı. Pislik sona çatdı. Aylar keçdikcə sular çəkilir, gəmi isə dağa yaxınlaşırdı. Nuh, ailəsi və heyvanlar gəmidən sağ-salamat çıxanadək ömürlərinin düz bir ilini gəmidə keçirmişdilər. Minnətdarlığını bildirmək üçün Nuh Yehovaya qurban gətirdi. Allah cavab olaraq Nuhu və ailəsini əmin etdi ki, daha heç vaxt yer üzündən həyatı silmək üçün daşqın göndərməyəcək. Yehova bu təsəlliverici vədinə zəmanət olaraq göyqurşağını verdi.

Daşqından sonra Allah insanlara bəzi yeni əmrlər verdi. O, insanlara heyvan əti yeməyə icazə verdi. Ancaq qan yeməyi qadağan etdi. Allah, həmçinin Nuhun nəslinin bütün yer üzünə yayılmasını tapşırdı, lakin onlardan bəziləri bu əmrə tabe olmadılar. İnsanlar Nəmrud adlı rəhbərin başçılığı altında birləşdilər və sonralar Babil adlanan şəhərdə böyük bir qüllə tikməyə başladılar. Onların niyyəti Allahın yer üzünə yayılmaqla bağlı əmrinə zidd davranmaq idi. Amma Allah onların dilini qarışdırmaqla üsyanın qarşısını aldı və nəticədə onlar müxtəlif dillərdə danışdılar. İnsanlar bir-birini başa düşmədiklərindən əllərindəki işi atıb yer üzünə səpələndilər.

Yaradılış 611-dək fəsillərinə; Yəhuda 14 və 15 ayələrinə əsaslanıb.