Kontentə keç

Mündəricatı göstər

Geyimə yox, geyinənə baxın

Geyimə yox, geyinənə baxın

KANADADA yaşayan Don adlı Yehovanın Şahidi qarşısına məqsəd qoymuşdu ki, Allahın kəlamını səfil həyat sürən insanlara təbliğ etsin. Onun danışdığı həmin adamlardan birinin adı Piter idi. Don bu adamı növbəti sözlərlə təsvir edir: «Həyatımda hələ belə pis gündə olan səfil görməmişdim. Üstəlik, heç kimi özünə yaxın buraxmırdı». Ancaq Don təslim olmadı, nə az, nə çox düz on dörd il onunla ünsiyyət qurmağa çalışdı.

Günlərin bir günü Piter Dondan soruşdu: «Mənə görə vaxtını niyə öldürürsən? Heç kim mən tərəfə belə baxmır, sənə nə düşüb?» Don Piterin ürəyinə yol tapmaq üçün Müqəddəs Kitabdan bəzi ayələri göstərdi. Birinci, Allahın adının olduğunu dedi və Zəbur 83:18 ayəsini göstərərək Piterdən oxumağı xahiş elədi. Sonra ondan nəyə görə əl çəkmədiyinin səbəbini Romalılara 10:13, 14 ayələrindən izah etdi. Orada deyilir: «Yehovanın adını çağıran hər kəs qurtulacaq». Axırda Don Piterə Mətta 9:36 ayəsini oxutdurdu: «İsa camaatı görəndə onların halına acıdı, çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər». Gözləri dolan Piter Don qardaşdan soruşdu: «Deməli, onun mənə də yazığı gəlir?»

Bu, Piterin həyatında dönüş nöqtəsi olur. O yuyunub-təmizlənir, üz-gözünü abıra salır, köhnə paltarını dəyişib Don qardaşın ona bağışladığı paltarı geyinir. Bundan sonra özünə fikir verməyə başlayır.

Piterin gündəliyi var idi. Gündəliyin əvvəlini onun həyatının qara səhifələri tuturdu. Ancaq Donla tanış olandan sonra bu gündəliyin səhifələri sanki işıq saçdı. Bir gün o, belə sözlər yazmışdı: «Bu gün öyrəndim ki, Allahın adı Yehovadır. Bundan sonra duamda Onun adını çəkəcəyəm. Allahın adını bildiyim üçün çox xoşbəxtəm! Don deyir ki, Yehova mənim sirdaşım ola bilər».

Gündəliyindəki son sözləri Piter doğma bacı və qardaşına ünvanlamışdı. O yazır:

«Nə isə bu gün özümü yaxşı hiss etmirəm. Görünür, yaş öz sözünü deyir. Amma bu gün ölməli olsam belə, əminəm ki, dostumla [Don] Cənnətdə görüşəcəyəm. Əgər bu sözləri oxuyursunuzsa, deməli artıq dünyada yoxam. Dəfnimdə camaatdan fərqlənən bir nəfəri görsəniz, onunla tanış olun. Bir də ki, istəyirəm, bu göy kitabı oxuyasınız *. Orada deyilir ki, dostumu yenidən Cənnətdə görəcəyəm. Buna sidqi-ürəkdən inanıram. Sizi sevən qardaşınız Piter».

Dəfndən sonra bacısı Umi Piter haqda dedi: «İki il bundan qabaq o, mənimlə danışdı. Neçə illərdən sonra birinci dəfə idi ki, belə xoşbəxt idi. Hətta gülümsəyirdi». Umi Dona söz verib dedi: «Mən bu kitabı mütləq oxuyacağam. Əgər bu kitab qardaşıma belə təsir edibsə, deməli, orada nəsə var». Umi həmçinin Yehovanın Şahidləri ilə «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını araşdırmağa razılaşdı.

Gəlin biz də insanlara görünüşünə görə qiymət verməyə tələsməyək, hər bir insana səbir və sevgi ilə yanaşaq (1 Tim. 2:3, 4). Onda Piter kimi təmiz qəlbli insanların ürəyinə yol tapa biləcəyik. Ürəkləri görən Allah isə, öz növbəsində, səpdiyimiz həqiqət toxumlarını cücərdib böyüdəcək (1 İşm. 16:7; Yəh. 6:44).

^ abz. 7 Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Əbədi həyata aparan həqiqət» kitabı nəzərdə tutulur. Artıq dərc olunmur.