Kontentə keç

İsa peyğəmbər nə zaman doğulub?

İsa peyğəmbər nə zaman doğulub?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitabda İsa Məsihin dəqiq doğum tarixi qeyd olunmur. Növbəti istinadlar bunu təsdiq edir:

  •   «Məsihin əsil doğum tarixi bəlli deyil» («Yeni katolik ensiklopediyası»).

  •   «Məsihin dəqiq doğum tarixi məlum deyil» («Encyclopedia of Early Christianity»).

 Müqəddəs Kitab «İsa nə vaxt doğulub?» sualına birbaşa cavab vermir. Lakin orada onun doğulduğu ərəfədə baş verən iki hadisədən bəhs edilir və bundan bir çoxları belə qənaətə gəlmişdir ki, İsa dekabrın 25-də doğulmayıb.

Qış deyildi

  1.   Siyahıya alınma. İsanın doğulmasından bir müddət qabaq sezar Avqust «bütün imperiyada əhalinin siyahıya alınması üçün fərman verdi». «Hər kəs qeydiyyatdan keçmək üçün öz şəhərinə» getməli idi. Bunun üçün bəzilərindən bir həftə, ya da ondan çox yol getmək tələb olunurdu (Luka 2:1—3). Ehtimal ki, vergi yığmaq və hərbiyə çağırış məsələsini nizamlamaq məqsədilə verilən həmin fərman ilin istənilən vaxtında əhali tərəfindən xoş qarşılanmayacaqdı. Buna görə də çətin ki, sezar Avqust qışın soyuq çağında bir çoxlarını uzun yola çıxmağa məcbur edərək camaatı qəzəbləndirsin.

  2.   Qoyun sürüləri. Çobanlar «çöldə yaşayıb gecələr sürülərinin keşiyini çəkirdilər» (Luka 2:8). İsa Məsihin dövründən bəhs edən bir kitaba deyilir ki, çobanlar sürülərini açıq havada «Pasxa bayramından (martın sonları) bir həftə əvvəl başlayaraq» noyabr ayının ortalarına qədər otarırdılar. Həmin mənbədə əlavə olunur: «Qışda sürüləri örtülü yerdə saxlayırdılar, elə bu faktın özü qışda keçirilən Milad bayramının ənənəvi tarixinin düzgünlüyünü qeyri-mümkün edir, çünki İncilə əsasən, Məsih doğulan gün çobanlar çöldə qoyun otarırdılar» («Daily Life in the Time of Jesus»).

Payızın əvvəli idi

 İsa eramızın 33-cü ilinin yazında, nisanın 14-də keçirilən Pasxa zamanı öldürülmüşdü. Həmin tarixdən geriyə hesablamaqla onun nə zaman doğulduğunu təxmin etmək mümkündür (Yəhya 19:14—16). İsa üç il yarım sürən xidmətinə başlayanda təxminən 30 yaşında idi, deməli, o, eramızdan əvvəl 2-ci əsrdə, payızın əvvəlində doğulmuşdu (Luka 3:23).

Nəyə görə Miladı dekabrın 25-də keçirirlər?

 İsa Məsihin dekabrın 25-də doğulmasına heç bir sübut yoxdursa, onda nəyə görə Milad bayramını bu tarixdə qeyd edirlər? «Britaniya ensiklopediyası»nda deyilir ki, kilsə rəhbərləri, çox ehtimal ki, bu tarixi qış gün dönümündə qeyd edilən və «bütpərəst Roma bayramı sayılan “məğlubedilməz günəşin doğum gününə” uyğunlaşdırmaq» üçün seçmişdilər. «Amerikana ensiklopediyası»nda deyilir ki, bir çox alimlərin fikrincə, bu, xristianlığı qəbul edən bütpərəstlər üçün həmin dini daha doğma etmək məqsədilə edilmişdi».