Kontentə keç

Mündəricatı göstər

Allahın Kəlamından nə öyrənirik?

Hökm günündə nə baş verəcək?

Hökm günündə nə baş verəcək?

Ola bilsin, hökm günü ilə bağlı sizdə müəyyən suallar yaranıb. Məqalədə həmin sualların bəziləri nəzərdən keçirilir. Görün Yehovanın Şahidləri bu suallara Müqəddəs Kitab əsasında necə cavab verirlər.

1) Hökm günü nədir?

Sağ tərəfdəki şəkildə də təsvir olunduğu kimi, çoxları düşünür ki, Hökm günündə milyardlarla insanın ruhu Allahın taxtı qarşısında dayanacaq və keçmişdə etdikləri əmələ görə Allah onlarla haqq-hesab çəkəcək: bəzilərinə cənnəti mükafat verəcək, bəziləri isə cəhənnəmdə əzab çəkəcək. Amma Müqəddəs Kitaba əsasən, Hökm gününün məqsədi insanları ədalətsizlikdən azad etməkdir (Zəbur 96:13). Yer üzündə ədaləti bərpa etməsi üçün Allah İsa Məsihi hakim təyin edib. (Əşiya 11:1—5; Həvarilərin işləri 17:31 ayələrini oxuyun.)

2) Hökm günündə ədalət necə bərpa olunacaq?

İlk insan olan Adəm Allaha üsyan etməklə bütün insanları günahın, əzab-əziyyətin və ölümün köləsi etdi (Romalılara 5:12). Bu ədalətsizliyi aradan qaldırmaq üçün İsa milyardlarla insanı dirildəcək. «Vəhy» kitabında deyilir ki, İsa Məsih bunu minillik hakimiyyəti vaxtı edəcək. (Vəhy 20:4, 11, 12 ayələrini oxuyun.)

Dirilmiş insanlar ölümlərindən qabaq gördüyü əməllərə görə mühakimə edilməyəcəklər, əksinə, Vəhy 20-ci fəsildə də deyildiyi kimi, yeni «tumarlarda» yazılanlara uyğun davranıb-davranmayacaqlarına əsasən mühakimə ediləcəklər (Romalılara 6:7). Dirilib Allah haqda öyrənmək imkanı olanların sırasında, Bulusun da dediyi kimi, həm salehlər, həm də qeyri-salehlər olacaq. (Həvarilərin işləri 24:15 ayəsini oxuyun.)

3) Hökm günündə nələr olacaq?

Allah haqda eşitmədən və Ona xidmət etmək imkanı olmadan ölmüş insanlara diriləndə dəyişib yaxşı işlər görmək üçün fürsət veriləcək. Əgər onlar bu cür davransalar, «həyata qovuşmaq üçün» dirilmiş olacaqlar. Amma dirilmiş insanlardan bəziləri Yehovaya ibadət etmək istəməyəcək. Bu insanlar isə «hökmə düçar olmaq üçün» dirilmiş olacaq. (Yəhya 5:28, 29; Əşiya 26:10; 65:20 ayələrini oxuyun.)

Min il davam edəcək Hökm gününün sonunda itaətkar bəşəriyyət kamil olacaq (1 Korinflilərə 15:24—28). İtaətkar kəsləri, həqiqətən də, gözəl gələcək gözləyir! Sonuncu sınaq zamanı Allah min illiyə dibsiz quyuya həbs etdiyi Şeytan İblisi azad edəcək. Şeytan bu dəfə də insanları Allahdan uzaqlaşdırmağa çalışacaq. Şeytana uymayanlar yer üzündə əbədiyyən xoşbəxt yaşayacaqlar. (Əşiya 25:8; Vəhy 20:7—9 ayələrini oxuyun.)

4) Daha hansı hökm günü var və o gün insanlara hansı nemətləri gətirəcək?

Müqəddəs Kitabda başqa hökm günündən də danışılır. Bu hökm günü yaşadığımız zəmanənin sonunu gətirən hadisədir. Nuh peyğəmbərin dövründə bütün pis insanları məhv edən daşqın kimi, bu hökm günü də qəfil başlayacaq. Tezliklə allahsız insanlar məhv ediləcək. Bununla da salehliyin məskunlaşacağı yeni insan cəmiyyətinin yaranması üçün şərait yaranacaq. (2 Butrus 3:6, 7, 13 ayələrini oxuyun.)