Kontentə keç

29 OKTYABR 2019
BRAZİLİYA

Yehovanın Şahidləri Rio-de-Janeyroda keçirilən kitab sərgisində eşitmə və görmə qüsurlu insanlar üçün nəşrlər sərgilədi

Yehovanın Şahidləri Rio-de-Janeyroda keçirilən kitab sərgisində eşitmə və görmə qüsurlu insanlar üçün nəşrlər sərgilədi

30 avqust — 8 sentyabr 2019-cu il tarixlərində Rio-de-Janeyrodakı «Riosentro» sərgi mərkəzində biennale çərçivəsində XIX Beynəlxalq Kitab Sərgisi keçirilib. Yehovanın Şahidləri də bu sərgiyə qatılıb. Braziliyanın ən böyük mədəniyyət festivallarından biri olan bu tədbirdə 520 pavilyon quraşdırılıb və təxminən 600000 ziyarətçi iştirak edib. Bacı-qardaşlarımız sərgidə ziyarətçiləri rəsmi saytımızla və nəşrlərimizin ictimaiyyətə əlçatan olması üçün görülən işlərlə tanış edən pavilyon quraşdırdı. On gün ərzində keçirilən sərgidə 258 bacı-qardaş könüllü kimi xidmət etdi və 3737 nəşr payladı.

Pavilyonda eşitmə və görmə qüsurlu insanlar üçün guşə ayrılmışdı. Bacı-qardaşlar Braziliya jest dilində videolar nümayiş etdirdi. Bu dildə sərbəst danışan təbliğçilər ziyarətçilərə kömək etmək üçün sərgiyə qatılmışdı. Könüllülərdən biri belə demişdi: «İnsanlar pavilyona yaxınlaşanda bizimlə rahat söhbət edirdilər, sıxılmırdılar. Guşənin yanında həmişə kimsə olurdu ki, ziyarətçiləri jw.org saytı ilə tanış etsin və Müqəddəs Kitab dərslərinin necə keçirildiyini izah etsin».

Görmə qüsurlu 10 yaşlı balaca təbliğçi müxbirə Yehovanın Şahidlərinin brayl əlifbası ilə dərc etdiyi nəşrlərin ona necə kömək etdiyi barədə danışır

Bizim sərgini bir müəllimə 7 eşitmə qüsurlu şagirdi ilə birgə ziyarət etdi. Eşitmə qüsurlu yeniyetmələr üçün nəzərdə tutulan videolarımız müəllimənin çox xoşuna gəldi. O dedi ki, valideynlər tez-tez ondan uşaqları ilə həssas mövzularda söhbət etməyi xahiş edir və qeyd etdi ki, bundan sonra valideynləri bizim sayta yönəldəcək.

Bacımız ziyarətçini Müqəddəs Kitaba əsaslanan nəşrlə tanış edir

Pavilyonda həmçinin yerli xalqların dilində, məsələn, quarani, tıkuna və şavante dillərində interaktiv materiallar sərgiləndi. Bu dillərdə olan materialları jw.org saytında da tapmaq olar. Yehovanın Şahidlərinin Braziliyadakı nümayəndəsi Rikardu Karneyru demişdi: «Məqsədimiz yerli xalqların nümayəndələrinə Müqəddəs Kitabı öz dillərində yaxşı başa düşməyə kömək etməkdir».

Bu sərgi Braziliyadakı insanlarda oxumaq həvəsi yaradaraq həyat səviyyəsini artırmaq məqsədilə keçirilmişdi. jw.org pavilyonu minlərlə ziyarətçiyə Müqəddəs Kitabı və nəşrlərimizi öz ana dilində oxumağa fürsət yaratdı. Bu nəşrlər insanlara həyatlarını əbədilik yaxşılaşdırmağa kömək edir (2 Timutiyə 3:16, 17).