Kontentə keç

Allah Kainatı nə vaxt yaratmağa başlayıb?

Allah Kainatı nə vaxt yaratmağa başlayıb?

Müqəddəs Kitabın cavabı

 Allahın Kainatı nə vaxt yaratmağa başladığı və ya bunun nə qədər davam etdiyi barədə Müqəddəs Kitabda heç nə yazılmır. Orada sadəcə deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1). Müqəddəs Kitabda «başlanğıc»ın nə vaxt olduğu dəqiq qeyd olunmayıb. Lakin «Yaradılış» kitabında qeyd olunan hadisələrin ardıcıllığına əsasən, «başlanğıc» altı yaradılış dövründən, yaxud altı yaradılış günündən əvvəl başlayıb.

 Yaradılış günləri hərfi mənada 24 saatdan ibarət idi?

 Xeyr. Müqəddəs Kitabda «gün» sözü, kontekstdən asılı olaraq, müxtəlif uzunluqda olan zaman kəsiyini bildirə bilər. Məsələn, bir ayədə bütün yaradılış dövrü bir gün adlanır (Yaradılış 2:4).

 Altı yaradılış günü ərzində nə baş verdi?

 Allah «quruluşsuz və boş» olan Yer kürəsini həyat üçün yararlı olan planetə çevirdi (Yaradılış 1:2). Sonra isə yerdə canlıları yaratdı. Müqəddəs Kitabda planetimizdə baş verən yaradılış prosesi altı yerə bölünür və onların hər birinin bir yaradılış günündə, yaxud bir yaradılış dövründə baş verdiyi təsvir olunur:

  •  1-ci gün: Allah elə etdi ki, işıq yerin səthinə çatdı və beləcə, gecə-gündüz dövranı başlandı (Yaradılış 1:3—5).

  •  2-ci gün: Allah fəzanı yaratdı, yəni yer səthindəki su ilə yer səthindən yuxarıda olan suyu bir-birindən ayırdı (Yaradılış 1:6—8).

  •  3-cü gün: Allah elə etdi ki, quru yer göründü. Allah həmçinin bitkiləri yaratdı (Yaradılış 1:9—13).

  •  4-cü gün: Allah elə etdi ki, yerdən göy cisimləri, yəni Günəş, Ay və ulduzlar aydın göründü (Yaradılış 1:14—19).

  •  5-ci gün: Allah su heyvanlarını və qanadlı məxluqları yaratdı (Yaradılış 1:20—23).

  •  6-cı gün: Allah quruda yaşayan heyvanları və insanları yaratdı (Yaradılış 1:24—31).

 Altıncı günün tamamında Allah iş görməyib, istirahət etməyə başladı, yəni daha heç nə yaratmadı (Yaradılış 2:1, 2).

 «Yaradılış» kitabında yazılanlar elmlə uzlaşır?

 Müqəddəs Kitab elmi kitab deyil, ona görə də orada dünyanın yaradılması yüksək elmi dəqiqliklə yazılmayıb. Orada yaradılış prosesi elə təsvir olunub ki, qədim dövrdə yaşayan oxucu da hadisələrin ümumi ardıcıllığını asanlıqla başa düşə bilsin. Yaradılışla bağlı Müqəddəs Kitabda yazılanlar elmi faktlara zidd getmir. Astrofizik Robert Jastro yazır: «Astronomiyada və Müqəddəs Kitabda deyilənlər bir-birindən fərqlənsə də, hər ikisində bir mühüm məqam eynidir; insanın mövcudluğuna gətirib çıxaran hadisələr zənciri müəyyən bir anda qəfildən və sürətlə başlayıb».

 Günəş, Ay və ulduzlar nə zaman yaradılıb?

 Günəş, Ay və ulduzlar altı yaradılış günündən əvvəl artıq mövcud idi. Belə ki, «başlanğıcda» Allah göyü yaradanda onları da yaratmışdı (Yaradılış 1:1). Amma yerin ətrafındakı atmosfer təbəqəsi qatı olduğuna görə onların işığı yerin səthinə çatmırdı (Yaradılış 1:2). Buna görə də birinci yaradılış günündə səpələnmiş işıq görünsə də, işığın mənbəyi seçilmirdi. Dördüncü yaradılış günündə, görünür, atmosfer təbəqəsi təmizləndi. Müqəddəs Kitabda deyilir ki, həmin gün Günəş, Ay və ulduzlar yerə işıq saçmağa başladı. Ehtimal ki, bu sözlərlə onların yerdən necə göründüyü təsvir olunur (Yaradılış 1:17).

 Müqəddəs Kitaba əsasən, Yerin yaşı nə qədərdir?

 Müqəddəs Kitabda Yerin yaşı qeyd olunmayıb. Yaradılış 1:1 ayəsində sadəcə deyilir ki, Kainatın, o cümlədən Yer kürəsinin başlanğıcı olub. Bu fikir nə elmi faktlara, nə də alimlərin Yerin yaşı barədə dediklərinə zidd getmir.