Kontentə keç

Mündəricatı göstər

Sadəlövh hər sözə inanar

Sadəlövh hər sözə inanar

«Qəzet oxumayan ağılsızdır, qəzetdə oxuduğuna inanan isə ondan da ağılsızdır». Avqust van Şlöser, alman tarixçisi və publisisti (1735—1809)

İKİ YÜZ il əvvəl qəzetdə yazılan hər şeyə inanmaq düzgün deyildi. XXI əsrdə yaşayan bizlər də İnternetdə oxuduğumuz hər şeyə inanmamalıyıq. Bu gün müasir texnologiyanın sayəsində külli miqdarda informasiya əldə etmək mümkündür. Bəzi məlumatlar doğru, faydalı və zərərsiz olduğu halda, digərləri yalan, faydasız və təhlükəlidir. Odur ki, nə oxuduğumuza fikir verməliyik. Xüsusən də İnternetdən təzəlikcə istifadə edən kəslər elə fikirləşə bilərlər ki, nə qədər qəribə, inanılmaz görünsə də, İnternetdən oxuduqları, yaxud dostlarının elektron məktubla göndərdiyi hər şey həqiqətdir. Amma Müqəddəs Kitabda deyilir: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məs. 14:15).

Bəs biz necə uzaqgörən olub kompüter ekranında peyda olan kələkləri, dildən-dilə gəzən əhvalatları, fırıldaqları və başqa yanlış məlumatları müəyyən edə bilərik? Əvvəla, özünüzdən soruşun: «Bu məlumat rəsmi, etibarlı vebsaytdandır, yoxsa hansısa bir bloqdan və ya naməlum mənbədən qaynaqlanır? Etibarlı vebsaytlar bu məlumatın yalan olduğunu demir ki?» * Bu suallardan sonra isə ağlınızı işlədin (İbr. 5:14). Əgər xəbər inandırıcı səslənmirsə, çox ehtimal ki, bu, həqiqət deyil. Bundan başqa məlumat başqalarını gözdən salırsa, onda fikirləşin, bu məlumatın yayılmasından kim xeyir güdür. Bəlkə, bunun arxasında gizli niyyət durur?

«ŞÜBHƏ EDİRSƏNSƏ, SİL GETSİN!»

Bəzi adamlar diqqət mərkəzində olmağı sevirlər. Buna görə də istəyirlər ki, son xəbərləri hamı onlardan eşitsin və məlumatın dəqiqliyini yoxlamadan, axırını fikirləşmədən hamıya göndərirlər (2 İşm. 13:28—33). Lakin əgər uzaqgörəniksə, nəzərə alacağıq ki, bu, başqalarına zərər vura bilər, məsələn, kiminsə, yaxud hansısa təşkilatın adına ləkə gətirə bilər.

Məlumatın dəqiqliyini yoxlamaq vaxt aparır. Buna görə də bəziləri fikirləşir ki, göndərdikləri adamların özləri məlumatın dəqiqliyini yoxlayar. Amma həmin adamların da vaxtı qiymətlidir axı (Efes. 5:15, 16). Buna görə də dəqiq bilmədiyimiz məlumatı göndərmək əvəzinə yaxşı olardı ki, bu şüarı rəhbər tutaq: «Şübhə edirsənsə, sil getsin!»

Özünüzdən soruşun: «Məndə aldığım elektron məktubları başqalarına göndərmək adət halını alıb? Heç elə olubmu ki, göndərdiyim məlumatın yanlış, yaxud da ağ yalan olduğu üzə çıxdığına görə sonradan üzr istəyim? Kimsə məndən xahiş edibmi ki, hər məktubu ona göndərməyim?» Unutmayın ki, məktub göndərdiyiniz adamlar da İnternetə daxil olurlar. Onlar istədikləri məlumatı sizin köməyiniz olmadan da axtarıb tapa bilərlər. Hər dəfə məzəli əhvalatlar, video kliplər və ya slayd şoular göndərib onları bezdirmək lazım deyil. Müqəddəs Kitaba əsaslanan çıxışların audio yazısını və ya məzmununu yazıb başqalarına göndərmək yaxşı olmazdı *. Bir şeyi də unutmayın: insan özü mütaliə edəndə, Müqəddəs Kitab ayələrini araşdıranda, yaxud yığıncaqlar üçün şərh hazırlayanda daha çox fayda əldə edir, nəinki bu məlumatı ona başqası göndərəndə.

Nə edim? Sensasıyalı məktubu kıməsə göndərım?

Bəs əgər İnternetdə Yehovanın təşkilatı haqqında böhtana rast gəlsəniz, onda necə? Bu kimi yalanları dərhal rədd etmək lazımdır. Bəziləri bu məlumatları başqalarına söyləyib onların fikrini öyrənmək istəyir. Lakin belə edəndə zərərli məlumat əslində daha da yayılır. Əgər İnternetdə gördüyünüz hansısa məlumat sizi narahat edirsə, onda Yehovadan hikmət diləyin və yetkin qardaşlarla söhbət edin (Yaq. 1:5, 6; Yhd. 22, 23). İsa Məsih də yalan ittihamların hədəfi olmuşdu. O, şagirdlərini xəbərdar etmişdi ki, düşmənlər onları təqib edəcək və onların haqqında hər cür yalan və pis söz danışacaqlar (Mət. 5:11; 11:19; Yəh. 10:19—21). Biz düşüncəli və bəsirətli olub yalan danışanları və həyatını yalan üzərində quranları tanımalıyıq (Məs. 2:10—16).

BAŞQALARININ HAQLARINA HÖRMƏT EDİN

Biz dindaşlarımız barədə məlumatı, yaxud eşitdiyimiz hansısa hadisəni danışmazdan əvvəl fikirləşməliyik. Hətta məlumat doğru olsa da, bu o demək deyil ki, onu mütləq yaymaq lazımdır. Bəzən həqiqi məlumatı danışmaq heç də düzgün hərəkət olmur və belə etməklə məhəbbət göstərmiş olmuruq (Mət. 7:12). Məsələn, hətta həqiqəti söyləsək belə, qeybət etmək məhəbbətdən xəbər vermir, nə də heç kimi ruhlandırmır (2 Salon. 3:11; 1 Tim. 5:13). Bəzən eşitdiyimiz xəbər məxfi olur. Belə olan halda biz başqalarının haqlarına hörmət etməliyik. Yəni hər kəsin ixtiyarı var ki, özü qərar versin: nəyi nə vaxt və necə başqalarına bildirəcək. Vaxtından əvvəl məlumatı yaymaqla biz başqalarına pislik etmiş olarıq.

Bu gün doğru, yanlış, faydalı, faydasız, zərərsiz, təhlükəli olmasından asılı olmayaraq, istənilən xəbər sürətlə yayılır. Hətta bir nəfərə də elektron məktub və ya məlumat göndərən adam başa düşməlidir ki, məlumat bir an içində bütün dünyaya yayıla bilər. Buna görə də gəlin hər aldığımız məlumatı dərhal, ucdantutma hamıya göndərməyək. Düzdür, məhəbbət hər şeyə inanır, şübhələrə qapılmır, amma bu, o demək deyil ki, biz sadəlövh olmalı, eşitdiyimiz sensasiyalı xəbərlərə kor-koranə inanmalıyıq. Ən vacibi isə biz Yehovanın təşkilatı barədə deyilən məkrli yalanları, «yalanın atası» olan Şeytan İblisin xidmətçiləri arasında dindaşlarımız haqda gəzən söz-söhbətləri rədd edirik (Yəh. 8:44; 1 Kor. 13:7). Bəsirət və düşüncə bizə uzaqgörən olmağa kömək edəcək və biz hər gün aldığımız çoxlu sayda məlumatı başqalarına danışmazdan əvvəl yaxşı-yaxşı fikirləşəcəyik. Müqəddəs Kitabda deyildiyi kimi, «cahil axmaqlığı irs alar, uzaqgörənin isə başına elmdən tac qoyular» (Məs. 14:18).

^ abz. 4 Bəzi məlumatların kələk və uydurma olduğu ifşa olunsa da, onlar vaxtaşırı yenə də peyda olurlar, sadəcə həqiqət kimi görünsün deyə, onlara bir az dəyişiklik edirlər.

^ abz. 8 «Müqəddəs ibadətimiz» vərəqəsinin 2010-cu il aprel sayındakı «Suallar qutusu»na baxın.