Məttanın yazdığı müjdə 11:1—30

  • İsa Vəftizçi Yəhyanı tərifləyir (1—15)

  • İsa ürəyi küt nəsli mühakimə edir (16—24)

  • Təvazökar adamlardan ötrü Allaha şükür edir (25—27)

  • İsanın boyunduruğu təravət gətirir (28—30)

11  İsa on iki şagirdinə göstəriş verib qurtardı. Sonra təbliğ etmək və vəz etmək üçün başqa şəhərlərə getdi.+ 2  Zindanda olan Yəhya+ Məsihin gördüyü işlər barəsində eşidəndə şagirdlərini onun yanına göndərib+ 3  soruşdu: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?»+ 4  İsa onlara dedi: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya çatdırın:+ 5  korların gözləri açılır,+ topallar gəzir, cüzamlılar təmizlənir,+ karlar eşidir, ölülər dirilir, yoxsullara müjdə bildirilir.+ 6  Mənimlə bağlı şübhələrə qapılmayan nə xoşbəxtdir!»+ 7  Onlar çıxıb gedəndən sonra İsa camaata Yəhya haqqında bunları söylədi: «Çöllüyə nə görməyə getmişdiniz?+ Küləyin əsdirdiyi qamışı?+ 8  Onda ora nə görməyə getmişdiniz? Zərif libas geymiş adamı? Bilmirsiniz ki, zərif libas geyənlər padşah saraylarında olurlar? 9  Yaxşı, bəs ora niyə getmişdiniz? Peyğəmbər görməyə? Bəli, bunu bilin ki, bu adam peyğəmbərdən də üstündür.+ 10  “Sənin qabağınca Öz elçimi göndərirəm, o, qarşında gedib sənin yolunu hazırlayacaq” sözləri onun haqqında yazılmışdır.+ 11  İnanın ki, bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi Padşahlıqda ən kiçiyi ondan böyükdür.+ 12  Vəftizçi Yəhyanın günlərindən bu yana insanlar səmavi Padşahlığa can atırlar və bu yolda təslim olmayanlar ona nail olurlar.+ 13  Çünki həm Tövrat*, həm Peyğəmbərlərin kitabı Yəhyaya qədər peyğəmbərlik edib+ 14  və istəyirsiniz inanın, istəyirsiniz inanmayın, o, gəlişini gözlədiyiniz İlyasdır.+ 15  Qulağı olan eşitsin. 16  Bu nəsli kimə bənzədim?+ O, bazar meydanında oturub biri digərinə: 17  “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız, biz ağı dedik, amma siz kədərdən sinə döymədiniz”, — deyən uşaqlara bənzəyir. 18  Siz də onlar kimi. Yəhya gəlib nə yeyir, nə içir, amma camaat deyir: “Onda cin var”. 19  İnsan Oğlu gəlib həm yeyir, həm içir,+ insanlar yenə deyirlər: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu”.+ Nə olursa olsun, hikmət əməlləri sayəsində haqlı çıxır».+ 20  Sonra İsa əksər qüdrətli işlərini göstərdiyi şəhərləri, tövbə etmədikləri üçün, ittiham etməyə başladı: 21  «Vay halına, Xorəzin! Vay halına, Beytsəyda! Çünki sizdə görülmüş qüdrətli işlər Sur və Sidon şəhərlərində görülsəydi, onlar çoxdan çula bürünüb kül içində oturmuş və tövbə etmişdilər.+ 22  Buna görə də bilin, Hökm günü Sur və Sidon şəhərlərinin cəzası sizinkindən yüngül olacaq.+ 23  Ey Kəfərnahum,+ elə bilirsən, göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* düşəcəksən!+ Çünki səndə edilən qüdrətli işlər Sədumda edilsəydi, o, bu günə qədər durardı. 24  Buna görə də bil, Hökm günü Sədum diyarının cəzası səninkindən yüngül olacaq».+ 25  Sonra İsa dedi: «Ey Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan gizlədib körpələrə açdın.+ 26  Bəli, Ata, çünki Sən belə məsləhət bildin. 27  Atam hər şeyi mənə verib.+ Oğulu Ata qədər heç kim tanımır.+ Atanı da Oğul qədər və Oğulun tanıtmaq istədiyi adam qədər heç kəs tanımır.+ 28  Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. 29  Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram.+ Onda canınız təravətlənər. 30  Çünki boyunduruğum rahat, yüküm yüngüldür».

Haşiyələr

Yun. hades. Lüğətə bax.