Kontentə keç

Mündəricatı göstər

Sarfatlı dul qadın imanına görə mükafatlandırıldı

Sarfatlı dul qadın imanına görə mükafatlandırıldı

YOXSUL dul qadın oğlunu, yeganə övladını bağrına basıb. O, gözlərinə inana bilmir. Bir az əvvəl o, ölmüş oğlunun cəsədini ürəkağrısı ilə qucaqlamışdı. İndi isə qadın dirilmiş oğlunu və onun gülüşünü həyəcanla seyr edir. «Bax oğlun sağdır», — deyə qonaq dillənir.

Bu təsirli dirilmə hadisəsi təxminən 3000 il bundan əvvəl baş verib. Siz bu haqda «Birinci Padşahlar» kitabının 17-ci fəslindən oxuya bilərsiniz. Qonaq Allahın peyğəmbəri İlyasdır. Bəs ana? Sarfat şəhərində yaşayan bu dul qadının adı çəkilmir. Oğlunun dirilməsi onun imanını çox möhkəmləndirmişdi. Onun nümunəsindən özümüzə olduqca vacib şeylər öyrənə bilərik.

İLYAS İMANLI DUL QADINA RAST GƏLİR

Yehova qərar vermişdi ki, İsrailin zalım padşahı Axavın hakimiyyəti dövründə uzun müddət quraqlıq olsun. İlyas quraqlıq barədə bəyan edəndən sonra Allah İlyas peyğəmbəri Axavdan gizlətdi və onu qarğalar vasitəsilə çörək və ətlə təmin etdi. Sonra Yehova peyğəmbərə dedi: «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim» (1 Pad. 17:1—9).

İlyas Sarfat şəhərinə gəlib çatanda gördü ki, kasıb dul qadın odun yığır. Görəsən, o, peyğəmbərə yemək verəcək həmin qadın idi? Əgər o, özü quru çörəyi güclə tapırdısa, peyğəmbərə nə verəcəkdi? Ürəyində şübhələr yaransa da, İlyas qadınla söhbətə başladı. O dedi: «Mənə bir qabda azca su gətir, içim». Qadın su gətirməyə gedəndə İlyas əlavə etdi: «Mənim üçün əlinə bir tikə çörək də al» (1 Pad. 17:10, 11). Bu qərib adama su vermək qadın üçün bir o qədər də çətin deyildi, amma çörəyə gəldikdə bu müşkül məsələ idi.

Qadın cavab verdi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik» (1 Pad. 17:12). Gəlin görək bu söhbətdən nə öyrənirik.

Dul qadının gözündə İlyas Allahdan qorxan israilli idi. Bu, onun «Allahın var olan Rəbbə and olsun» sözlərindən aydın olur. görünür, İsrailin Allahı barədə az biliyi olduğundan o, Yehovadan söz açarkən Ona «mənim Allahım» deyə müraciət etmədi. O, Sarfatda, Finikiyanın Sidon şəhərinə aid olan balaca şəhərdə yaşayırdı. Çox ehtimal ki, Sarfatın sakinləri Baala ibadət edirdilər. Ancaq Yehova bu dul qadında fərqli bir şey görmüşdü.

Bu yoxsul dul qadın Sarfatda bütpərəstlərin arasında yaşamasına baxmayaraq, onun əməllərindən görünürdü ki, o, Yehovaya iman edir. Yehova İlyası onun yanına həm qadının, həm də peyğəmbərin özünün yaxşılığı üçün göndərmişdi. Bundan özümüzə vacib dərs götürə bilərik.

Sarfatın Baala ibadət edən sakinlərinin hamısı tamamilə pozulmamışdı. İlyası bu qadının yanına göndərməklə Yehova göstərdi ki, Ona xidmət etməyən təmizqəlbli insanların heç biri Onun gözündən yayınmır. Həqiqətən də, Yehova «hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həv. iş. 10:35).

Ərazinizdə yaşayan nə qədər insan sarfatlı dul qadına oxşayır? Ətrafdakı insanların yalan dinə etiqad etmələrinə baxmayaraq, ola bilsin, onlar daha yaxşı bir şeyin həsrətindədirlər. Ola bilsin, onların Yehova haqqında bilikləri ya azdır, ya da heç yoxdur, buna görə də həqiqi ibadəti qəbul etmək üçün köməyə ehtiyac duyurlar. Siz bu kimi insanları axtarır və onlara kömək əlinizi uzadırsınızmı?

«ƏVVƏLCƏ MƏNİM ÜÇÜN ONDAN KİÇİK BİR KÖKƏ DÜZƏLT»

Gəlin İlyasın dul qadından nə xahiş etdiyinə diqqət yetirək. Qadın indicə İlyasa dedi ki, axırıncı dəfə yemək hazırladıqdan sonra oğlu ilə birlikdə onu yeyəcək və öləcəklər. Bəs İlyas nə cavab verdi? «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”» (1 Pad. 17:11—14).

Bəlkə də, həmin qadının yerinə başqası olsaydı, belə deyərdi: «Axırıncı tikəmizi verək? Yəqin, zarafat edirsən». Ancaq dul qadın bu cür reaksiya vermədi. Yehova haqqında biliyinin çox az olmasına baxmayaraq, o, İlyasa inandı və onun dediyini etdi. Bəli, qadının imanı böyük sınağa məruz qaldı və o, müdrik bir qərar verdi!

Dul qadın İlyas peyğəmbərin Allahı Yehovaya iman gətirməklə həm özü, həm də oğlu sağ qaldı

Allah bu dul qadını atmadı. İlyasın vəd etdiyi kimi, Yehova elə etdi ki, onun ərzaq ehtiyatı quraqlıq bitənə kimi həm İlyasa, həm də qadınla oğluna yetdi. Doğrudan da, «İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı» (1 Pad. 17:16; 18:1). Əgər qadın başqa cür davransaydı, qabın dibində qalan un və yağdan bişirəcəyi çörək elə onun axırıncı yeməyi ola bilərdi. Əslində, o, Yehovaya güvənib birinci İlyasa yemək verməklə imanla hərəkət etmiş oldu.

Buradan özümüzə belə bir dərs götürürük ki, Allah iman təzahür etdirənləri xeyir-dualandırır. Nöqsansızlığınız sınağa məruz qalanda və siz iman göstərəndə Yehova sizi köməksiz qoymayacaq. O, sizə sınaqların öhdəsindən gəlməyə kömək etmək üçün səxavətli və müdafiə edən Allah, eləcə də Dost ola bilər (Çıx. 3:13—15).

1898-ci ilin «Sion Gözətçi qülləsi»ndə dul qadının hekayəsindən hansı nümunəni götürə biləcəyimiz barədə deyilirdi: «Əgər qadın itaətkarlıq göstərəcək qədər imana malik olsa, onda o, Rəbbin Peyğəmbər vasitəsilə göstərdiyi köməyə layiq görüləcək; yox, əgər o, iman təzahür etdirməsə, bunu edəcək başqa dul qadın tapılacaqdı. Bizimlə də vəziyyət eynidir, həyat yolunda addımlayarkən Rəbb bizi elə yerə gətirib çıxarır ki, imanımız sınağa məruz qalır. İman təzahür etdirsək, xeyir-dualar qazanacağıq; əks təqdirdə, əlimizdə olanı da itirəcəyik».

Konkret sınaqlarla üzləşəndə Müqəddəs Yazılardan və ona əsaslanan nəşrlərimizdən Allahın rəhbərliyini axtarmaq lazımdır. Sonra, nə qədər çətin olsa da, Yehovanın rəhbərliyinə əsasən davranmalıyıq. Əgər növbəti müdrik məsəldə deyilən sözlərə uyğun davransaq, həqiqətən də, xeyir-dua alacağıq. Orada deyilir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Sül. məs. 3:5, 6).

«OĞLUMU ÖLDÜRMƏK ÜÇÜN YANIMA GƏLMİSƏN?»

Dul qadının imanı başqa bir sınağa da məruz qaldı. Müqəddəs Kitabda deyilir ki, «bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi». Kədərdən qəddi əyilən ana başına nəyə görə belə bir faciə gəldiyini bilmək üçün İlyasdan soruşdu: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» (1 Pad. 17:17, 18). Bu acı sözlər nə demək idi?

Bu, dul qadına vicdanını narahat edən hər hansı günahınımı xatırlatmışdı? O, oğlunun ölümünün Allahın cəzası olduğunu, İlyasın isə Allahdan ölüm xəbəri gətirdiyinimi düşünürdü? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir, amma bir şey aydındır: qadın Allahı heç bir ədalətsizlikdə günahlandırmırdı.

Çox ehtimal ki, həm oğlanın ölümü, həm də ananın ürəyini parçalayan bu faciəyə görə peyğəmbəri günahlandırması İlyası sarsıtmışdı. İlyas uşağın cəsədini yuxarı otağa aparıb nalə etdi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» Peyğəmbər bilirdi ki, əgər Yehova bu xeyirxah və qonaqpərvər qadının bundan sonra da əzab çəkməsinə yol verərsə, Onun adına ləkə gələ bilər və bu fikir onun üçün dözülməz idi. Buna görə də İlyas yalvardı: «Ey Allahım Rəbb, sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın» (1 Pad. 17:20, 21).

«BAX OĞLUN SAĞDIR»

Yehova Allah İlyas peyğəmbərin duasını eşitdi. Axı bu dul qadın peyğəmbəri yedirtmiş, iman təzahür etdirmişdi. Görünür, Allah Özü oğlanın xəstəliyinin ölümlə nəticələnməsinə yol verdi, çünki O, bilirdi ki, o dirildiləcək və gələcək nəsillərə ümid verəcək. Bu, Müqəddəs Kitabda qələmə alınmış ilk dirilmə hadisəsidir. İlyas Yehovaya yalvarandan sonra O, uşağı həyata qaytardı. İlyas qadına: «Bax oğlun sağdır», — deyəndə onun necə də sevindiyini bir anlıq təsəvvür edin! Sonra qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır» (1 Pad. 17:22—24).

«Birinci Padşahlar» kitabının 17-ci fəslində yazılmış hadisədə bu qadın haqqında başqa heç nə deyilmir. Lakin İsanın onun haqqında söylədiyi xoş sözləri nəzərə alsaq, görünür, o, ömrünü Yehovanın sadiq xidmətçisi kimi başa vurdu (Luka 4:25, 26). Bu dul qadının əhvalatından Allahın Onun xidmətçilərinə yaxşılıq edənləri xeyir-dualandırdığını öyrənirik (Mat. 25:34—40). Həmçinin görürük ki, Allah hətta ən ağır şəraitlərdə belə Öz sadiq bəndələrini təmin edir (Mat. 6:25—34). Üstəlik, bu hadisə sübut edir ki, Yehova ölüm yuxusunda olan kəsləri diriltməyi həm istəyir, həm də bacarır (Həv. iş. 24:15). Əlbəttə, bütün bu səbəblərə görə sarfatlı dul qadını heç vaxt yaddan çıxarmayacağıq.