Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | HƏYAT SİZİN ƏLİNİZDƏDİR, YOXSA SİZ HƏYATIN?

Problem: hər şey alt-üst gələndə...

Problem: hər şey alt-üst gələndə...

UŞAQLARINIZIN sizin qayğınıza ehtiyacı var. Müdiriniz sizdən iş tələb edir. Həyat yoldaşınız sizə nəsə buyurub. Üstəlik, xəstə valideynlərinizə də baxırsınız. Bu, sizin istədiyiniz həyat deyil, amma hər gün bu həyatı yaşamağa məcbursunuz. Siz deyirsiniz: «Neyləyim axı? Hamının dadına yetməliyəm». Əslində, hamının hər istəyini yerinə yetirməyinizin nə sizə, nə də onlara xeyri var. Bəs vəziyyəti necə yoluna qoya bilərsiniz?

MUSA PEYĞƏMBƏRİN NÜMUNƏSİ

Qədimdə yaşamış Musa peyğəmbər İsrail xalqını tək idarə edirdi. Ola bilsin, o fikirləşirdi ki, bir hakim kimi, bütün işləri özü görməlidir. Amma qayınatası ona dedi: «Sən düz eləmirsən. Belə getsə,.. əldən düşəcəksən». O, Musa peyğəmbərə məsləhət gördü ki, bacarıqlı adamlar seçib xalqı mühakimə etməyi onlara tapşırsın və yalnız çətin məsələlərə özü baxsın. Bunun hansı xeyri olacaqdı? «Belə etsən, həm özün davam gətirərsən, həm də camaat razı qalıb arxayın evinə-eşiyinə gedər», — deyə qayınatası onu ürəkləndirdi (Çıxış 18:17—23).

DELİNA ÖHDƏSİNDƏN NECƏ GƏLDİ?

Giriş məqalədə deyildiyi kimi, Delina distoniyadan, sinir-əzələ pozuntusundan əziyyət çəkir. Bundan əlavə, o, üç əlil qardaşının da qeydinə qalır. Delina bölüşür: «Fikir vermişəm ki, sabaha görə narahat olmamaq və bu günün işini bu gün görmək gərginliyi azaldır. Vəziyyətimi başqalarına danışmağın sayəsində isə həm ərim, həm də başqaları mənə kömək əli uzatmağa başladı. Həmçinin mən hər səhər bir az vaxt ayırıb bağda işləyirəm, bu iş mənə böyük zövq verir».

«Hər şeyin öz vaxtı var» (Vaiz 3:1).

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Əgər hər şey üst-üstə gəlibsə və siz bunun altından çıxa bilmirsinizsə, növbəti addımları atın:

  • Görün kimdən kömək istəyə bilərsiniz. Uşaqlarınız sizinlə yaşayırsa, onlar sizə necəsə kömək edə bilər? Bəlkə, yaxınlıqda yaşayan qohumunuzun, ya da dost-tanışınızın sizə köməyi dəyə bilər?

  • Köməyə ehtiyac duyduğunuzu gizlətməyin. Məsələn, əgər müdiriniz sizdən gücünüzdən artıq iş tələb edirsə, onunla danışın. Bu o demək deyil ki, siz müdirinizi «əks halda işdən çıxacağam» deyə hədələməlisiniz. Sadəcə vəziyyətinizi ona başa salın. Ola bilsin, müdiriniz yükünüzü yüngülləşdirəcək.

  • Həftə ərzində görməli olduğunuz işlərin siyahısını tutun. Onlardan bəzilərini kiməsə tapşıra bilərsiniz?

  • Harasa dəvət alanda fikirləşin görün buna vaxtınız və gücünüz çatır, ya yox. Alınmırsa, dəvətdən mehribancasına imtina edin.

Xülasə. Əgər hər şeyi etməyə can atsanız, nəticədə, heç nə edə bilməyəcəksiniz.