Azərbaycan
«Geyim və xarici görünüş yaralı yerim idi»
/assets/ct/28ada02fb0/images/syn_placeholder_sqr.png
g03 22/12
«Geyim və xarici görünüş yaralı yerim idi»

«Geyim və xarici görünüş yaralı yerim idi»

NƏQL ETDİ AYLİN BRAMBA

MƏN «Köhnə alman baptist qardaşları» məzhəbinə mənsub olan ailədə böyümüşəm. Bu məzhəb amiş və mennonit məzhəblərinə bənzəyir. «Köhnə baptistlər» hərəkatı Almaniyada 1708-ci ildə, Pietizm adlanan ruhani oyanma zamanı başlamışdı. Bir ensiklopediyada deyilir ki, Pietizmin əsas səciyyəvi cəhəti o idi ki, bəzi insanlar bəşəriyyətin Məsihin müjdəsinə möhtac olduğunu başa düşmüşdü (The Encyclopedia of Religion). Buna görə də onlar müxtəlif ölkələrə missionerlər göndərirdilər.

1719-cu ildə Aleksandr Makın başçılıq etdiyi bir qrup Amerika Birləşmiş Ştatlarının indi Pensilvaniya adlanan ştatına gəldi. Həmin qrup vaxt keçdikcə başqa-başqa qruplara bölündü və hamısı bir-birindən ayrıldı. Hər bir qrup Aleksandr Makın təlimlərini öz bildiyi kimi şərh edirdi. Bizim kilsənin təxminən 50 üzvü var idi. Bizdə Müqəddəs Kitabı oxumaq və kilsə üzvlərinin rəsmi qərarlarına ciddi riayət etmək vacib idi.

Bizim ailəmiz ən azı üç arxa dönəni bu məzhəbə mənsub olub. 13 yaşım olanda mən də vəftiz olunub bu kilsəyə qoşuldum. Mənə aşılamışdılar ki, avtomobil, traktor, telefon, radio, yaxud elektrik enerjisi ilə işləyən hər hansı cihazı almaq və ya ondan istifadə etmək günahdır. Bizdə qadınlar sadə geyinir, saçlarını kəsmir və başını bağlayırdılar. Kişilər isə saqqal saxlayırdı. Düşünürdük ki, dünyaya məxsus olmamaq üçün gərək müasir dəblə geyinməyəsən, makiyajdan istifadə etməyəsən, zinət əşyaları taxmayasan, çünki bütün bunlar qürurun əlamətidir.

Bizə Müqəddəs Kitaba dərin hörmət aşılayırdılar. Bu kitabı ruhani qidamız hesab edirdik. Hər gün səhər yeməyindən əvvəl qonaq otağında yığışırdıq. Atam Müqəddəs Kitabdan bir fəsil oxuyurdu, biz də qulaq asıb şərh verirdik. Sonra hamımız diz çökürdük, atam dua edirdi. Atamdan sonra anam Rəbbin duasını təkrarlayırdı. Səhər ibadətini çox sevirdim, çünki bütün ailə birgə yığışırdı, diqqətimizi ruhani mövzulara cəmləyirdik.

Biz İndiana ştatında, Delfi şəhəri yaxınlığında yaşayırdıq. Cürbəcür tərəvəzlər yetişdirirdik. Məhsulu at arabası ilə şəhərə aparıb küçədə, ev-ev gəzərək satırdıq. Düşünürdük ki, ağır zəhmət Allaha xidmətin bir hissəsidir. Buna görə də bütün gücümüzü işə sərf edirdik. Təkcə bazar günləri çox işləmirdik, çünki onu müqəddəs gün hesab edirdik. Ancaq bəzən ailəmizin başı əkin-biçinə o qədər qarışırdı ki, ruhani işlər kölgədə qalırdı.

Ailə həyatı

1963-cü ildə, 17 yaşım olanda Ceymslə, Köhnə baptistlər kilsəsinin bir üzvü ilə ailə qurdum. Onların nəsli də çoxdan, ulu babalarının vaxtından bu kilsəyə qoşulmuşdu. Biz ikimiz də Allaha xidmət etmək istəyirdik və əmin idik ki, bizim kilsə yeganə həqiqi kilsədir.

1975-ci ildə artıq altı uşağımız var idi. 1983-cü ildə isə yeddinci övladımız dünyaya gəldi. Təkcə bir qızımız var idi, Rebekka. O da ikinci övladımız idi. Biz çox işləyirdik, pulu qənaətlə xərcləyirdik, sadə yaşayırdıq. Övladlarımıza valideynlərimizdən və Köhnə baptistlər kilsəsinin digər üzvlərindən öyrəndiyimiz Müqəddəs Kitab prinsiplərini aşılayırdıq.

Köhnə baptistlər üçün xarici görünüş çox böyük əhəmiyyət kəsb edirdi. Biz düşünürdük ki, insanın ürəyini heç kim görmür, buna görə də geyim insanın ürəyindəkiləri üzə çıxarır. Beləcə, kilsənin hansısa üzvünün saç düzümü dəblidirsə, deməli, o, qürurludur. Kimsə böyük ölçüdə parçadan paltar tikdiribsə, deməli, təkəbbürlüdür. Bəzən bu kimi şeylərə daha çox önəm verilirdi, nəinki Müqəddəs Yazılara.

Həbsxana sərgüzəşti

Yoldaşımın Cesi adında bir qardaşı var idi. O da Köhnə baptistlər məzhəbində böyümüşdü. 1960-cı illərin sonunda onu hərbi xidmətdən boyun qaçırdığına görə həbs etdilər. O, həbsxanada Yehovanın Şahidləri ilə tanış oldu. Onlar da belə hesab edirdi ki, müharibədə iştirak etmək Müqəddəs Kitaba ziddir (Əşiya 2:4; Mətta 26:52). Cesi Yehovanın Şahidləri ilə Müqəddəs Kitab barədə tez-tez söhbət edirdi, onların xüsusiyyətlərini müşahidə edirdi. Müqəddəs Kitabı onlarla xeyli araşdırandan sonra o, Yehovanın Şahidi kimi vəftiz olundu. Biz çox pərişan olmuşduq.

Cesi öyrəndikləri barədə yoldaşıma da danışırdı. Həmçinin çalışırdı ki, Ceymsə müntəzəm olaraq «Gözətçi qülləsi» və «Oyanın!» jurnalı göndərsinlər. Bu jurnalları oxuduqca Ceymsin Müqəddəs Kitabı marağı artdı. O həmişə Allaha xidmət etmək istəyib, amma özünü çox vaxt Ondan uzaq hiss edib. Buna görə də onu Allaha yaxınlaşdıran hər şeyə maraq göstərirdi.

Kilsəmizin ağsaqqalları bizi təşviq edirdi ki, amişlərin, mennonitlərin və digər Köhnə baptist qruplarının nəşrlərini oxuyaq, baxmayaraq ki, biz həmin dini qrupları bu dünyaya məxsus olan dinlər hesab edirdik. Atam Yehovanın Şahidlərinə qarşı çox qərəzli idi. Düşünürdü ki, «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını oxumaq düzgün deyil. Buna görə də Ceymsin bu jurnalları oxuduğunu görəndə çox pis olurdum. Qorxurdum ki, o, yalan etiqadları qəbul edər.

Ancaq Ceyms artıq uzun müddət idi ki, Köhnə baptistlər dininin bəzi etiqadlarına şübhə ilə yanaşırdı. Onun fikrincə, bu etiqadlar Müqəddəs Kitaba zidd gedirdi. Xüsusən də, bazar günü işləməyin günah olduğunu qəbul etmirdi. Məsələn, Köhnə baptistlər deyirdilər ki, bazar günü heyvanları sulamaq olar, amma alaq otunu təmizləmək olmaz. Ağsaqqallar bu qaydanı Müqəddəs Kitabdan əsaslandıra bilmirdi. Tədricən mən də bu kimi təlimlərə şübhə etməyə başladım.

Bütün ömrümüz boyu düşünürdük ki, kilsəmiz Allahın kilsəsidir. Həmçinin başa düşürdük ki, bu kilsədən çıxsaq, bizi nə gözləyir. Buna görə də Köhnə baptistlərdən ayrılmaq bizə çətin idi. Ancaq vicdanımız da artıq yol vermirdi ki, Müqəddəs Kitaba tam əməl etməyən dində qalaq. Buna görə də 1983-cü ildə məktub yazıb kilsədən çıxmağımızın səbəbini izah etdik və xahiş etdik ki, məktubu yığıncağa oxusunlar. Bizi qrupdan xaric etdilər.

Həqiqi din axtarışında

Bundan sonra başladıq doğru dini axtarmağa. Elə bir dini axtarırdıq ki, onun üzvləri öyrətdikləri şeylərə özləri də əməl etsin. İlk olaraq, müharibədə iştirak edən dinlərin üstündən xətt çəkdik. Hələ də «sadə» dinlər bizi özünə cəlb edirdi. Düşünürdük ki, üzvlərinin sadə yaşayışı, sadə geyimi dinin bu dünyaya məxsus olmadığını göstərir. 1983-cü ildən 1985-ci ilədək ölkəni gəzib, dinləri bir-bir nəzərdən keçirdik. Mennonit, kvaker və digər «sadə» məzhəbləri araşdırdıq.

Həmin vaxt Yehovanın Şahidləri bizə gəldilər. Onda İndiananın Kamden şəhəri yaxınlığında yaşayırdıq. Biz onlara qulaq asırdıq, ancaq xahiş edirdik ki, Müqəddəs Kitabın yalnız «Kral Yakov tərcüməsi» versiyasından oxusunlar. Yehovanın Şahidlərinə müharibədə iştirak etmədiklərinə görə hörmət edirdim. Amma onları dünyəvi hesab edirdim, düşünürdüm ki, bu din düzgün ola bilməz, çünki onlar sadə geyinib bu dünyadan ayrı qalmağın vacibliyini başa düşmürlər, qürurlu olduqları üçün bizim kimi geyinmirlər. Mənim fikrimcə, müasir geyim və əşyalar insanın qürurlu olduğunu göstərir.

Ceyms Yehovanın Şahidlərinin ibadət evinə getməyə başladı. Hər dəfə oğullarımızdan da hansılarısa özü ilə aparırdı. Çox məyus olmuşdum. O mənə də getməyi təklif etsə də, getmirdim. Bir dəfə Ceyms dedi: «Onların öyrətdikləri ilə razılaşmasan da, gəl bir dəfə ora gedək. Öz gözünlə gör onlar bir-birilə necə rəftar edirlər». Onun özünə məhz bu çox güclü təsir etmişdi.

Axırda qərara gəldim ki, gedim, amma ehtiyatı əldən verməyim. Əynimdə sadə paltar, başımda örpək ibadət evinə getdim. Oğullarımızın bəziləri ayaqyalın idi. Onların da geyimi sadə idi. Buna baxmayaraq, Şahidlər bizə yaxınlaşır, bizimlə mehriban davranırdı. Öz-özümə fikirləşdim: «Biz onlardan fərqlənirik, ancaq onlar buna heç məhəl qoymurlar».

Onların xoş rəftarı mənə güclü təsir bağışladı. Amma hələ də fikrimdən dönməmişdim, sadəcə müşahidə edirdim. Nəğmə oxunanda nə ayağa qalxdım, nə də oxudum. Görüşdən sonra üstlərinə suallar yağdırdım, ayələrin mənası barədə, düzgün hesab etmədiyim hansısa hərəkətləri barədə suallar verdim. Elə də nəzakətli olmasam da, hamı mənə səmimi maraq göstərdi. Mən həm də ona valeh olurdum ki, eyni sualı kimə verirdimsə verim, hamısının cavabı bir-birinə uyğun olurdu. Bəzən onlar cavabı yazıb verirdilər. Bunun çox böyük köməyi olurdu, çünki sonradan özüm tək olanda oxuyub araşdırırdım.

1985-ci ilin yayında ailəlikcə Yehovanın Şahidlərinin Tennessi ştatının Memfis şəhərindən keçən toplantısına getdik. Sadəcə müşahidə etmək məqsədilə. Ceyms hələ də saqqal saxlayırdı. Biz də sadə geyimdə idik. Fasilələrdə çox nadir hallarda olurdu ki, kimsə bizim yanımıza gəlməsin. Onların məhəbbəti, diqqəti, qayğısı bizə çox xoş təsir bağışladı. Həmçinin onların arasındakı vəhdət də bizi heyran etmişdi. Fərqi yoxdur, harada ibadət görüşünə gedirdiksə, hər yanda eyni təlimləri öyrədirdilər.

Yehovanın Şahidlərinin belə qayğısından, diqqətindən təsirlənən Ceyms Müqəddəs Kitabı öyrənməyə başladı. O hər şeyi diqqətlə araşdırırdı, öyrəndiklərinin düzgün olduğuna əmin olmaq istəyirdi (Həvarilərin işləri 17:11; 1 Salonikililərə 5:21). Bir qədər sonra Ceyms həqiqəti tapdığına əmin oldu. Amma mən tərəddüd edirdim. Düzgün davranmaq istəyirdim, amma müasirləşmək, dünyəviləşmək istəmirdim. Birinci dəfə Müqəddəs Kitab dərsində oturanda bir dizimin üstünə «Kral Yakov tərcüməsi»ni qoymuşdum, bir dizimin üstünə isə müasir tərcümə olan «Yeni Dünya Tərcüməsi»ni. Hər ayəni iki tərcümədə də açıb oxuyurdum ki, məni aldatmasınlar.

Həqiqəti tapdığıma əmin oldum

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırarkən öyrəndik ki, səmavi Atamız tək olan Allahdır, Üç üqnumun bir hissəsi deyil, insanda ölməz ruh yoxdur (Qanunun təkrarı 6:4; 1 Korinflilərə 8:5, 6). Allah insanlara cəhənnəmdə işgəncə vermir (Əyyub 14:13; Zəbur 16:10; Vaiz 9:5, 10; Həvarilərin işləri 2:31). Cəhənnəm haqqında həqiqəti öyrənmək dönüş nöqtəsi oldu, çünki Köhnə baptistlər cəhənnəm barədə başqa fikirdə idilər.

Amma yenə başa düşə bilmirdim, necə ola bilər ki, Yehovanın Şahidlərinin dini düzgün olsun, axı mənim nəzərimdə, onlar dünyaya məxsus idilər, sadə yaşamırdılar. Bu isə, mənim fikrimcə, çox vacib idi. Ancaq eyni zamanda başa düşürdüm ki, onlar İsanın tapşırdığı işi yerinə yetirirlər, Padşahlıq haqqında müjdəni insanlara təbliğ edirlər. Bir sözlə, çaşıb qalmışdım (Mətta 24:14; 28:19, 20).

Belə çətin bir vaxtda Şahidlərin məhəbbəti sayəsində araşdırma aparmağa davam etdim. Bütün yığıncaq bizə səmimi maraq göstərirdi. Müxtəlif bacı-qardaşlar bizə gəlirdi. Bəzən süd və ya yumurta almaq adıyla bizə baş çəkirdilər. Beləcə görürdük ki, onlar yaxşı adamlardır. Bir Şahidin bizimlə dərs keçməsi digər Şahidlərə evimizə gəlməyə mane olmurdu. Əksinə, yığıncaqdan kimsə evimizin yanından keçəndə mütləq bizə gəlirdi. Bu bizə çox lazım idi. Çünki beləcə Şahidlərlə tanış olur, onların qayğı və məhəbbətini qiymətləndirirdik.

Həmçinin təkcə yaxınlıqdakı yığıncağın Şahidləri bizə qayğı göstərmirdi. Dediyim kimi, geyim və xarici görünüş yaralı yerim idi. Buna görə də yaxınlıqdakı yığıncaqdan olan Key Briqz adlı bir bacı mənə baş çəkdi. O sadə geyinməyə üstünlük verir, kosmetikadan istifadə etmirdi. Özümü onunla çox rahat hiss edirdim, çəkinmədən söhbət edirdim. Sonra bir dəfə Lyues Flora adlı bir Şahid yanıma gəldi. O da bizim kimi «sadə» dində böyümüşdü. O, məni narahat edən düşüncələri üzümdən oxudu. Ürəyimi sakitləşdirmək üçün mənə on səhifəlik məktub göndərdi. Onun bu qayğısını görəndə özümü saxlaya bilməyib ağladım. Məktubunu isə dönə-dönə oxudum.

Odel adlı səyyar nəzarətçidən xahiş etdim ki, Əşiya 3:18—23 və 1 Butrus 3:3, 4 ayələrini mənə izah etsin. Soruşdum: «Məgər bu ayələrdə açıq-aydın yazılmayıb ki, Allah bizim sadə geyinməyimizi istəyir?» O dedi: «Başa örpək bağlamaqda pis bir şey var? Saç hörmək günahdır?» Köhnə baptistlər balaca qız uşaqlarının saçını hörür, qadınlar da başlarına örpək bağlayırlar. Beləcə, fikirlərimdəki uyğunsuzluğu gördüm, həmçinin səyyar nəzarətçinin səbri, nəzakəti məni heyran etdi.

Yavaş-yavaş bu dinin düzgün olduğuna inanmağa başladım. Amma bir məsələ də məni çox narahat edirdi — qadınların saç kəsdirməyi. Məsihi ağsaqqallar belə bir fikir söylədilər: bəzi qadınların saçı çox uzanmır, digərlərinin isə çox uzanır. Belə çıxır ki, saçı uzanan qadın uzanmayandan yaxşıdır? Onlar həmçinin geyim və xarici görünüş məsələsində vicdanın da rol oynadığını mənə başa saldılar. Mənə yazılı məlumat verdilər ki, evdə oxuyum.

Öyrəndiklərimə əməl edirəm

Biz öyrətdiklərinə uyğun davranan adamları axtarırdıq. Axtardığımızı da tapdıq. İsa Məsih demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:35). Biz əmin idik ki, Yehovanın Şahidləri arasında əsl məhəbbət hökm sürür. Bununla belə övladlarımızdan ikisi, Neytan və Rebeka tərəddüd edirdi. Onlar Köhnə baptistlər dinini qəbul edib vəftiz olunmuşdular. Ancaq Müqəddəs Kitabdan danışdığımız həqiqətlər, həmçinin Şahidlərin məhəbbəti onlara da təsir elədi.

Məsələn, Rebeka həmişə Allaha yaxın olmaq istəyirdi. Biləndə ki, Allah insanın hərəkətlərini, həyatını qabaqcadan yazmayıb, onun üçün dua etmək daha asan oldu. Həmçinin öyrənəndə ki, Allah sirli Üç üqnumun bir hissəsi deyil, gerçək Varlıqdır və Ona bənzəyə bilər, Allaha lap yaxınlaşdı (Efeslilərə 5:1). Üstəlik, çox sevindi ki, Allaha dua edərkən arxaik sözlər işlətməyə gərək yoxdur. Allahın dua ilə bağlı dediklərini, insanların yer üzündə, cənnətdə əbədi yaşayacağını öyrənəndə Yaradana sevgisi aşıb-daşdı (Zəbur 37:29; Vəhy 21:3, 4).

Aldığımız nemətlər

Ceyms, mən və beş böyük övladımız, Neytan, Rebeka, Corc, Daniel və Con 1987-ci ilin yayında vəftiz olunduq. Harli 1989-cu ildə, Saymon 1994-cü ildə vəftiz olundu. Bütün ailəmiz bu günədək İsa Məsihin öz davamçılarına tapşırdığı işi görür, yəni Allahın Padşahlığı haqda müjdəni təbliğ edir.

Beş böyük oğlumuz, Neytan, Corc, Daniel, Con və Harli, eləcə də qızımız Rebeka Yehovanın Şahidlərinin ABŞ-dakı filialında xidmət edib. Corc hələ də, artıq 14 ildir ki, orada xidmət edir. 2001-ci ildə məktəbi bitirən Saymon da bu yaxınlarda filialda xidmət etməyə başlayıb. Oğullarımızın hamısı ya ağsaqqaldır, ya da yığıncaq xidmətçisi. Yoldaşım Missuri ştatının Tayer şəhərindəki yığıncaqda ağsaqqal kimi xidmət edir. Mən də xidmətdə fəal iştirak edirəm.

İndi bizim üç nəvəmiz var — Cesika, Latişa və Keylab. Çox sevinirik ki, valideynləri onların körpə ürəyində Yehovaya sevgi yetişdirirlər. Biz çox xoşbəxtik ki, Yehova ailəmizi Özünə cəlb edib, məhəbbəti əməldə göstərən xalqını bizə tanıdıb.

Bu dünyada çox insan Allahı sevir, amma təəssüf ki, onları Müqəddəs Kitab yox, ətraf mühit formalaşdırıb. Belə insanlara ürəyimiz yanır. Ümid edirik ki, bizim kimi onlara da əsl sevinc nəsib olacaq. Vaxt vardı biz məhsul satmaq üçün ev-ev gedirdik. Bu gün isə ev-ev gedib Allahın Padşahlığı və gələcək nemətlər haqda xəbəri çatdırırıq. Bu, insana əsl sevinci bəxş edir. Yehovanın adını daşıyan xalqın bizə göstərdiyi məhəbbət, səbir barədə düşünəndə gözlərim yaşla dolur.

[Şəkil]

Yeddi yaşım olanda və böyüyəndə

[Şəkil]

Ceyms, Corc, Harli və Saymon sadə geyimdə

[Şəkil]

Bazara məhsul gətirəndə çəkilən şəklim yerli qəzetdə çıxmışdı

[Şəkil]

Journal and Courier, Lafayette, Indiana

[Şəkil]

Bu gün ailəmiz