Kontentə keç

Zamana səyahət

Zamana səyahət

2012-ci ilin oktyabr ayından etibarən Yehovanın Şahidlərinin baş idarəsində (Bruklin, Nyu-York) onların tarixini nümayiş etdirən bələdçisiz ekskursiya keçirilir a. Sərgilənən ekspanatlar məsihçilərin apardıqları mübarizəni, üzləşdikləri təhlükələri və əldə etdikləri nailiyyətləri əks etdirir.

Tarixə açılan bu pəncərə qonaqları eramızın 33-cü ilindən başlayaraq bu günə qədər məsihçi tarixində baş verən hadisələrlə tanış edir. Sərgi dörd hissədən və onları birləşdirən zaman xəttindən ibarətdir. Hər hissənin əvvəlində qısa videoçarx göstərilir və mövzuya uyğun Müqəddəs Kitabdan ayə seçilib. İngilis dilində olan bu videoçarxlara altı dildə — fransız, ispan, italyan, Koreya, portuqal və yapon dilində subtitrlar da daxildir.

Ekskursiyanın əsas hissələri

İlk hissənin adı İsanın Yəhya 3:19 ayəsindəki sözlərindən götürülüb və «İnsanlar... qaranlığı sevdilər» adlanır. Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, «həqiqəti təhrif [edən]» pis insanlar peyda olacaq (Həvarilərin işləri 20:30). Bu hissədə belə insanların əməllərindən çəkindirən xəbərdarlıqlar yer alıb.

İkinci hissənin mövzusu 2 Korinflilərə 4:6 ayəsindəki «Qoy zülmətdə işıq parlasın» sözlərinə əsaslanır. Bu hissə 1800-cü illərin sonu 1900-cü illərin əvvəlini ehtiva edir. Bu hissənin əvvəli Müqəddəs Kitabı yeni baxışla araşdıran səmimi insanların tarixçəsindən və Birinci Dünya müharibəsindən qabaq onların bilik və saylarının necə artdığından bəhs edir.

Sözügedən hissəsinin növbəti yarısı isə «Yaradılış fotodramı» kimi tanınan multimedialı filmə həsr olunub. 1914-cü ildə Müqəddəs Kitab Tədqiqatçıları (Yehovanın Şahidlərinin əvvəlki adı) bu qeyri-adi filmin nümayişinə başlamışdılar. Bu filmin qeyri-adiliyi onda idi ki, hərəkət edən şəkillər səslə sinxronizə edilmişdi. Vaxt var idi, bu filmə baxmaq üçün milyonlarla insan nümayiş zallarına axışırdı. Ekspanatlar arasında bu filmin girişinin qısa videofraqmenti və 500-dən çox rəngli slayd var.

Üçüncü hissənin mövzusu Vəhy 12:17 ayəsindən götürülüb və «Əjdaha... bərk qəzəbləndi» adlanır. Bu hissədə XX əsrin əvvəlində təqiblərə məruz qalan Məsihin davamçılarından, eləcə də müharibə zamanı bitərəfliklərini qoruyan məsihçilərin təsirli nümunələrindən danışılır. Videoçarxların birində İtaliyanın hərbi uniformasını geyinməkdən və Birinci Dünya müharibəsində iştirak etməkdən imtina edən Remicio Kuminetti adlı bir Yehovanın Şahidindən bəhs edilir. Digər videoçarx isə Avstriyadan olan Alois Mozerə həsr olunub. O, «Hayl Hitler!» demədiyi üçün işini itirmiş, sonda isə Daxau həbs düşərgəsinə göndərilmişdi.

Qaranlıq həbsxana kamerasının özü boyda düzəldilmiş maketin içində Polşa, Serbiya, Yaponiya və Yunanıstan kimi ölkələrdə imanlarına görə həbsxanalarda yatan Yehovanın Şahidlərinin şəkilləri sərgilənir.

Sonuncu hissə isə «Bütün millətlər üçün xoş xəbər» adlanır və Matta 24:14 ayəsinə əsaslanır. Burada Yehovanın Şahidlərinin 1950-ci illərdən tutmuş bizim günlərədək davam edən fəaliyyətindən bəhs edilir. Şəkillər kompozisiyası qısa müddətdə baş vermiş inkişafı, təbliğ işinin dayanmadan yerinə yetirilməsini və Yehovanın Şahidlərinin səciyyəvi cəhəti olan qardaşlıq məhəbbətini əks etdirir.

Ekskursiyanı bitirməzdən öncə, qonaqlar interaktiv köşklərin köməyilə Yehovanın Şahidlərinin təxminən 100 il bundan əvvəl istifadə etdikləri Müqəddəs Kitab evinə və Bruklin çadırına səyahət edə bilərlər.

Sərginin məqsədi

Bu sərginin ərsəyə gəlməsi üçün bir il plan hazırlanmış, bir neçə ay isə quraşdırılma işinə sərf edilmişdi. Dünyanın dörd tərəfindən Şahidlər mirasımızın dəyərli inciləri hesab etdikləri əşyaları ianə etmişlər.

Bu qədər iş nəyə lazım idi? Bu ekskursiyanın Yehovanın Şahidlərinə faydası haqda sual veriləndə Rəhbərlik Şurasının bir üzvü belə cavab verib: «Hara getdiyimizi bilmək üçün haradan gəldiyimizi bilməliyik».

a Ekskursiya bazar ertəsindən başlayaraq cümə gününə qədər hər gün saat 08:00-dan 17:00-dək Kolumbiya Hayts 25, Bruklin, Nyu-York ünvanında keçirilir. Giriş pulsuzdur.