Kontentə keç

13 FEVRAL 2015-Cİ İL
UKRAYNA

Ukraynanın şərqində ibadət evləri ələ keçirildi

Ukraynanın şərqində ibadət evləri ələ keçirildi

2015-ci ilin yanvarından etibarən Ukraynada silahlı dəstələr Yehovanın Şahidlərinə məxsus olan 14 ibadət evini zor gücünə ələ keçirdilər. Ələ keçirilən binalar ölkənin şərqində — aylardır qızğın toqquşmaların baş verdiyi Donetsk və Luqanskda yerləşir. Bu silahlı dəstələr Yehovanın Şahidlərinə qarşı qərəzli münasibət göstərdikləri üçün, din və birləşmək azadlıqlarını tanımadıqları üçün onları hədəf seçiblər.

Ukraynadakı Yehovanın Şahidləri 20 ildən çoxdur ki, azad şəkildə ibadət edirlər. Yehovanın Şahidlərinin Lvov şəhərində yerləşən filialında xidmət edən Vasil Kobel belə demişdi: «Biz Müqəddəs Kitabı oxumaq, dua etmək üçün müntəzəm olaraq ibadət evlərimizdə yığışırıq. Həmçinin çalışırıq ki, yaşadığımız cəmiyyətdə yaxşı insanlar kimi tanınaq. Ancaq bu son aylarda ölkənin şərqində baş verən hadisələr Ukrayna xalqına pis təsir etmişdi. Bu hadisələr Yehovanın Şahidlərindən yan keçmir, biz də zorakılığın qurbanı oluruq».

Vasil Kobel Ukraynadakı 150000 Yehovanın Şahidinin narahatçılığını dilə gətirdi. Son aylarda minlərlə Yehovanın Şahidi müharibə bölgəsini tərk ediblər. Amma 17500-ə yaxın Yehovanın Şahidi hələ də qızğın toqquşmaların arasında gündəlik həyatlarını davam etdirməyə çalışırlar. Onların ibadət evləri silahlılar tərəfindən ələ keçirildiyindən minlərlə Şahidin ibadət etmək üçün yerləri yoxdur. Buna görə də onlar şəxsi evlərdə, çətin şəraitdə toplaşmağa məcbur olurlar. Bəzi Şahidlər isə ibadət görüşlərində iştirak etmək üçün gedib-qayıtmağa 4 saat vaxt sərf edirlər.

İbadət evlərinin ələ keçirilməsinə səbəb dini nifrətdir

İbadət evlərinin ələ keçirilməsi təsadüfi deyil. Bu hadisələrin arxasında Yehovanın Şahidlərinə və dini etiqadlarına qarşı ayrı-seçkilik durur. Bir dəstə başçısı demişdi ki, məqsədi «Yehovanın Şahidlərindən yaxa qurtarmaqdır». Onun fikrincə, həmin ərazidə fəaliyyətinə icazə verilən tək din Pravoslav kilsəsidir. Başqa bir başçı isə demişdi: «Yehovanın Şahidlərinin sonu çatıb». Bütün bu hədə-qorxulara baxmayaraq, Yehovanın Şahidləri Ukraynada fəal olmağa qəti qərarlıdırlar.

İbadət evləri ələ keçirilərkən heç bir Yehovanın Şahidi zərər görməsə də, onların təhlükəsizliyi və dindaşları ilə birgə sərbəst toplaşmaq azadlığı təhdid altındadır. Bir dəfə Donetsk vilayətinin Qorlovka şəhərində silahlı şəxslər ibadət evlərinin birinə hücum etmiş, aralarında yaşlıların və uşaqların da olduğu iştirakçıları qorxutmuşdular. Digər bir hadisədə isə Yehovanın Şahidləri ibadət etmək üçün zala gələndə gördülər ki, qapının kilidi dəyişdirilib və zal hərbi sığınacaq kimi istifadə olunur.

Bu problemin həll edilməsi üçün hansı addımlar atılır?

Vasil Kobel demişdir: «Lvovdakı filialımız bir çox nazirliklərlə, digər rəsmilərlə əlaqə yaratmış və binaların qanunsuz şəkildə ələ keçirildiyini bildirmişdi. Bununla da hökumət həmin binalarda nələrin baş verdiyindən və binalardakı qanunsuz şəxslərin törətdiyi aktların bizimlə heç bir əlaqəsi olmadığından agah oldu». Bundan başqa filial Donetsk və Luqansk vilayətindəki Yehovanın Şahidlərinin yığıncaqlarındakı məsul şəxslərə müraciət etdi ki, ərazidəki hər bir Yehovanın Şahidinin təhlükəsizliyinin təmin olunması üçün nə lazımdırsa etsinlər. Onlara xatırladıldı ki, insan həyatı binalardan daha vacibdir və gərək onlar bir Şahidin belə həyatını təhlükəyə atacaq hərəkətlərə yol verməsinlər.

Ərazidəki iğtişaşlara görə, ibadət evlərinin Yehovanın Şahidlərinə qaytarılması üçün hər hansısa hüquqi proses başladılmayıb. Yehovanın Şahidləri ibadət evləri ələ keçirildiyi üçün çətinlik çəksələr də, dini fəaliyyətlərini davam etdirməyə qəti qərarlıdırlar. Şahidlər ibadət evlərinin onlara qaytarılmasını və yenidən dindaşları ilə birgə təhlükəsiz şəkildə ibadət etməyi səbirsizliklə gözləyirlər.