Kontentə keç

Rasul Rozbayev

23 MART 2021
TÜRKMƏNİSTAN

Rasul Rozbayev bitərəf mövqeyinə görə ikinci dəfə məhkum edildi

Rasul Rozbayev bitərəf mövqeyinə görə ikinci dəfə məhkum edildi

Hökm

16 mart 2021-ci il tarixində türkmən məhkəməsi qardaşımız Rasul Rozbayevin işi üzrə hökmünü elan etdi. O, əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün iki il müddətinə həbsə məhkum edildi. Qardaş bitərəf mövqeyinə görə ikinci dəfədir məhkum edilir.

Qardaş barədə məlumat

Rasul Rozbayev

  • Doğulduğu il: 1999 (Xallanq)

  • Bioqrafiya. İki böyük bacısı və bir kiçik qardaşı var. Məktəbi bitirəndən sonra bərbərliyi öyrənib. Futbol, voleybol oynamağı və üzgüçülüyü sevir.

    O, balaca olanda valideynləri Yehovanın Şahidi oldular. 2013-cü ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

Rasul bitərəf mövqeyinə görə ilk dəfə 19 dekabr 2017-ci il tarixində iki il müddətinə islah işlərinə məhkum edilmişdi. Qardaş ona verilmiş torpaq sahəsində taxıl yetişdirməli və məhsulun 20 faizini dövlətə verməli idi. Torpaq sahəsi evindən xeyli uzaqda yerləşirdi. Maşını olmadığı üçün o, ora piyada gedib-gəlirdi.

Türkmənistanın qanunlarına əsasən, əqidələrinə görə hərbi xidmətdən imtina edənlər ikinci dəfə məhkum edilə bilər. 22 aprel 2020-ci il tarixində o, yenə də hərbi komissarlığa gedib hərbi xidmətdən imtina etdiyini bildirdi. Bundan sonra onu dəfələrlə hərbi komissarlığa çağırdılar, sorğu-sual etdilər, tibbi müayinəyə göndərdilər, həbs edəcəkləri ilə hədələdilər. Bu, aylarla davam etdi. 22 yanvar 2021-ci il tarixində onun işi prokurorluğa göndərildi.

Bu kimi çətinliklərlə üzləşən bacı-qardaşların nümunəsi Rasula cəsarət verir. O deyir: «Onların həyat yolu mənə Yehovaya güvənməyə kömək edir... və sınaqlar zamanı güc verir. Əgər sadiq qalsam, Yehovanı və İsanı sevindirəcəyəm». Bütün bunlar Rasulun ailə üzvləri üçün də sınaqdır. Onun anası deyir: «Müqəddəs Kitabdan və videolarımızdan bilirəm ki, bu kimi sınaqlarla üzləşən tək mən deyiləm. Belə sınaqlar bir çox bacı-qardaşların da başına gəlib və onlar bu sınaqlardan qalib çıxıblar. Onların nümunəsi mənə dözməyə güc verir».

Rasul Zəbur 37:23, 24 ayələrində yazılan sözlərdə təsəlli tapır. Biz əminik ki, Yehovanın köməyi ilə həm o, həm də digər cəsur gənclərimiz imanda möhkəm duracaq, Ona sadiq qalacaq və sevinclərini qoruyacaqlar.