Kontentə keç

Varlı adam və dilənçi İlazər kim idi?

Varlı adam və dilənçi İlazər kim idi?

Müqəddəs Kitabın cavabı

 Varlı adam və dilənçi İlazər İsanın danışdığı bir məsəlin qəhrəmanlarıdır (Luka 16:19—31). Bu iki nəfər iki qrup insanı: 1) İsanın günlərindəki təkəbbürlü din xadimlərini və 2) İsanın təbliğ etdiyi xəbərə hay verən səmimi-qəlbli sadə insanları təmsil edir.

Bu məqalədə

 İsa varlı adam və dilənçi İlazər barədə nə demişdi?

 Luka kitabının 16-cı fəslində İsa vəziyyətlərində köklü dəyişiklik baş vermiş iki nəfərdən danışır.

 İsanın danışdığı məsəlin qısa məzmunu belədir: varlı adam ömrünü təmtəraq içində keçirirdi. İlazər adlı dilənçini varlı adamın qapısına qoyurdular. O, varlının süfrəsindən düşən qırıntılarla qarnını doydurmağı arzulayırdı. Bir gün İlazər öldü və mələklər onu İbrahimin yanına apardılar. Varlı adam da öldü və dəfn edildi. Bu məsəldə onların hər ikisi ölümdən sonra şüurlu vəziyyətdə təsvir olunur. Ölmüş varlı adam alovun içində əzab çəkir və İbrahimdən xahiş edir ki, İlazəri onun yanına göndərsin. O istəyir ki, İlazər barmağının ucunu suya batırıb varlı adamın dilini sərinlətsin. İbrahim onun xahişini rədd edir və deyir ki, onların hər ikisinin vəziyyəti tamamilə dəyişib və aralarında dərin uçurum yaranıb, belə ki, onu keçmək mümkün deyil.

 İsa olmuş hadisəni danışmışdı?

 Xeyr. İsa bu məsəllə ibrət dərsi vermək istəyirdi. Bunun məsəl olduğunu alimlər də təsdiq edirlər. Məsələn, «Lüterin Müqəddəs Kitabı»nın 1912-ci il buraxılışındakı yarımbaşlıqda bunun məsəl olduğu yazılıb. Katolik «Yerusəlim Müqəddəs Kitabı»nda haşiyədə izah olunur ki, bu, «hekayə şəklində danışılan məsəldir və burada real insanlardan söhbət getmir».

 İsa ölümdən sonra həyatın olduğunu öyrədirdi? O, bəzi insanların öləndən sonra cəhənnəm odunda əzab çəkdiyini, digərlərinin isə İbrahim və İlazər kimi göyə getdiyini demək istəyirdi? Faktlar göstərir ki, yox.

 Məsələn:

  •   Əgər varlı adam hərfən cəhənnəm odunda yansaydı, məgər İlazərin barmağının ucundakı su buxarlanmazdı?

  •   Hətta buxarlanmasaydı belə, məgər bir damcı su varlı adamı onu yandırıb-yaxan odun verdiyi əzabdan birdəfəlik qurtara bilərdi?

  •   İsa yer üzündə olanda demişdi ki, heç bir insan göyə çıxmayıb (Yəhya 3:13). Belə isə, İbrahim necə göydə ola bilərdi?

 Bu məsəl cəhənnəm təlimini təsdiq edir?

 Xeyr. Amma məsəldə deyilənlər real hadisə olmasa da, bəziləri iddia edir ki, bu məsəl öləndən sonra yaxşı insanların göyə getdiyini, pis insanların isə cəhənnəmə düşdüyünü təsdiq edir a.

 Belə nəticəyə gəlməyə əsas var? Xeyr.

 Cəhənnəm təlimi Müqəddəs Kitabda ölənlərin vəziyyəti barədə deyilənlərlə uzlaşmır. Məsələn, orada deyilmir ki, öləndən sonra yaxşı insanlar göydə şad-xürrəm yaşayır, pis insanlar isə cəhənnəm odunda əzab çəkir. Əksinə, Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, «dirilər öləcəklərini bilir, lakin ölülər heç nə bilmir» (Vaiz 9:5).

 Varlı adam və dilənçi İlazər barədə məsəlin mənası nədir?

 İsa bu məsəllə demək istəyirdi ki, tezliklə hər iki qrupun vəziyyəti tamamilə dəyişəcəkdi.

 Varlı adam «pulgir» yəhudi din xadimlərini təmsil edirdi (Luka 16:14). Onlar İsanın təbliğ etdiyi xəbəri eşitsələr də, ona qarşı çıxırdılar. Bu din xadimləri sadə insanlara yuxarıdan aşağı baxırdılar (Yəhya 7:49).

 İlazər isə İsanın xəbərinə hay verən, amma yəhudi din xadimlərinin nifrət etdiyi sadə insanları təmsil edirdi.

 Hər iki qrupun vəziyyəti tamamilə dəyişdi.

  •   Yəhudi din xadimləri düşünürdülər ki, Allah onlardan razıdır. Amma onlar İsanın təbliğ etdiyi xəbəri qəbul etməyəndə sanki öldülər, çünki Allah onları və onların ibadətini rədd etdi. Üstəlik, İsanın və davamçılarının təbliğ etdiyi xəbər yəhudi din xadimlərinə əzab verirdi (Mətta 23:29, 30; Həvarilərin işləri 5:29—33).

  •   Yəhudi din xadimlərinin uzun müddət etinasızlıq göstərdiyi sadə adamlar isə indi daha əlverişli vəziyyətdə idi. Çoxları İsanın təbliğ etdiyi xəbəri qəbul etmiş və bunun xeyrini görmüşlər. İndi onlar əbədiyyət boyu Allahın lütfündən bəhrələnə bilərdilər (Yəhya 17:3).

a Bəzi Müqəddəs Kitab tərcümələrində varlı adamın ölümündən sonra düşdüyü yer «cəhənnəm» kimi tərcümə olunub. Amma orijinal yunan mətnində Luka 16:23 ayəsində duran «hades» sözü sadəcə bəşəriyyətin ümumi Məzarı deməkdir.