Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK

Uşaqlara uğursuzluqla mübarizədə necə kömək etmək olar?

Uşaqlara uğursuzluqla mübarizədə necə kömək etmək olar?

 Əvvəl-axır uşaqlarınız uğursuzluqla və ya xətalarla üzləşəcək. Onlara özlərinə gəlməyə necə kömək edə bilərsiniz?

 Nəyi bilməlisiniz?

 Hamımız zamanla uğursuzluqla üzləşirik. Müqəddəs Kitabda deyilir ki, «hər birimiz... səhv edirik» (Yaqub 3:2). Uşaqlar da səhvlərə yol verir. Amma uğursuzluğun yaxşı tərəfi odur ki, bu, uşaqlara çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Sözsüz, uşaqlar bu qabiliyyətlə doğulmurlar, amma onlar buna nail ola bilərlər. Laura adlı bir ana deyir: «Ərimlə gördük ki, uşaqlarımız uğursuzluqlarını ört-basdır etməyib, onun öhdəsindən gəlməyi öyrənəndə bu onlar üçün daha yaxşı olur. Bunun sayəsində onlar nə isə istədikləri kimi getməyəndə buna tab gətirməyi öyrənirlər».

 Əksər uşaqlar uğursuzluğa dözə bilmir. Bəzi uşaqlar uğursuzluğun öhdəsindən gələ bilmir, çünki onların valideynləri uşaqların səhvlərinə həmişə bəraət qazandırır. Məsələn, əgər pis qiymət alırsa, bəzi valideynlər qeyri-ixtiyari müəllimi günahlandıracaq. Əgər bir uşağın dostu ilə mübahisəsi yaranıbsa, valideynləri dərhal qeyri-ixtiyari dostu günahlandıracaq.

 Əgər valideynlər uşaqlarını etdikləri səhvlərin pis nəticəsindən qoruyursa, onda bu uşaqlar səhvlərini etiraf etməyi və problemi həll etmək üçün tədbir görməyi öyrənməyəcəklər.

 Nə edə bilərsiniz?

  •   Uşaqlarınıza hər hərəkətin bir nəticəsi olduğunu öyrədin.

     Müqəddəs Kitabda deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

     Etdiyimiz hər şeyin nəticəsi var. Korladığımız şeyləri bərpa etməyin məsrəfi var. Səhvlərimizin mənfi təsirləri var. Uşaqlar səbəb-nəticə prinsipini bilməlidirlər və başa düşməlidirlər ki, baş verənlərdə özləri məsuliyyət daşıyırlar. Ona görə də uşaqlarınızın səhvlərinə və etdiklərinə görə başqalarını günahlandırmayın. Bunun əvəzinə, qoyun onlar yaşlarına uyğun məsuliyyətləri daşımağı öyrənsinlər. Həmçinin yaxşı olar ki, uşağınız mənfi hərəkətlərlə onların nəticələri arasındakı bağlılığı aydın görsün.

  •   Uşaqlarınıza həll yolu tapmağa kömək edin.

     Müqəddəs Kitab prinsipi: «Saleh yeddi dəfə yıxılar, yenə qalxar» (Məsəllər 24:16).

     Müvəffəqiyyətsizlik ağır ola bilər, amma bu, dünyanın sonu demək deyil. Uşaqlarınıza kömək edin ki, vəziyyətin haqsız olduğunu düşünməkdənsə, onu düzəltməyin həll yollarını axtarsınlar. Məsələn, əgər oğlunuz məktəbdəki imtahandan keçməyibsə, növbəti dəfə yaxşı nəticələr əldə etmək üçün ona vəziyyəti ələ almağı və daha çox çalışmaq üçün nə etməli olduğunu başa salın (Məsəllər 20:4). Əgər qızınızın dostu ilə problemi yaranıbsa və hətta bu məsələdə onun heç bir günahı yoxdursa, ona üzr istəmək və vəziyyəti düzəltmək üçün nə etməli olduğunu başa salın (Romalılara 12:18; 2 Timutiyə 2:24).

  •   Uşaqlarınıza təvazökar olmağı öyrədin.

     Müqəddəs Kitab prinsipi: «Hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin» (Romalılara 12:3).

     Uşağınıza hər hansı bir şeydə onun «ən yaxşı» olduğunu demək nə gerçəyə uyğundur, nə də faydalıdır. Yadda saxlamaq lazımdır ki, məktəbdə ən yaxşı oxuyan uşaqlar hər zaman əla qiymətlər almayacaq. Bəzi idman növlərində ən yaxşı nailiyyətlərə sahib olan uşaqlar həmişə qalib olmayacaq. Məhdudiyyətlərini təvazökarlıqla qəbul edən uşaqlara uğursuzluğun və məğlubiyyətin öhdəsindən gəlmək asan olacaq.

     Müqəddəs Kitabda deyilir ki, çətinliklər bizi həm güclü edə, həm də dözüm xüsusiyyətini yetişdirməyə kömək edə bilər (Yaqub 1:2—4). Ona görə də uğursuzluğun və məğlubiyyətin məyusluq gətirməsinə baxmayaraq, uşaqlarınıza bunlara real yanaşmağa kömək edin.

     Bütün bacarıqlar kimi, uşaqlarınıza tez bir zamanda özünü toparlamaq bacarığını da öyrətmək vaxt və güc tələb edir. Bunun sayəsində onlara yeniyetməlik dövrünə daxil olmaq və bu dövrü keçmək asan olacaq. Bir kitabda deyilir: «Problemləri həll etmək bacarığına sahib yeniyetmələr özlərini pis hiss edəndə təhlükəli və ya düşüncəsiz hərəkət etmirlər. Onlar yeniliklərə və gözlənilməz vəziyyətlərə hazır olurlar» («Letting Go With Love and Confidence»). Əlbəttə, çətin vəziyyətlərdə özünü ələ almaq bacarığı uşaqlarınıza yetkin yaşlarda da lazım olacaq.

 Məsləhət: Nümunə olun. Yadda saxlayın ki, həyatınızda baş verən çətin vəziyyətlərin öhdəsindən necə gəlməyiniz uşaqlarınıza da yaxşı örnək olacaq.