Kontentə keç

Mündəricatı göstər

XESUS MARTİN | BİOQRAFİYA

«Yehova həyatımın ən çətin dövründə məni xilas etdi»

«Yehova həyatımın ən çətin dövründə məni xilas etdi»

Mən 1936-cı ildə Madrid şəhərində dünyaya gəlmişəm. Həmin il o dövrdə yaşayan ispanların yaddaşına həmişəlik həkk olundu, çünki İspaniyada qanlı vətəndaş müharibəsi başladı.

 Təxminən üç il davam edən müharibə çoxlarının qəlbində dərin iz buraxdı. Qəlb yaraları ilə yanaşı, çoxları fiziki yaralar da aldılar. Mənim atam da onlardan biri idi. Atam həmişə Allaha inanan insan olub, amma katolik keşişlərinin müharibəyə necə dəstək olduqlarını görəndə bərk qəzəbləndi. Ona görə də qərara gəldi ki, qardaşımla mən katolik kimi vəftiz olunmayacağıq.

Fransisko Franko katolik kilsəsi ilə müttəfiq idi

 1950-ci ildə iki Yehovanın Şahidi qapımızı döydü. Atam onlara qulaq asdı və Müqəddəs Kitabı hər həftə öyrənməyə razılaşdı. Həmin vaxt mənim 14 yaşım var idi. Futbolu çox sevirdim. Atam məni dilə tuturdu ki, Yehovanın Şahidlərinin verdiyi nəşrlərdən heç olmasa bir-ikisini oxuyum. Lakin mən buna baş qoşmaq istəmirdim. Bir dəfə günorta futboldan evə qayıdanda anamdan soruşdum: «Ana, bu Müqəddəs Kitab müəllimləri yenə buradadırlar?» O cavab verdi: «Hə, onlar atanla qonaq otağındadırlar». Bunu eşidən kimi həyətə qaçdım.

 Bu kimi hərəkətlərimə baxmayaraq, atamın Müqəddəs Kitaba həvəsi sönmürdü. Müqəddəs Kitabdan öyrəndikləri onun xoşuna gəlirdi və 1953-cü ildə o, Yehovanın Şahidi kimi vəftiz olundu. Atamın vəftizindən sonra çoxlu suallarım yarandı və hamısını atama verdim, hətta özüm üçün Müqəddəs Kitab istədim. Atam Maksimo Mursia adlı bir gənc qardaşdan xahiş etdi ki, mənə Müqəddəs Kitab dərsi keçsin. İki il sonra, 19 yaşında, mən Madridin şərqində axan Xarama çayında Yehovanın Şahidi kimi vəftiz olundum.

Diktator Fransisko Frankonun dövründə təbliğ edirik

 1950-ci illərdə təbliğ etmək və yığıncaqlar keçirmək olduqca çətin idi. İspaniyanı diktator Fransisko Franko idarə edirdi. O istəyirdi ki, bütün ölkə əhalisi yalnız katolik dininə etiqad etsin. Bu səbəbdən polis Yehovanın Şahidlərini rahat buraxmırdı. Biz gizlicə evlərdə görüşürdük və çalışırdıq qonşuların diqqətini cəlb etməyək, əks halda, onlar polisə xəbər verə bilərdilər. Həmçinin ev-ev təbliğdə də ehtiyatı əldən vermirdik. İki-üç qapını döyüb tez başqa küçəyə keçirdik. Çoxları xoş xəbərə qulaq asırdı, amma bəziləri bizə problem yaratmağa çalışırdı.

Frederik Frans qardaş gizli toplantılardan birində çıxış edir

 Bir dəfə bir evdə qapını katolik keşişi açdı. Gəlişimizin səbəbini izah edəndən sonra o soruşdu: «Nə ixtiyarla təbliğ edirsiniz? Bilirsiniz ki, sizi polisə verə bilərəm?» Mən cavab verdim ki, biz bu kimi hallara hazırıq. Sonra əlavə etdim: «İsanın düşmənləri əllərindən gələni edirdilər ki, onu həbs etsinlər. Təəccüblü deyil ki, onun davamçıları ilə də bu kimi şeylər baş verir». Cavabımı bəyənməyən keşiş polisə zəng etmək üçün içəri girdi. Yəqin, deməyə ehtiyac yoxdur ki, mən oradan mümkün qədər tez uzaqlaşdım.

 O vaxt İspaniyada cəmi bir neçə yüz təbliğçi var idi. Bu kimi xoşagəlməz hadisələrə baxmayaraq, biz görürdük ki, ölkə biçin üçün hazırdır. 1956-cı ilin fevral ayında, hələ 19 yaşım olanda, məni xüsusi öncül təyin etdilər  a. Öncül kimi xidmət edən bizlərin çoxu gənc və təcrübəsiz idi. Amma ölkədə xidmət edən bir neçə xüsusi təyinatlı müjdəçinin sayəsində biz şövqlə təbliğ etmək üçün lazımi təlim aldıq. Məni və başqa bir gənc öncülü Alikante şəhərinə təyin etdilər. O vaxt orada təbliğçi yox idi. Cəmi bir neçə ayın içində biz bir neçə nəfərə Müqəddəs Kitab dərsləri keçməyə başladıq və yüzlərlə nəşr payladıq.

 Təbii ki, təbliğ işi insanların gözündən yayınmadı. Bir neçə aydan sonra Alikantedə polis bizi tutdu və Müqəddəs Kitablarımızı müsadirə etdi. Bizi 33 gün həbsdə saxladılar, sonra Madridə aparıb buraxdılar. Lakin bu qısamüddətli həbs yalnız başlanğıc idi.

Həyatımın ən çətin dövrü

 21 yaşım olanda məni hərbi xidmətə çağırdılar. Mən Mərakeşin şimalında, Nador şəhərində yerləşən hərbi hissəyə getməli idim. O vaxt Mərakeş İspaniyanın himayəsi altında idi. Orada mən baş leytenanta əqidəmi hörmətcil şəkildə izah etdim. Mən dedim ki, hərbi xidmət keçməyəcəyəm və hərbi forma geyinməyəcəyəm. Hərbi polis məni Melilya şəhərindəki Rostroqordo həbsxanasına apardı. Hərbi məhkəmə barəmdə qərar verənə qədər məni orada saxladılar.

Rostroqordo həbsxanası (Melilya şəhəri)

 Hələ məhkəmə başlamamış Mərakeşdəki ispan hərbi komandiri əmr etdi ki, ağlımı başıma gətirmək üçün məni yaxşıca döysünlər. Nəticədə, məni təhqir etdilər, 20 dəqiqə ərzində qamçıladılar və huşsuz halda yerə yıxılanadək təpiklədilər. Amma kapitana bu bəs etmədi. O, hərbi çəkmədə ayağını başıma qoyub bərk sıxdı və yalnız qan çıxanda dayandı. Sonra məni onun otağına apardılar. Orada o, qışqıra-qışqıra mənə dedi: «Elə bilirsən, bununla qurtardı?! Bundan da betər olacaq, özü də hər gün!» Kapitan keşikçilərə əmr etdi ki, məni zirzəmidəki kameraya salsınlar. Kamera nəm və qaranlıq idi, amma gələcəyim mənə kameradan da qaranlıq görünürdü.

 Üstüm-başım qan içində kamerada döşəməyə uzandığım an hələ də yadımdadır. Orada nazik ədyaldan başqa heç nə yox idi. «Kamera yoldaşlarım» isə vaxtaşırı gəlib-gedən siçovullar idi. Əlimdən yalnız Yehovaya güc və dözüm üçün dua etmək gəlirdi. O qaranlıq, soyuq zindanda mən durmadan dua edirdim b.

 Səhəri gün məni yenə döydülər, amma bu dəfə başqa hərbçi. Kapitan isə kənarda durub baxırdı ki, o, işini yaxşı görsün. Düzünü desəm, həmin an öz-özümə düşündüm: «Görəsən, buna nə qədər dözə biləcəyəm?!» Kamerada keçirdiyim ikinci gecə Yehovaya yalvar-yaxar etdim ki, mənə kömək etsin.

 Üçüncü gün məni yenə kapitanın otağına çağırdılar. Qorxurdum ki, məni yenə döyəcəklər. Otağa girəndə Yehovaya ürəyimdə dua etdim. Hərbi məhkəmənin hakimi don c Esteban otaqda məni gözləyirdi. O, barəmdə məhkəmə işinə başlamaq üçün gəlmişdi.

 Başımdakı sarğını görəndə hakim nə baş verdiyini soruşdu. Qorxurdum həqiqəti söyləsəm, məni yenə döyəcəklər. Buna baxmayaraq, hər şeyi olduğu kimi danışdım. Sözümü bitirəndə don Esteban dedi: «Sənin hərbi məhkəmə qarşısına çıxarılmağının qarşısını ala bilmərəm, amma bir şeyə əmin ol ki, daha heç kəs səni döyməyəcək».

 Elə də oldu, həbsdə olduğum bütün müddət ərzində daha heç kəs mənə barmağının ucu ilə belə toxunmadı. Hakimin yanıma niyə məhz həmin gün gəldiyini indiyə qədər bilmirəm, amma bir şeyə əminəm ki, Yehova dualarıma qeyri-adi şəkildə cavab verdi. Yehova ən çətin anımda dadıma çatdı və qoymadı ki, gücüm çatmayan sınaqlarla üzləşim (1 Korinflilərə 10:13). Məhkəmənin hansı qərar verəcəyindən qorxmurdum, çünki Yehovanın mənə dəstək olacağına tam əmin idim.

Okana həbsxanasında

 Məhkəmənin qərarı ilə məni 19 il müddətinə həbsə məhkum etdilər. Bundan sonra «itaətsizliyə» görə həbs müddətinə daha üç il də əlavə edildi. Bir il üç ay Mərakeşdə həbsdə oldum. Sonra məni Madrid yaxınlığında yerləşən Okana həbsxanasına keçirdilər. Okana həbsxanasına keçirilməyim Yehovadan bir hədiyyə idi. Ora Rostroqordo həbsxanası ilə müqayisədə cənnət idi. Kameramda çarpayı, döşək, yastıqüzü və mələfə var idi. Bir müddət sonra məni həbsxana mühasibi təyin etdilər. Amma hərdən özümü çox tənha hiss edirdim. Yanımda dindaşlarımın olmaması mənim üçün ən böyük sınaqlardan biri idi.

 Vaxtaşırı valideynlərim məni ziyarət etsə də, hiss edirdim ki, daha çox dəstəyə ehtiyacım var. Valideynlərimdən öyrəndim ki, başqa qardaşlar da hərbi xidmət keçməkdən imtina ediblər. Odur ki, Yehovadan heç olmasa bir qardaşın mənim olduğum həbsxanaya göndərilməsini xahiş etdim. Amma Yehova hərarətli dualarıma artıqlaması ilə cavab verdi, ora bir yox, düz üç qardaş göndərdi. Bunlar Alberto Kontiyok, Fransisko Dias və Antonio Sançes idi. Dördillik tənhalığıma son qoyuldu. Artıq yanımda dindaşlarım var idi. Biz birlikdə Müqəddəs Kitabı araşdırır və digər məhbuslara təbliğ edirdik.

Azadlıqda və yenə iş başında

 Nəhayət, 1964-cü ildə məni vaxtından əvvəl şərti olaraq azad etdilər. Mənə təyin edilmiş 22 il müddətinə həbs cəzası 6 il yarımadək azaldıldı. Elə azadlığa çıxan gün ibadət görüşünə getdim. Madriddəki ibadət görüşünə vaxtında çatmaq üçün cibimdə olan az məbləğdə pulu taksiyə xərclədim. Bacı-qardaşlarla bir arada olmaq necə də xoş idi! Amma mənim əsas məqsədim dərhal öncül xidmətinə başlamaq idi. Polisin təqibinə baxmayaraq, insanlar xoş xəbərə hay verirdi və qarşıda hələ çoxlu görüləsi iş var idi.

 O aralarda xüsusi öncül kimi xidmət edən Mersedes adlı bir gənc bacı ilə tanış oldum. Mersedes çox təvazökar və xidmətə can yandıran bacı idi. O, rastına çıxan hər kəsə təbliğ etmək istəyirdi. O həmçinin xeyirxah və səxavətli idi. Mersedesin bu xüsusiyyətlərinə görə ona aşiq oldum. Bir il sonra biz evləndik. Mersedeslə ömür yolunda birgə addımlamaq mənim üçün Yehovadan əsl hədiyyə idi.

Mersedeslə toyumuzdan qısa müddət sonra

 Toydan bir neçə ay sonra bizi səyyar xidmətə təyin etdilər. Hər həftə yeni yığıncağa baş çəkirdik, oradakı bacı-qardaşlarla birgə təbliğ edirdik. İspaniyanın hər yerində yeni yığıncaqlar yaranırdı. Bacı-qardaşların köməyə ehtiyacı var idi. Bundan əlavə, mənə Yehovanın Şahidlərinin Barselonada gizli fəaliyyət göstərən ofisində qısa müddət xidmət etmək şərəfi də nəsib oldu.

 1967-ci ildə İspaniyada bütün vətəndaşlara din azadlığı hüququ verən qanun qəbul edildi. Bununla da bizim gizli fəaliyyətimizə son qoyuldu. Nəhayət, 1970-ci ildə Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi. Artıq bizə sərbəst şəkildə görüşməyə və ibadət evləri tikməyə heç nə mane olmurdu. Hətta filial da tikdik.

Yeni teokratik təyinatlar

 1971-ci ildə Mersedeslə məni Barselonadakı yeni filialda xidmət etməyə dəvət etdilər. Amma bir il sonra Mersedes hamilə qaldı və gözəl qızımız Abiqayil dünyaya gəldi. Biz Beytel xidmətini qoyub valideyn kimi yeni təyinatımıza başladıq.

 Abiqayil yeniyetmə olanda bizdən səyyar xidmətə qayıtmağı xahiş etdilər. Qərar verməzdən əvvəl biz həmişəki kimi məsələ barədə dua etdik və yetkin məsihilərlə məsləhətləşdik. Bir ağsaqqal dedi: «Xesus, əgər sənə səyyar xidmətə qayıtmağı deyirlərsə, sən mütləq razılaşmalısan». Odur ki, həyatımızda növbəti maraqlı səhifə açıldı. Əvvəl-əvvəl evimizin yaxınlığındakı yığıncaqlara baş çəkirdik ki, Abiqayilin qeydinə qala bilək. Abiqayil böyüyəndən sonra isə xidmətimizi genişləndirmək imkanımız yarandı.

 Mersedes və mən 23 il səyyar xidmətdə olduq. Bu xidməti çox sevirdim, xüsusilə də ona görə ki, təcrübəmdən istifadə edərək gənclərə dəstək ola bilirdim. Ağsaqqallara və tamvaxtlı xidmətçilərə təlim keçəndə bəzən Madriddəki Beyteldə qalırdıq. Maraqlısı odur ki, Beyteldən üç kilometr aralıda Xarama çayı axır, 1955-ci ildə mən bu çayda vəftiz olunmuşdum. Heç ağlıma da gəlməzdi ki, onilliklər sonra mən yenə də buralara qayıdıb xidmətlərini genişləndirmək istəyən gənc bacı və qardaşlara təlim keçəcəyəm.

Məktəblərin birində təlim verdiyim zaman

 2013-cü ildən biz yenidən xüsusi öncül kimi xidmət edirik. Etiraf edim ki, səyyar xidmətdən öncül xidmətinə keçmək asan deyildi, amma əslində bu, düzgün qərar idi. Bu yaxınlarda səhhətimdə müəyyən problemlər yarandı. Üstəlik, mən ağır ürək əməliyyatı keçirdim. Başqa məsələlərdə olduğu kimi, müalicə məsələsində də Yehovaya güvəndim və O yenə də məni tək qoymadı. Ömür-gün yoldaşım Mersedes də 56 ildir ki, mənə həyatda və hər təyinatda dəstək olur.

 Təlim verdiyim vaxtları, Yehovaya xidmət etmək eşqi ilə yanan gənc bacı-qardaşların simalarını tez-tez xatırlayıram. Bu zaman gəncliyim, Yehovaya tamvaxtlı xidmətə başladığım vaxtlar yadıma düşür. Düzdür, çoxlu sınaqlardan keçməli oldum, amma bütün bunlar mənə gözəl təcrübə qazandırdı. Məsələn, öyrəndim ki, heç vaxt öz gücümə güvənməməliyəm. Hətta ən çətin sınaqlarda belə Yehova mənə güc-qüvvət verir və dayaq olurdu (Filippililərə 4:13).

Mersedeslə birgə hələ də tamvaxtlı xidmətdəyik

a Xüsusi öncül xidməti tamvaxtlı xidmətin bir növüdür. Xüsusi öncül kimi xidmət edənləri Yehovanın Şahidlərinin filialları Müqəddəs Kitab müəllimlərinə tələbat olan ərazilərə göndərir.

b Tualeti olmayan bu dörd kvadrat metrlik kamera yeddi ay mənim evim oldu. Mən sadəcə bir ədyalla çirkli döşəmədə yatırdım.

c «Don» ispandilli ölkələrdə hörmət mənasında şəxsi addan qabaq işlənən müraciət formasıdır.