Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Ən vacib kitabın ərsəyə gəlməsi

Ən vacib kitabın ərsəyə gəlməsi

1 YANVAR 2021

 «19 ildir bunu gözləyirdim!» Qardaşımız nəyi belə səbirsizliklə gözləyirdi? Doğma benqal dilində İncilin «Yeni Dünya Tərcüməsi»ni. Doğma dillərində «Yeni Dünya Tərcüməsi»ni alanda bir çox bacı-qardaşlar eyni hissləri keçirir. Bəs Müqəddəs Kitabın ərsəyə gəlməsi üçün nə qədər zəhmət çəkildiyi barədə heç düşünmüsünüz?

 Əvvəla, Rəhbərlik Şurasının Yazı komitəsinin təsdiqi ilə tərcümə qrupu təyin olunur. Müqəddəs Kitabı tərcümə etmək üçün nə qədər vaxt lazımdır? Tərcümə xidmətləri şöbəsində (Nyu-York ştatı, Vorvik) xidmət edən Nikolas Ahladis bu suala belə cavab verir: «Tərcümə işinin nə qədər çəkəcəyi bir sıra amillərdən, o cümlədən tərcüməçilərin sayından, oxucuların Müqəddəs Kitabın yazıldığı dövrdəki mədəniyyəti nə dərəcədə başa düşməsindən, eləcə də dilin ərazidən-əraziyə nə dərəcədə fərqlənməsindən asılıdır. Adətən İncili tərcümə etmək üçün bir ildən üç ilədək, bütöv Müqəddəs Kitabı tərcümə etmək üçün isə ən azı dörd il vaxt lazımdır. Jest dilinə tərcümə isə daha çox vaxt tələb edir».

 Müqəddəs Kitabın tərcüməsində təkcə tərcüməçilər iştirak etmir. Sahədən olan müxtəlif mənşəli, bəzən isə hətta başqa ölkələrdən olan oxucular tərcüməni təmənnasız olaraq nəzərdən keçirirlər. Onların etdiyi qeydlər tərcüməçilərə dəqiq, aydın və dolğun tərcümə ərsəyə gətirməyə kömək edir. Müqəddəs Kitabı tərcümə edən qruplara təlim keçən qardaş (Cənubi Afrika) deyir: «Tərcüməçilər Yehova və Onun Kəlamını oxuyacaq insanlar qarşısında böyük məsuliyyət hiss edirlər».

 Tərcümə başa çatdıqdan sonra Müqəddəs Kitab çap olunur və cildlənir. Bunun üçün çapxanalara ən azı on material lazımdır: kağız, mürəkkəb, üz qabığı üçün material, yapışqan, astar, gümüş folqa, əlfəcin üçün lent, kaptal, bərk kötük və örtük. 2019-cu ildə təkcə bu materiallara 20 milyon ABŞ dollarından çox pul xərclənmişdi. Müqəddəs Kitabı çap edib göndərmək üçün çapxana işçiləri 300 000 saatdan çox işləyib.

«Müqəddəs Kitab bizim istehsal etdiyimiz ən vacib nəşrdir»

 Nəyə görə biz bu işə bu qədər pul və vaxt sərf edirik? Beynəlxalq çap şöbəsində xidmət edən Coel Blu deyir: «Müqəddəs Kitab bizim istehsal etdiyimiz ən vacib nəşrdir. Ona görə istəyirik ki, kitabın xarici görünüşü xidmət etdiyimiz Allaha və təbliğ etdiyimiz xəbərə layiq olsun».

 «Yeni Dünya Tərcüməsi»nin standart nəşrindən əlavə, biz xüsusi tələbatlı oxucular üçün də Müqəddəs Kitab istehsal edirik. Məsələn, Brayl əlifbası ilə «Yeni Dünya Tərcüməsi» on dildə buraxılıb. Brayl əlifbası ilə bir bütöv Müqəddəs Kitabı hazırlamaq üçün səkkiz saatadək vaxt, çoxsaylı cildlərini yerləşdirmək üçün isə 2,3 metr uzunluğunda rəf lazımdır. Bundan əlavə, biz məhbuslar üçün də xüsusi Müqəddəs Kitablar istehsal edirik, çünki həbsxanalarda yalnız kağız üzlü kitablara icazə verilir.

 «Yeni Dünya Tərcüməsi» oxucuların həyatını dəyişir. Götürək Konqo Demokratik Respublikasının Tombe adlı ərazisində yerləşən kilubadilli yığıncağı. Tombe ölkənin paytaxtından 1700 kilometr uzaqlıqda yerləşir. Yığıncaqda bir Müqəddəs Kitab var idi, o da köhnəlmiş kiluba dilində idi. Qardaşlar yığıncaq görüşünün proqramının bəndlərinə hazırlaşarkən həmin kitabı bir-birinə ötürürdülər. Amma 2018-ci ilin avqust ayında kiluba dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» çıxdı. İndi yığıncaqda hər kəsin müasir dildə şəxsi Müqəddəs Kitab nüsxəsi var.

 Doğma dili alman dili olan bir bacı «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri barədə görün nə deyib: «Əvvəllər Müqəddəs Kitabı oxumaq üçün özümü məcbur etməli olurdum. İndi isə onu əlimə alıb oxuyacağım vaxtı səbirsizliklə gözləyirəm». Bir məhbus yazıb: «Mənə “Yeni Dünya Tərcüməsi” veriblər və indi o, mənim həyatımı dəyişir. Əvvəllər Allahın Kəlamını belə aydın başa düşə bilmirdim. Yehovanın Şahidləri və Yehovanın Şahidi olmaq barədə daha çox məlumat almaq istəyərdim».

 «Yeni Dünya Tərcüməsi»nin bütün oxucuları onun ərsəyə gəlməsi üçün edilən ianələrə görə ürəkdən minnətdardır. Ümumdünya işinə edilən bu ianələr donate.jw.org saytı vasitəsilə edilir. Səxavətinizə görə sizə minnətdarıq.