Kontentə keç

Mündəricatı göstər

Spirtli içkilər. Həddi necə gözləməli?

Spirtli içkilər. Həddi necə gözləməli?

 Bəzi insanlar gərginlik keçirəndə, özlərini tənha hiss edəndə, yaxud darıxanda daha çox spirtli içki içirlər. Ola bilsin, indi əvvəlkindən çox içirsiniz. Nə edə bilərsiniz ki, həddindən çox içməyəsiniz, yaxud da içkidən asılı vəziyyətə düşməyəsiniz? Gəlin görək içkidə həddi necə gözləyə bilərik. Bir neçə məqama diqqət yetirək.

 Qədərində içmək nə deməkdir?

 Müqəddəs Kitabda deyilir: «Şərab düşkünlərinə... qoşulma» (Məsəllər 23:20).

 Düşünün: Müqəddəs Kitabda qədərində içməyə pis baxılmır (Vaiz 9:7). Amma qədərində içməklə sərxoş olanacan içmək və şərab düşkünü olmaq arasında fərq qoyulur (Luka 21:34; Efeslilərə 5:18; Titusa 2:3). Həddindən çox alkoqol qəbul etmək asılılığa gətirib çıxarmasa belə, insanın yanlış qərarlar verməsinə səbəb ola bilər, səhhətinə və başqaları ilə münasibətinə zərər yetirə bilər (Məsəllər 23:29, 30).

 Bir çox ölkələrdə qədərində içməklə çox içmək arasında sərhəd rəsmi orqanlar tərəfindən müəyyənləşdirilir. Bunu çox vaxt insanın gün ərzində neçə dəfə və həftə ərzində neçə gün içdiyi əsasında müəyyən edirlər a. Lakin hər insanın orqanizmi alkoqola fərqli reaksiya göstərir. Buna görə də bəzən ən düzgün seçim ümumiyyətlə içməməkdir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir:

 «Hətta bir və ya iki dəfə içmək də çox ola bilər. Məsələn:

  •   Maşın sürərkən və ya cihazla işləyərkən

  •   Hamilə, yaxud əmzikli qadınlara

  •   Müəyyən dərmanlar qəbul edərkən

  •   Sağlamlıqla bağlı müəyyən problem olanda

  •   Özünüzə hakim ola bilməyəndə».

 Asılılığı göstərən əlamətlər

 Müqəddəs Kitabda deyilir: «Gəlin yollarımızı yoxlayıb-araşdıraq» (Mərsiyələr 3:40).

 Düşünün: Siz alkoqolun zərərli təsirlərindən özünüzü qoruya bilərsiniz. Bunun üçün vaxtaşırı nə qədər içdiyinizə fikir verməlisiniz və lazım gələrsə, dəyişiklik etməlisiniz. Növbəti əlamətlər sizdə içkidən asılılıq yarandığını göstərə bilər.

  •   Sevinciniz alkoqoldan asılıdır. Hiss edirsiniz ki, içki olmadan dincələ, ünsiyyət edə, əylənə bilmirsiniz. Problemlərə dözmək üçün içirsiniz.

  •   Əvvəlkindən çox içirsiniz. Tez-tez içməyə başlamısınız. Daha sərt içkilər içirsiniz. İndi içkinin təsirini daha çox içəndən sonra hiss edirsiniz.

  •   İçki evdə və işdə sizə problem yaradır. Misal üçün, içkiyə imkanınızdan artıq pul xərcləyirsiniz.

  •   İçəndən sonra təhlükəli qərarlar verirsiniz. Məsələn maşın sürürsünüz, üzürsünüz, yaxud cihazla işləyirsiniz.

  •   Başqaları sizin içməyinizlə bağlı narahatlıqlarını bildirir. Belə olanda özünüzü müdafiə edirsiniz, içdiyinizi başqalarından gizlətməyə çalışırsınız, nə qədər içdiyinizlə bağlı yalan danışırsınız.

  •   Özünüzə hakim ola bilmirsiniz. İçkini azaltmağa, yaxud içməməyə çalışırsınız, amma bacarmırsınız.

 Spirtli içkidə həddi gözləməyə kömək edən beş məsləhət

 1. Planlaşdırın.

 Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).

 Cəhd edin: Həftənin hansı günlərində içki içəcəyinizi təyin edin. Sonra isə həmin günlərdə içmək üçün orta hədd müəyyənləşdirin. Həftənin azı iki günü içki içməyin.

 Britaniyanın alkoqolizmlə mübarizə üzrə bir xeyriyyə cəmiyyəti qeyd edir: «İçki içməyə müntəzəm ara vermək ona aludə olmaq riskini azaltmağın ən yaxşı yoludur».

 2. Plana uyğun davranın.

 Müqəddəs Kitabda deyilir: «Başladığınız işi tamamlayın» (2 Korinflilərə 8:11).

 Cəhd edin: Standart içki həddinin nə qədər olduğunu öyrənin ki, nə qədər içki içdiyinizi hesablaya biləsiniz. Çalışın evinizdə xoşunuza gələn alkoqolsuz faydalı içkilər olsun.

 ABŞ-ın «Alkoqolizm və Alkoqoldan Sui-istifadəyə dair Milli İnstitut»u qeyd edir: «Kiçik dəyişikliklər alkoqolla bağlı problemlərin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır».

 3. Qərarınızdan dönməyin.

 Müqəddəs Kitabda deyilir: «Qoy «bəli»niz bəli, «xeyr» sözünüz xeyr olsun» (Yaqub 5:12).

 Cəhd edin: Planınıza zidd olaraq kimsə sizə içki təklif etsə, nəzakətlə, amma qətiyyətlə «yox» deməyə hazır olun.

 ABŞ-ın «Alkoqolizm və Alkoqoldan Sui-istifadəyə dair Milli İnstitut»u qeyd edir: «Belə təkliflərə nə qədər tez “yox” desəniz, təslim olmaq ehtimalınız o qədər az olacaq».

 4. Qərarınızın müsbət tərəflərini düşünün.

 Müqəddəs Kitabda deyilir: «İşin axırı əvvəlindən yaxşıdır» (Vaiz 7:8).

 Cəhd edin: Spirtli içki içməyinizi nəyə görə nəzarətdə saxlamaq istədiyinizi bir yerə qeyd edin. Məsələn, yuxu rejiminizin, sağlamlığınızın, maddi vəziyyətinizin və dost-tanışla münasibətinizin yaxşılaşmasını da bu siyahıya daxil edin. Verdiyiniz qərarlar barədə başqalarına danışanda diqqəti çətinliklərə yox, müsbət nəticələrə cəmləyin.

 5. Allahdan kömək istəyin.

 Müqəddəs Kitabda deyilir: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

 Cəhd edin: İçki içmək vərdişinizə görə narahatsınızsa, dua edib Allahdan kömək istəyin. Diləyin ki, özünüzə hakim olmağa sizə güc versin b. Həmçinin vaxt ayırıb Müqəddəs Kitabdan məsləhətlər oxuyun. Allahın köməyi ilə spirtli içkilərdə həddi gözləyə bilərsiniz.

a Məsələn, ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi çox içmək həddini bu cür müəyyən edir: «Qadınlar üçün bir gündə 4 dəfədən çox, həftə ərzində isə 8 dəfədən çox, kişilər üçün isə bir gündə 5 dəfədən çox, həftə ərzində isə 15 dəfədən çox içmək» həddən artıq içmək sayılır. Standart içki həddi ölkədən-ölkəyə fərqlənir. Buna görə də, özünüz üçün qədərində içməyin həddini müəyyənləşdirmək istəyirsinizsə, yaxşı olar ki, həkimlə məsləhətləşəsiniz.

b Spirtli içkilərdə həddi gözləyə bilmirsinizsə, mütəxəssis köməyinə ehtiyacınız ola bilər.