Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Əgər məsihi Müqəddəs Kitab əsası olmadan arvadından boşanıb başqası ilə ailə qurarsa, yığıncaq əvvəlki nikaha və yeni nikaha necə baxır?

İnsan yenidən ailə qurduğu andan etibarən əvvəlki nikah yığıncağın nəzərində pozulmuş sayılır, yeni nikah isə qüvvəyə minir. Nəyə görə belə nəticəyə gəlmişik? Bunu başa düşmək üçün gəlin görək İsa Məsih boşanmaq və yenidən ailə qurmaq barədə nə demişdi.

Mətta 19:9 ayəsində İsa Məsih qeyd edir ki, boşanmaq üçün yalnız bir Müqəddəs Kitab əsası var. O deyir: «Kim arvadını əxlaqsızlıq etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir». İsa Məsihin sözlərindən öyrənirik ki, 1) boşanma yolu ilə nikahın pozulması üçün yalnız bir Müqəddəs Kitab əsası var, o da əxlaqsızlıqdır və 2) kişi arvadını Müqəddəs Kitab əsası olmadan boşayıb başqası ilə evlənərsə, zina edir a.

İsa nə demək istəyirdi? Demək istəyirdi ki, əxlaqsızlıq edib, arvadını boşayan kişiyə Müqəddəs Kitab yenidən evlənmək üçün əsas verir? Sözsüz ki, yox. Əgər kişi zina edərsə, qadın, yəni günahsız tərəf ərini bağışlayıb-bağışlamamağa qərar verir. Əgər qadın onu bağışlamasa və rəsmi boşanma olarsa, boşanma prosesi başa çatdıqdan sonra hər ikisi yenidən ailə qura bilər.

Yaxud da, ola bilsin, günahsız həyat yoldaşı nikahını qorumaq istəyir və ərinə onu bağışladığını deyir. Bəs əgər zina etmiş ər arvadının onu bağışlamasını qəbul etməyib, birtərəfli qaydada boşanarsa, onda necə? Arvadı onu bağışlamaq və nikahını qorumaq istədiyi üçün Müqəddəs Kitab kişiyə yenidən ailə qurmağa əsas vermir. Amma kişi Müqəddəs Kitab əsası olmadan başqası ilə ailə qurmaq qərarına gələrsə, təkrarən zina etmiş olur və beləcə, ona qarşı yenidən intizam tədbiri görmək lazım gələcək (1 Kor. 5:1, 2; 6:9, 10).

Kişi Müqəddəs Kitab əsası olmadan yenidən ailə qurursa, yığıncaq onun əvvəlki nikahına və yeni nikahına necə baxır? Müqəddəs Kitaba əsasən, onun əvvəlki nikahı hələ də qüvvədə qalır? Günahsız həyat yoldaşı hələ də keçmiş ərini bağışlayıb-bağışlamamağa qərar verə bilər? Yığıncaq onun yeni nikahına zina hesab olunan nikah kimi baxır?

Əvvəllər belə izah olunurdu ki, günahsız tərəf nə qədər ki sağdır, yenidən nikaha daxil olmayıb və ya əxlaqsızlıq etməkdə təqsirli bilinmir, yığıncaq kişinin yeni nikahına zina hesab olunan nikah kimi baxır. Lakin İsa boşanmaq və yenidən ailə qurmaqla bağlı danışarkən günahsız tərəf barədə heç nə deməmişdi. Əksinə, o demişdi ki, Müqəddəs Kitab əsası olmadan arvadını boşayan və başqası ilə ailə quran kişi zina edir. Belə vəziyyətdə boşanıb yenidən ailə qurmaq, yəni İsanın zinaya bərabər tutduğu əməl əvvəlki nikahı pozur.

«Kim arvadını əxlaqsızlıq etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir» (Mət. 19:9).

Əgər kişi arvadını boşayıb, başqası ilə evlənərsə, günahsız həyat yoldaşının onu bağışlayıb-bağışlamamaq məsələsi artıq öz qüvvəsini itirir. Beləcə, qadın əvvəlki həyat yoldaşını bağışlayıb-bağışlamamaq kimi ciddi qərar vermək məsuliyyətindən azad olur. Bundan əlavə, yığıncağın yeni qurulan nikaha baxışı günahsız həyat yoldaşının ölümü, yenidən ailə qurması, yaxud əxlaqsızlıq etməsi kimi amillərdən asılı deyil b.

Yuxarıda gətirdiyimiz vəziyyətdə ər zina edir və arvadından boşanır. Bəs əgər ər zina etmir, ancaq boşanıb başqası ilə evlənirsə, onda necə? Yaxud ər boşanmamışdan əvvəl yox, boşanandan sonra əxlaqsızlıq edib və arvadının onu bağışlamasına rəğmən, yenidən evlənibsə, onda necə? Bütün bu nümunələrdə boşanıb, yenidən evlənmək zina sayılır və əvvəlki nikahı pozur. Qurulan yeni nikah hüquqi qüvvəyə malik olur. «Gözətçi qülləsi» jurnalının 1979-cu il 15 noyabr sayının 32-ci səhifəsində deyilir: «İndi o, yeni nikaha daxil olub və bu nikahı pozub keçmiş arvadının yanına qayıda bilməz; əvvəlki nikaha boşanma ilə, zina ilə və yenidən evlənmə ilə son qoyulub».

İzahata edilən bu dəyişiklik o demək deyil ki, məsihilər artıq nikaha müqəddəs bir şey kimi yanaşmırlar və zinanı ciddi günah saymırlar. Müqəddəs Kitab əsası olmadan arvadını boşayan kişi sonradan Müqəddəs Kitab əsası olmadan yenidən ailə qurarsa, zina etdiyinə görə ona qarşı intizam tədbiri görüləcək. (Əgər kişinin yeni ailə qurduğu kəs məsihidirsə, zina əməli əsasında ona qarşı da intizam tədbiri görüləcək.) Yeni qurulan nikah zina hesab olunan nikah sayılmasa da, kişiyə yığıncaqda xüsusi məsuliyyətlər verilməsi üçün uzun illər keçməlidir və əgər törətdiyi əməl artıq heç kimi narahat etmirsə, başqalarının hörmətini qazanıbsa, o, bu məsuliyyətlərə yararlı hesab edilə bilər. Ağsaqqallar kişiyə məsuliyyət verməzdən qabaq həmçinin düşünməlidirlər ki, onun plan quraraq xəyanət etdiyi keçmiş həyat yoldaşının və atıb getdiyi azyaşlı uşaqlarının vəziyyəti və şəraiti hal-hazırda necədir (Məl. 2:14—16).

Məsihilər Müqəddəs Kitab əsası olmadan boşanıb yenidən evlənməyin ciddi nəticələrini nəzərə alır və hikmətli davranaraq Yehova kimi, nikahı müqəddəs quruluş hesab edirlər (Vaiz 5:4, 5; İbr. 13:4).

a Asan olsun deyə zina edən tərəfi kişi, günahsız tərəfi isə qadın adlandıracağıq. Lakin Mark 10:11, 12 ayələrindən görmək olar ki, İsa Məsihin bu xəbərdarlığı həm kişilərə, həm də qadınlara aiddir.

b Bu izahat əvvəlki izahatımıza düzəlişdir. Əvvəllər belə düşünürdük: nə qədər ki günahsız tərəf sağdır, yenidən nikaha daxil olmayıb, yaxud əxlaqsızlıq etməyib, günahlı tərəfin qurduğu yeni nikah zina hesab olunan nikah sayılır.