Kontentə keç

Mündəricatı göstər

Yaxşı insan olmaq xoşbəxt gələcək üçün zəmanətdir?

Yaxşı insan olmaq xoşbəxt gələcək üçün zəmanətdir?

Əsrlər boyu bir çox insanlar hesab edib ki, yaxşı, nəcib insan olmaq gözəl gələcəyə yol açır. Məsələn, Şərqdə insanlar məşhur filosof Konfutsinin sözlərinə böyük hörmətlə yanaşırlar (b. e. ə. 551—479). O demişdi: «Özünə rəva bilmədiyini başqalarına da rəva bilmə».

BİR ÇOXLARININ TUTDUĞU YOL

Çoxları düşünür ki, düzgün davranış gözəl gələcəyə yol açır. Onlar başqaları ilə hörmətlə davranırlar, ədəb qaydalarına riayət edirlər, cəmiyyətdə öz yerlərini bilirlər və vicdanlarını təmiz saxlamağa çalışırlar. Vyetnamdan olan Lin adlı bir qadın deyir: «Mən düşünürdüm ki, əgər dürüst, səmimi olsam, həyatım gözəl olacaq».

Bəziləri dini etiqadlarından irəli gələrək yaxşılıq etməyə çalışırlar. Tayvanda yaşayan Şu Yun adlı bir kişi deyir: «Mənə belə aşılamışdılar: insanın sağ ikən gördüyü əməllər onu öləndən sonra ya sonsuz nemətlərə qovuşdurur, ya da əbədi işgəncələrə məruz qoyur».

BƏS KÖMƏYİ DƏYİR?

Düzdür, başqalarına yaxşılıq etməyin insana çox xeyri var. Ancaq başqaları ilə xeyirxah davranan insanlar çox vaxt bunun qarşılığını görmürlər. Honkonqda yaşayan Syu Pinq adlı qadın deyir: «Öz təcrübəmdən deyə bilərəm ki, insanlara yaxşılıq edən kəslər çox vaxt əvəzində pislik görürlər. Mən var gücümlə ailəmin qeydinə qalırdım, yaxşı həyat yoldaşı olmağa çalışırdım, amma ailəm dağıldı. Yoldaşım oğlumla məni atıb getdi».

Çoxları görmüşlər ki, bütün dindar insanlar heç də yaxşı insan deyil. Yaponiyada yaşayan Etsuko adlı bir qadın deyir: «Mən dini təşkilata qoşulmuşdum və gənclər üçün məşğuliyyətlər təşkil edirdim. Bu təşkilatdakı insanların əxlaqsızlığını, vəzifə davasını, kilsənin pulunu nadürüstcəsinə mənimsədiyini görəndə dəhşətə gəlirdim».

«Mən var gücümlə ailəmin qeydinə qalırdım, yaxşı həyat yoldaşı olmağa çalışırdım, amma ailəm dağıldı. Yoldaşım oğlumla məni atıb getdi» (SYU PİNQ, HONKONQ).

Bəzi dindar insanlar görəndə ki, yaxşı əməlləri mükafatsız qalır, pərişan olurlar. Vyetnamdan olan Van adlı bir qadın da bu hissləri keçirmişdi. O deyir: «Hər gün meyvə, gül, yemək alıb əcdadlarımın ruhuna təqdim edirdim. Ümid edirdim ki, bunun sayəsində gələcəyim gözəl olacaq. Nə qədər yaxşılıqlar etsəm də, uzun illər dini ayinləri icra etsəm də, ərim ağır xəstəliyə tutuldu. Daha sonra xaricdə oxuyan qızım gənc yaşında vəfat etdi».

Əgər yaxşı insan olmaq da gözəl gələcəyə zəmanət vermirsə, bəs onda nə zəmanət verir? Bu suala cavab tapmaq üçün gərək etibarlı bir mənbə olsun. Elə bir mənbə ki, bütün suallarımıza cavab versin və xoşbəxt həyata aparan yolu bizə göstərsin. Belə bir mənbəni haradan tapa bilərik?