Kontentə keç

Mündəricatı göstər

Həqiqət qaynağı Müqəddəs Kitab

Həqiqət qaynağı Müqəddəs Kitab

Tarix boyunca müxtəlif təbəqələrdən olan insanlar Müqəddəs Kitaba etibar etmiş, ona həqiqət qaynağı kimi baxmışlar. Bu gün milyonlarla insan bu kitabda yazılan hikməti həyatında rəhbər tutur. Amma bəziləri də Müqəddəs Kitabın köhnəldiyini, ya da uydurma əhvalatlarla dolu kitab olduğunu hesab edir. Bəs siz nə düşünürsünüz? Müqəddəs Kitabda həqiqət var?

MÜQƏDDƏS KİTAB ETİBARA LAYİQDİR

Müqəddəs Kitaba etibar edə biləcəyinizi necə müəyyənləşdirə bilərsiniz? Təsəvvür edin ki, bir dostunuz uzun illər sizə həmişə həqiqəti söyləyib. Çox yəqin ki, onu etibarlı insan hesab edərdiniz. Bəs, görəsən, Müqəddəs Kitab da etibarlı dost kimi, həmişə həqiqəti söyləyir? Gəlin bəzi məqamları nəzərdən keçirək.

Yazarların dürüstlüyü

Müqəddəs Kitab yazarları çox dürüst olublar. Onlar tez-tez öz səhvlərini, nöqsanlarını qələmə alıblar. Məsələn, Yunus peyğəmbər özünün itaətsizliyi haqqında yazmışdı (Yunus 1:1—3). Yunus öz adını daşıyan kitabı Allahın onu məzəmmət etməsi ilə yekunlaşdırıb, amma öz yanlış düşüncə tərzini düzəltdiyini dilə gətirməyib (Yunus 4:1, 4, 10, 11). Müqəddəs Kitab yazarlarının hamısının dürüstlüyü onların həqiqətin qeyrətini çəkdiklərinə dəlalət edir.

Özünü doğruldan hikmət

Bəs Müqəddəs Kitabdakı hikmət gündəlik həyatda həmişə özünü doğruldur? Bəli. Görün Müqəddəs Kitabda insanlarla yaxşı münasibəti qorumaq üçün hansı məsləhət verilib: «Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mətta 7:12). «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar» (Məsəllər 15:1). Bəli, Müqəddəs Kitabdakı hikmət yazıldığı dövrdə olduğu kimi, bu gün də özünü doğruldur.

 Tarixi gerçəklik

İllər ərzində aşkara çıxan bir çox arxeoloji tapıntılar Müqəddəs Kitabda adı çəkilən xalqların və yerlərin mövcudluğunu, həmçinin hadisələrin dəqiqliyini təsdiq edir. Nümunə üçün gəlin xırda bir məqama diqqət yetirək. Müqəddəs Kitabda deyilir ki, Nəhəmyanın dövründə Yerusəlimdə yaşayan surlular (Sur şəhərindən olan finikiyalılar) şəhərə «balıq və cürbəcür mallar» gətirirdilər (Nəhəmya 13:16).

Bu ayəni təsdiqləyən hansısa sübut var? Bəli. Arxeoloqlar İsraildə Finikiya malları aşkar etmişlər. Bu isə iki qədim xalq arasında ticarətin olduğuna işarə edir. Bundan əlavə, Yerusəlimdə Aralıq dənizdə olan balıqların qalıqları aşkar olunub. Arxeoloqlar hesab edir ki, bu balıqları uzaq sahillərdən tacirlər gətirmişdi. Bu dəlilləri təhlil edəndən sonra bir alim belə bir nəticəyə gəlmişdi: «Nəhəmya 13:16 ayəsində yazılan fikir, yəni surluların Yerusəlimdə balıq satması inandırıcıdır».

Elmi həqiqətlər

Müqəddəs Kitab, əsasən, dini və tarixi kitabdır. Amma haradasa elmi məsələlərə toxunursa, o zaman elmlə uzlaşır. Bir nümunəyə baxaq.

Təxminən 3500 il əvvəl Müqəddəs Kitabda yazılmışdı ki, Yer «heçlikdə» asılıb (Əyyub 26:7). Bu fikir Yerin suyun üzündə üzdüyünü, yaxud nəhəng tısbağanın üstündə durduğunu deyən əfsanələrdən tamamilə fərqli idi. «Əyyub» kitabının yazılmasından təxminən 1100 il sonrayadək insanlar hələ də düşünürdü ki, Yer havada asılı vəziyyətdə dura bilməz, onun dayağı olmalıdır. Cəmi üç yüz il əvvəl, 1687-ci ildə İsaak Nyuton cazibə qanunu barədə elmi işini dərc etdirmişdi və izah etmişdi ki, gözəgörünməz güc Yeri öz orbitində saxlayır. Bu elmi kəşf Müqəddəs Kitabda təxminən 3500 il əvvəl deyilənlərin həqiqiliyini sübut etdi.

 Peyğəmbərlərin yerinə yetən sözləri

Müqəddəs Kitabda peyğəmbərlər gələcəkdə müəyyən hadisələrin vaqe olacağını yazıblar. Onlar nə dərəcədə dəqiqliklə yerinə yetib? Məsələn, götürək Əşiya peyğəmbərin Babilin süqutu haqqında dediklərini.

Deyilmişdi: Eramızdan əvvəl səkkizinci əsrdə Əşiya peyğəmbər demişdi ki, qüdrətli Babil süqut edəcək və axırda xaraba qalacaq (qeyd etmək lazımdır ki, Əşiyanın dövründə Babil hələ nə qüdrətli şəhər idi, nə də imperiya paytaxtı) (Əşiya 13:17—20). Əşiya hətta şəhəri istila edəcək şəxsin adını da demişdi: Kuruş. O, «bütün çaylarını qurudacağam» deyərək Kuruşun hərbi strategiyasını da təsvir etmişdi. Üstəlik, şəhər darvazalarının açıq qalacağını da qeyd etmişdi (Əşiya 44:27—45:1).

Yerinə yetmişdi: Əşiya peyğəmbərdən təxminən 200 il sonra fars şahı Babilə hücum etdi. Sizcə, onun adı nə idi? Kuruş! Babil şəhəri güclü mühafizə olunduğundan Kuruş diqqətini şəhərin içindən keçən və divarlarını əhatə edən Fərat çayına yönəltdi. O, kanal qazdırdı, çayın axınını əks istiqamətə dəyişib, bataqlığa yönəltdi. Çayın səviyyəsi aşağı endi. Kuruşun ordusu qurşağa qədər olan çayı keçdi. Təəccüblüdür ki, babillilər çaya açılan darvazaları açıq qoymuşdular. Kuruşun ordusu açıq darvazadan Babilə daxil olub, şəhəri istila etdi.

Bəs şəhərin xaraba qalması barədə deyilənlər? Bir neçə əsr ərzində orada yaşayış oldu. Amma bu gün İraqın Bağdad şəhərinin yaxınlığında Babilin xarabalıqları peyğəmbərin sözlərinin tamamilə yerinə yetdiyinə səssiz şahidlik edir. Bəli, Müqəddəs Kitab gələcəkdə vaqe olacaq hadisələri də düz deyir.