Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Almaniyadakı ədəbiyyat arabaları «tətildə»

Almaniyadakı ədəbiyyat arabaları «tətildə»

Dünyanın böyük şəhərlərində piyadalar Yehovanın Şahidlərinin Müqəddəs Yazılara əsaslanan ədəbiyyat arabalarını görməyə alışıblar. Misal üçün, bu arabalar Almaniyanın Berlin, Köln, Münhen, Hamburq və digər böyük şəhərlərində quraşdırılır.

Görəsən, ədəbiyyat arabaları almanların səyahət etdikləri kiçik şəhərlərdə də diqqət çəkəcəkmi? Məsələn, şimali kurort şəhərlərində, sahilyanı ərazilərdə, Baltik və Şimal dənizindəki adalarda bu arabalara necə yanaşacaqlar? 2016-cı ildə Yehovanın Şahidlərinin Mərkəzi Avropa filialı xüsusi kampaniya təşkil etdi. Ədəbiyyat arabaları ilə böyük şəhərlərdə təbliğ edən 800-ə yaxın Yehovanın Şahidi may-oktyabr aylarında keçirilən bu kampaniyada iştirak etmək istəyini bildirdi. Almaniyanın şimalında 60-a yaxın ərazidə keçirilən bu kampaniyaya hətta Vyana (Avstriya) kimi uzaq məsafədən də qoşulanlar var idi.

«Şəhərin ayrılmaz hissəsi»

Yehovanın Şahidləri səmimi qarşılandı. Könüllülərdən biri deyir: «İnsanlar maraq göstərirdi. Onlar çox dostyana, söhbətcil idilər». Plön şəhərinə səyahət edən Heydi deyir: «Bir neçə gündən sonra camaat bizə şəhərin ayrılmaz hissəsi kimi yanaşmağa başladı. Hətta bəziləri bizi görəndə əl eləyirdi». Eşitmə qüsurlu olan bir kişi jest dilində söylədi: «Hara gedirəm, sizə rast gəlirəm!» O, öz dostları ilə Almaniyanın cənub-şərqində eşitmə qüsurlu insanlar üçün təşkil olunan bir mərasimdən qayıdırdı. Orada da Yehovanın Şahidlərinə rast gəlmişdi.

Hətta yerli sakinlərin bəziləri öz köməkliklərini təklif edirdi. Vanqeroqe adasında bir polis Şahidlərə yaxınlaşaraq daha çox insanla söhbət edə bilmələri üçün bəzi məsləhətlər verdi. Varen Müritzdə bir tur gəmisinin kapitanı sərnişinlərə maraqlı yerləri göstərirdi. Limandakı ədəbiyyat arabalarını göstərərək deyirdi: «Orada isə Allah haqqında öyrənə bilərsiniz». İstirahət edənlərin bəziləri arabalara yaxınlaşıb plakatlardakı yazıları oxuyurdu.

Növbəti üç broşür həm turistlərin, həm də yerli sakinlərin marağına səbəb oldu:

  • «Allah həqiqətən də bizim qeydimizə qalırmı?» Bir turist belə sözlər deyir: «Bu sual məni uzun müddət idi ki, maraqlandırırdı. İndi isə tətildəyəm və bu barədə oxumaq üçün vaxtım var».

  • «İlahi müjdə». Bir yaşlı kişi Yehovanın Şahidinə öz dinindən narazı olduğunu deyir. Şahidlər ona izah edirlər ki, heç bir insan problemlərimizi həll edə bilməz, buna yalnız Allah qadirdir. Kişi məmnuniyyətlə broşürü götürür və oxuyacağına söz verir.

  • «Mən də Allah haqda öyrənirəm». Ata öz balaca qızına uşaqlar üçün tərtib olunmuş bu broşürü götürməyə icazə verir. Özü isə «Müqəddəs Kitab hekayələri» kitabını götürüb «bunun ailəmizə xeyri dəyəcək» sözlərini deyir.

Ümumilikdə, insanlar 3600-dən çox nəşr götürdülər. Bəziləri Yehovanın Şahidləri ilə etdikləri söhbəti davam etdirmək üçün onları ziyarət etməyi xahiş edirdilər.

Bu kampaniyada iştirak edən Yehovanın Şahidləri böyük zövq aldılar. Baltik dənizinin yaxınlığındakı əraziyə səyahət edən Yorq və həyat yoldaşı Marina deyir: «Bu, bizim üçün ikiqat hədiyyə idi. Həm Allahın yaratdıqlarını seyr etmək, həm də Onun haqqında başqalarına danışmaq imkanımız oldu». 17 yaşlı Lukas deyir: «Mən ləzzət aldım! Bu, sadəcə gözəl bir səyahət deyildi, mən insanlara dəyərli bir şey verə bildim».