Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Uorvik şəkil sərgisi 7 (Sentyabr 2016 — fevral 2017)

Uorvik şəkil sərgisi 7 (Sentyabr 2016 — fevral 2017)

Bu şəkil sərgisində sentyabr 2016 — fevral 2017-ci il tarixində Yehovanın Şahidlərinin yeni baş idarəsində gedən tikinti işlərinin necə tamamlandığını və könüllülərin burada necə işləməyə başladığını görə bilərsiniz.

Uorvik kompleksinin fotoşəkli. Saat əqrəbi istiqamətində:

  1. Avtomobil təmir sexi

  2. Qonaqlar üçün maşın dayanacağı

  3. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

  4. B yaşayış binası

  5. D yaşayış binası

  6. C yaşayış binası

  7. A yaşayış binası

  8. Ofislər və xidmət binası

8 sentyabr 2016-cı il. Uorvik ərazisi

Uorvik kompleksinin bütün binaları artıq istifadəyə verilib. Sentyabr ayında burada artıq 500-ə yaxın adam yaşayırdı. Onların arasında tikinti layihələrində çalışan könüllülər və Bruklindən bura köçən tamvaxtlı xidmətçilər var idi.

20 sentyabr 2016-cı il. Ofislər və xidmət binası

Rəssam «Yehovanın adını daşıyan xalq» adlı sərginin giriş divarları üzərindəki güzgü plitələrin səthini yoxlayır. Sərgi tarixi mövzuya həsr olunduğundan plitələrə qədimi görünüş verilmişdir.

28 sentyabr 2016-cı il. Ofislər və xidmət binası

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Stiven Lett Uorvikdən yayımlanan ilk səhər ibadəti proqramına sədrlik edir. Həmin gün Stiven Lett qardaş bu binaların inşasında iştirak edən 27 mindən çox könüllü və layihəni müxtəlif cür dəstəkləyən bir çox insana minnətdarlıq məktubunu oxudu.

3 oktyabr 2016-cı il. Ofislər və xidmət binası

Burada üç sərgi nümayiş olunacaq. Xarrat «Yehovanın adını daşıyan xalq» adlı sərginin girişində qoyulacaq lövhənin üzərinə hərfləri düzür. Sərgi Yehovanın Şahidlərinin 1870-ci ildən bu günə qədər olan tarixini əks etdirir.

5 oktyabr 2016-cı il. Ofislər və xidmət binası

Yazı komitəsi öz köməkçiləri və Yazı şöbəsinin üzvləri ilə görüş keçirir. Böyük monitorlarda gələcək nəşrlər üçün nəzərdə tutulan şəkillər nümayiş olunur. Bundan əlavə, monitorlar başqa binalarda olan şöbələrin bu görüşlər zamanı komitə ilə videokonfrans yaratmasına imkan yaradır. Bir neçə il bundan əvvəl təşkilata hədiyyə edilmiş masa Bruklindən Uorvikə gətirilmişdir.

20 oktyabr 2016-cı il. Ofislər və xidmət binası

Koordinatorlar komitəsi öz əməkdaşları ilə birgə Filippində bir gün öncə baş vermiş «Haiyan» tayfunundan zərərçəkənlərə kömək etməyin yollarını müzakirə edir. Baş idarədəki şöbələr təcili məsələlər yarananda videokonfrans vasitəsilə bütün dünyadakı filiallarla əlaqə yarada bilirlər.

28 oktyabr 2016-cı il. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Şəkildə təsvir olunan xüsusi göl təmir sexi ilə əsas giriş yolun arasındadır. Uorvikdəki bu və digər göllər təbii yolla yağış sularını toplayıb təmizləyir. Əgər drenaj sistemi quraşdırılsaydı, 50 faiz artıq vəsait sərf olunacaqdı. Üstəlik, çaylara axan təmizlənmiş su flora və fauna üçün gözəl mühit yaradır.

4 noyabr 2016-cı il. Ofislər və xidmət binası

Bir qrup işçi əşyaları yük maşınına yükləyir. Bruklindən Uorvikə köçənlərə təxminən 80 könüllü kömək etmişdir.

14 dekabr 2016-cı il. Ofislər və xidmət binası

Çörəkçilər xəmiryoğuran avadanlığındakı böyük xəmir kütləsini dəzgahın üstünə boşaldır. Xəmirin çəkisi bəzən 45 kiloqramdan artıq olduğundan aşağı-yuxarı hərəkət edə bilən bu avadanlıq işi asanlaşdırır və təhlükəsiz edir. Burada həmçinin temperaturu və rütubəti tənzimləyən xüsusi qurğu var. Onun sayəsində qıcqırma prosesini ya sürətləndirmək, ya da zəiflətmək mümkündür. Bu qurğu hər həftə yüzlərlə çörək bişirmək işini xeyli yüngülləşdirir.

14 dekabr 2016-cı il. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

İşçilər təmir sexindən zibilləri çıxarırlar. Bruklindəki binalarımızdan fərqli olaraq, Uorvikdəki binaların əksəriyyəti bir-biri ilə bağlı inşa edilib. Belə ki, zir-zibili atmaq və təkrar emal olunası materialları binadan çıxarmaq üçün daha az işçi və nəqliyyat vasitəsi tələb olunur.

14 dekabr 2016-cı il. Ofislər və xidmət binası

Köynəyi xüsusi avadanlıqda ütüləməzdən öncə qırışlarını açmaq üçün ona su püskürdülür. Uorvik camaşırxanasında hər həftə orta hesabla 5000-dən çox kiloqram paltar və ya yataq dəsti yuyulur. Hər paltara barkod yapışdırılır. İşin düzgün icra olunduğunu yoxlamaq və yuyulan pal-paltarı düzgün ünvana çatdırmaq üçün bu barkodlar camaşırxanada skan edilir.

20 dekabr 2016-cı il. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Mexanik elektrik stansiyasında istifadə olunan kranı yoxlayıb təmir edir. Vaxtaşırı edilən bu işin sayəsində avadanlıq uzunömürlü və təhlükəsiz olur.

10 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Texnik «Əməldə görünən iman» adlı sərginin ilk görüntüsünü göstərən kompüter proqramını yoxlayır.

11 yanvar 2017-ci il. Ofislər və xidmət binası

İşçilər «Yehovanın adını daşıyan xalq» adlı sərgi üçün 1903-cü ildə istehsal olunmuş velosipedi hazırlayır. Təşkilata hədiyyə edilmiş bu velosiped Uorvikdəki işçilər tərəfindən bərpa edilib. Velosiped Müqəddəs Kitab xəbərini çatdırmaq üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edən Müqəddəs Kitab Tədqiqatçılarının (Yehovanın Şahidlərini əvvəlki adı) nə qədər can qoyduğunu göstərmək məqsədilə nümayiş olunacaq.

12 yanvar 2017-ci il. Ofislər və xidmət binası

İşçilər Müqəddəs Kitaba əsaslanmış «Yaradılış fotodramı»nın eksponatlarını qorumaq üçün şüşələr quraşdırırlar. Slayd və animasiyalardan ibarət olan bu fotodramın premyerası 1914-cü ildə olmuşdu və həmin il onu təxminən 9 milyon insan izləmişdi.

12 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Qrafik dizayner və arxivçilər «Müqəddəs Kitab və Allahın adı» sərgisi üçün 1544-cü ildə Sürixdə latın dilində nəşr olunan Müqəddəs Kitabı hazırlayırlar. Ön planda olan Müqəddəs Kitabdakı qırmızı ox Yehova Allahın adına işarə edir. Arxivçilər Müqəddəs Kitabın kövrək əlyazmalarını qorumaq üçün bir sıra tədbirlər görürlər. Misal üçün, onlar nazik poliefir lentləri ilə səhifələri yerinə bərkidirlər. Bundan əlavə, qalereyada rütubət və temperatur tənzimlənir və zərif səhifələrin zədələnməsinin qarşısını almaq üçün sərgidə quraşdırılan optik-lifli işıqlandırmaya ciddi nəzarət edilir.

16 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Qonaqlar bələdçinin müşayiətilə 23 metrlik qüllədən Uorvik kompleksinə açılan möhtəşəm mənzərəni seyr edirlər. 2017-ci il aprelin 3-dən etibarən Uorvikdəki binaları və sərgiləri ziyarət etmək mümkündür. Ekskursiyaya öncədən yazılmaq lazımdır. Bunun üçün rəsmi saytımızda HAQQIMIZDA > FİLİALLAR VƏ EKSKURSİYA bölməsinə daxil olub onlayn qeydiyyatdan keçə bilərsiniz.

19 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Arxivçi 1611-ci ildə işıq üzü görmüş nadir bir kitabı — «Kral Yakovun Müqəddəs Kitabı»nın ilk nəşrini vitrinə yerləşdirir. Sərgi vitrinləri xüsusi olaraq Uorvik mühəndisləri tərəfindən hazırlanıb.

19 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Qrafik dizayner hündür şlyapanı vitrinə yerləşdirir. Bu şlyapa Yehovanın Şahidlərinin fəaliyyətinə bir əsr bundan öncə rəhbərlik edən Cozef Ruterforda məxsusdur. «Yehovanın adını daşıyan xalq» sərgisinin bu guşəsində Yehovanın Şahidlərinin həmin dövrdə xoş xəbəri necə bəyan etdikləri nümayiş olunur.

20 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Audioyazı heyətinin köməyilə oxucu «Müqəddəs Kitab və Allahın adı» sərgisi üçün hazırlanan materialı səsləndirir. Bruklindəki səsyazma studiyası sökülüb Uorvikə köçürüləndən cəmi bir həftə sonra fəaliyyətini bərpa etdi. Bu studiyada (əsas səsyazma studiyaları Patersondakı Gözətçi Qülləsinin Təlim Mərkəzində yerləşir) həmçinin Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi», «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları, o cümlədən jw.org saytında çıxan məqalələr və digər nəşrlər səsləndirilir.

27 yanvar 2017-ci il. Ofislər və xidmət binası

Xarrat köməkçisi üçölçülü fotosərginin kənarlarını boyayır. «Yehovanın adını daşıyan xalq» sərgisinin bu guşəsində 19-cu əsrin sonlarında yaşamış Müqəddəs Kitab Tədqiqatçılarının şəkilləri sərgilənir.

15 fevral 2017-ci il. Ofislər və xidmət binası

Rəssam «Yehovanın dostu ol» adlı cizgi filminin baş qəhramanının — Eminin modelini rəngləyir. Bu model Yehovanın Şahidlərinin uşaqlar üçün hazırladığı vəsaitlərin əks olunduğu guşədə yerləşdiriləcək.

15 fevral 2017-ci il. Ofislər və xidmət binası

Xarrat «Yehovanın adını daşıyan xalq» adlı sərgi üçün şəkil və plakatları kəsir. Üç sərgi üzərində 250-dən çox könüllünün əməyi keçmişdir. Onların arasında dülgərlər, kompüter proqramçıları, dizaynerlər, elektriklər, kafel-metlax ustaları, videoqrafçılar, yazıçılar və digər mütəxəssislər olub.