Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Çelmsforddakı vəhşi təbiət qorunur

Çelmsforddakı vəhşi təbiət qorunur

Böyük Britaniyadakı Yehovanın Şahidləri Esseks qraflığındakı Çelmsford şəhəri yaxınlığında yeni filialın tikintisinə başlamışlar. Mənzərəsi gözəl olan bu ərazi bir neçə heyvan növünün məskənidir. Həmin heyvan növləri Birləşmiş Krallıqda 1981-ci ildə qəbul olunan vəhşi təbiətin və kənd təbiətinin müdafiəsi ilə bağlı akta əsasən qorunurlar. Bəs tikinti zamanı Yehovanın Şahidləri bu aktı pozmamaq və təbiətə zərər yetirməmək üçün nələr edirlər?

Süleysinlər üçün xüsusi körpü tikilir

Yehovanın Şahidləri tikintiyə yararlı olmayan taxtalardan qozluq süleysinlər üçün tikinti ərazisindən kənarda balaca yuvalar tikiblər. Onlar həmçinin süleysinlər üçün xüsusi körpü tikiblər. Filialın girişinə gedən əsas yolda asılan bu körpü ağaclarda və canlı çəpərlərdə (ağaclardan və kollardan ibarət sıx çəpər, hasar) yaşayan süleysinlərin rahat gediş-gəlişini təmin edir. Bundan əlavə, Yehovanın Şahidləri canlı çəpərlərin müdafiəsi ilə bağlı proqramdakı göstərişlərə əməl edirlər. Bu proqram xüsusilə süleysinlərin müdafiəsi üçün nəzərdə tutulub. Süleysinlər qış yuxusuna gedəndə canlı çəpərlərin bəzi hissələri kəsilir. Hər il görülən bu proses zamanı işçilər maksimum çalışırlar ki, süleysinləri oyatmasınlar və onların kifayət qədər qidaları olsun.

Süleysinlər üçün yuvalar düzəldilir

Yehovanın Şahidləri həmçinin adi suilanlarını, diridoğan kərtənkələləri və cılız koramal kimi tanınan ayaqsız kərtənkələləri də qoruyurlar. Ekoloqlar dam plitələrinin altında müvəqqəti sığınacaq tapan bu sürünənləri götürüb tikinti ərazisindən təhlükəsiz əraziyə apardılar. Həmin ərazidə sürünənlər üçün qışlama kameraları və xüsusi qoruyucu hasarlar da var. Yehovanın Şahidləri mütəmadi olaraq həmin hasarları yoxlayırlar ki, sürünənlər həyatları üçün təhlükəli olan tikinti ərazisinə keçməsinlər.

Qozluq süleysin

Hamarburun yarasaların aktiv gecə həyatına mane olmamaq üçün tikinti ərazisində hərəkətə həssas LED lampaları quraşdırılıb. Bu lampalar yalnız maşın hərəkətə düşəndə yanır. Qalan vaxtlarda isə ətraf qaranlıq olur. Yarasalar yemlərini gecə vaxtı ərazinin ətrafında olan canlı çəpərlərdə axtarırlar. Buna görə də çəpərlərin əksəriyyətinin qorunması və iki kilometr yarımdan artıq uzunluqda yenilərinin əkilməsi planlaşdırılır. Bəzi ağacları kəsmək lazım gəldiyi üçün işçilər yarasalar üçün yuva tikməli oldular.

Yarasalar üçün yuvalar düzəldilir

Yehovanın Şahidləri nəqliyyatdan elə istifadə edirlər ki, çoxlu sayda qiymətli, qocaman ağacların köklərini zədələməsinlər. Bu qocaman ağaclar onurğasızların, yarasaların və quşların evi sayılır. Yehovanın Şahidləri bu yollarla Çelmsforddakı vəhşi təbiəti qoruyur.