Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladın 138-ci sinfinin buraxılışı

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladın 138-ci sinfinin buraxılışı

2015-ci il martın 14-ü Yehovanın Şahidlərinin Patersondakı (Nyu-York) təlim mərkəzində Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladın 138-ci sinfinin buraxılışı oldu. Proqramı 14 000 nəfər izləyirdi. Onların arasında proqrama müxtəlif ərazilərdən video-yayım vasitəsilə baxanlar da var idi. Tədbir dörd yeni həmd nəğməsindən ibarət interlüdiya ilə başladı. Həmin nəğmələri sonradan bütün iştirakçılar oxudu *.

Proqramın sədri Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Cefri Cekson idi. Görüşün elə əvvəlində o, şagirdləri təşviq etdi ki, öyrəndiklərini gizlətməsinlər, əksinə, bu biliklərdən başqalarının faydası üçün istifadə etsinlər (2 Timutiyə 2:2).

Cefri qardaş Musanın nümunəsindən danışdı. Müəyyən vaxt ərzində Musanın öz çadırı İsrail xalqının ibadət mərkəzi idi. Lakin Hüzur çadırı tikilib qurtarandan sonra həqiqi ibadətin mərkəzi ora oldu. Musa Hüzur çadırının Ən Müqəddəs yerinə daxil ola bilməzdi. Ora ancaq baş kahin girə bilərdi. Ancaq Musa bu göstərişə görə şikayət etmədi, o, baş kahin kimi təyin olunan Haruna dəstək oldu (Çıxış 33:7—11; 40:34, 35). Buradan hansı dərsi götürə bilərik? Cefri qardaş dedi: «Burada əldə etdiklərinizin qədrini bilin, amma onu gizlətməyin».

«Yarpağın xışıltısından qorxacaqsınız?» Bu məruzəni Rəhbərlik Şurasının Təlim Komitəsinin köməkçisi Kennet Flodin qardaş söylədi. O, şagirdlərə dedi ki, onlar təqib və ya çətin təyinat kimi qorxulu görünən vəziyyətlərlə üzləşə bilərlər. Lavililər 26:36 ayəsindəki fikirdən istifadə edərək o, məsləhət verdi ki, bu çətinliklərə çıxılmaz vəziyyət kimi yox, əksinə qurudulmuş adi yarpaq kimi baxsınlar. Kennet qardaş diqqəti həvari Bulusun nümunəsinə yönəltdi. Bulus Yehovaya bel bağladığı üçün bir çox çətinliklərə sinə gərmişdi (2 Korinflilərə 1:8, 10).

«Siz nəyin axtarışındasınız?» Proqramın növbəti məruzəsini Rəhbərlik Şurasının üzvü Mark Sanderson söylədi. O, Məsəllər 13:12 ayəsindəki prinsipi müzakirə etdi. Ayədə deyilir: «Uzun intizar ürəyi xəstə salar». Təəssüf ki, çoxları ömür boyu özlərini naümid hiss edir, çünki onlar ürəklərində var-dövlət toplamaq və məşhur olmaq kimi nail ola bilməyəcəkləri məqsədlər qoyurlar.

İsa Məsihin günlərində bəziləri Vəftizçi Yəhya haqqında yanlış düşünürdülər (Luka 7:24—28). Misal üçün, ola bilsin, onlar qəliz təlimlər verən hansısa bir filosofu gözləyirdilər. Əgər həqiqətən, gözlədikləri bu idisə, onda onlar yanılırdılar, çünki Yəhya açıq-aydın həqiqəti öyrədirdi. Digərləri dəbdəbəli geyimdə olacaq kimisə gözləyirdi. Ancaq Yəhya kasıb insan kimi geyinirdi. Peyğəmbər gözləyənlərin isə ümidləri boşa çıxmadı. Yəhya nəinki peyğəmbər idi, o, həm də Məsihin gəlişinin müjdəçisi idi! (Yəhya 1:29).

Bu nümunənin əsasında Sanderson qardaş şagirdləri düzgün şeyləri axtarmağa təşviq etdi. Ad-san axtarmaq və ya başqalarından xüsusi münasibət gözləmək lazım deyil. Onlar öyrəndiklərini başqalarının rifahı üçün tətbiq etməlidirlər. Şagirdlər bunu Giladda öyrəndiklərini bacı-qardaşlarla bölüşməklə, onların imanlarını möhkəmləndirməklə və məhəbbət göstərməklə edə bilərlər. Sanderson qardaş əlavə etdi: «Bacı-qardaşlarınıza təvazökarlıqla xidmət edin və Yehovanın iradəsini yerinə yetirmək üçün əlinizdən gələni edin. Onda heç vaxt peşman olmayacaqsınız».

«Acları doyurun». Bu mövzunu Teokratik Məktəblər şöbəsindən Ceyms Koton qardaş açıqladı. O vurğuladı ki, hamının sevgiyə, diqqətə ehtiyacı var, hər kəs başqalarının onları qiymətləndirməsini istəyir. Hətta İsa Məsih belə bunlara ehtiyac duyurdu. Buna görə də İsa vəftiz olanda Yehova ona xoş sözlər demişdi (Mətta 3:16, 17).

Yehova başqalarını sözlərimizlə ruhlandırmaq və möhkəmləndirmək üçün bizə güc verib və istəyir ki, biz bu gücdən istifadə edək (Məsəllər 3:27). Ceyms qardaş şagirdləri təşviq etdi: «Başqalarında yaxşı şeylər görməyə çalışın və bunlara görə onları tərifləyin». Səmimi tərif həmimanlılarımıza səylərinin hədər getmədiyini göstərəcək.

«Son damlasına qədər fədakar». Proqramın növbəti məruzəsini Təlim Komitəsinin köməkçisi Mark Nyumer söylədi. Qardaş şagirdləri yalnız kiçik şeylər etməklə kifayətlənmək əvəzinə, həvari Bulusdan nümunə götürüb özlərini başqaları uğrunda fəda etməyə təşviq etdi. Belə etməklə onlar, əsil məmnunluğun nə olduğunu anlayacaqlar (Filippililərə 2:17, 18).

Çətinliklərlə üzləşsə də, Bulus təslim olmurdu. O, özünü başqaları uğrunda son nəfəsinə qədər fəda etdi. Buna görə də təmiz vicdanla deyə bildi: «Qarşımdakı məsafəni axıradək qaçdım» (2 Timutiyə 4:6, 7). Mark qardaş şagirdləri təşviq etdi ki, Bulusdan örnək götürərək öz təyinatlarında Padşahlıq işini dəstəkləsinlər.

Təcrübələr. Proqramın növbəti hissəsini Gilad müəllimlərindən biri olan Maykl Bürnet apardı. Həmin hissədə bəzi şagirdlər Patersonda qaldıqları müddətdə xidmətdə baş vermiş maraqlı hadisələri səhnələşdirdilər.

Həmişəki kimi şagirdlər şahidlik etmək üçün hər fürsətdən istifadə etməklə və insanların ana dilində xoş xəbəri çatdırmaqla yaxşı nəticələr əldə etdilər. Misal üçün, şagirdlərdən biri eşidib ki, təbliğ edəcəyi ərazidə çoxlu ispandilli insan yaşayır. Bir gün təbliğə getməzdən öncə o, JW Language proqramının köməyi ilə ispan dilində bir neçə söz öyrəndi və həmin gün küçədə ispandilli bir kişi ilə rastlaşdı. Öyrəndiyi sözlərdən istifadə etməklə yaxşı söhbət yarandı. Nəticədə, həmin kişi və ailəsinin dörd üzvü Müqəddəs Kitabı öyrənməyə başladı.

Müsahibələr. Sonra Rəhbərlik Şurasının Xidmət Komitəsinin köməkçisi Uiliyam Törner dörd şagirddən müsahibə götürdü. Onlar Giladdan əvvəlki həyatları və bu məktəbdə öyrəndikləri haqda danışdılar.

Şagirdlər onları ruhlandıran fikirləri bölüşdülər. Misal üçün, onlardan biri Luka kitabının 10-cu fəslindən öyrəndiklərini vurğuladı. İsanın 70 şagirdi xidmətdə yaxşı nəticə əldə etdikləri üçün sevinc içində idilər. İsa da sevinirdi. Ancaq o, şagirdlərinə öyrədirdi ki, onlar əldə etdikləri nəticələrə görə yox, gördükləri işin Yehovaya məqbul olduğuna görə sevinsinlər. Bu, bizə xatırladır ki, əsil sevinc şəraitimizdən yox, Yehovanı razı salmağımızdan asılıdır.

Törner qardaş Filippililərə 1:6 ayəsindəki sözləri şagirdlərə aid etdi. O, əmin etdi ki, aralarında «yaxşı işi başlayan Allah» daim onlarla olacaq.

«Gözünüzü Yehovadan ayırmayın». Rəhbərlik Şurasının üzvü olan Səmuel Hörd proqramın əsas məruzəsi ilə çıxış etdi. O dedi ki, biz hərfi mənada Yehovanı görə bilmərik. Bəs onda daima Ona necə baxa bilərik?

Yehovanı görməyimizin üsullarından biri Onun yaratdıqlarını müşahidə etməkdir. Onlar bizə Yehova haqqında çox şey öyrədir. Bundan əlavə, Yehova qəlbimizin gözünü nurlandırıb (Efeslilərə 1:18). Müqəddəs Kitabı daha çox oxuduqca Yehovanı daha yaxşı tanıyırıq. Yehovanı daha yaxşı tanıdıqca isə Ona daha yaxın oluruq.

Müjdələrə xüsusi diqqət yetirməliyik, çünki orada qələmə alınan İsanın sözləri və işləri bizə Yehovanı daha yaxşı tanıdır. İsa Məsih Yehovanın xüsusiyyətlərini elə mükəmməl şəkildə əks etdirirdi ki, «Məni görən Atanı da görüb» sözlərini deməyə haqqı çatdı (Yəhya 14:9).

Hörd qardaş dinləyiciləri İsanın nümunəsini təkcə oxumağa yox, oxuduqlarına əməl etməyə də təşviq etdi. Misal üçün, İsa başqalarını doyurmaq üçün əlindən gələni etdiyi kimi, biz də xoş xəbəri başqalarına çatdırmaq üçün var gücümüzlə çalışmalıyıq.

Gözümüzü Yehovadan ayırmasaq, hansı faydanı əldə edəcəyik? Biz məzmurçunun sözlərinə şərik olacağıq. O demişdi: «Yehovanı daim gözümün önündə saxlayıram, sağımda durub, əsla sarsılmaram!» (Zəbur 16:8).

Yekun. Şagirdlərə diplom verildikdən sonra məzunlardan biri sinfin adından minnətdarlıq məktubu oxudu. Cefri qardaş şagirdlərə müraciət edərək dedi ki, onlar bacı-qardaşlara yeni və dərin fikirlər öyrətməli olduqlarını fikirləşməsinlər. Onların deyəcəyi fikirlərin əksəriyyətini həmimanlıları bilir, məzunlar sadəcə bu fikirləri onların yadlarına salacaqlar. Qardaş həmçinin təvazökar olmağın vacibliyini vurğuladı. Onlar diqqəti özlərinə və Giladda aldıqları təlimlərə yox, Müqəddəs Kitaba və ona əsaslanan nəşrlərə yönəltməlidirlər. Məzunlar Gilad məktəbinə getməyə imkanı olmayan həmimanlılarını onlar üçün əlçatmaz olan şeylərdən danışıb ruhdan salmaq əvəzinə, onları edə biləcəkləri ruhani işlərə təşviq etməlidirlər. Proqrama qulaq asanların hamısı eşitdiklərindən ruhlanaraq bacı-qardaşlarına xidmət etməyə daha da əzmli oldular.

Friman və Miriam Ebi

Coel Asebes

Arsen və Alyona Ayriants

Aynurə Allahverdiyeva

Aca və Lalatiana Andriakaca

Deyl və Sonya Klark

Maykl və Katrina Deyvis

Trend Edson

Aleksandr Fomin

Jozue Fransua

Xuan Ciovanelli

Mark və Cil Hollis

Daniel İvanoviç

Hüq və Reyçel Kabiçua

Donq-in Kim

Yura Kuçerenko

Robert və Samanta Li

Jil və Kristian Mba

Co və Ka Tom Nayn

Viktor və Emi Namba

Ebenezer və Soni Nil

Devid Nuaqu

Mirey Razuk

Sostenes və Eli Rodriqes

Davi Seulia

Eki Soba

Simao Sona

Anya Van Luveren

Qven Uiliams

K. Abdiel və Armanda Uru

^ abz. 2 Görüşdə iştirak edənlər yeni həmd nəğmələrini tədbirin keçirildiyi həftənin ilk günündə əldə etmişdilər.

^ abz. 32 Ölkələrin hamısı xəritədə göstərilməyib.

^ abz. 34 Siyahı tam deyil.