Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Özüm öz qəbrimi qazırdım»

«Özüm öz qəbrimi qazırdım»
  • Doğulduğu il: 1978

  • Ölkə: Salvador

  • Keçmişdə: Zorakı banda üzvü

KEÇMİŞİM

«Əgər həqiqətən Allah haqqında öyrənmək istəyirsənsə, Yehovanın Şahidlərindən bərk yapış». Bunu eşidəndə heyrət içində idim. Həmin vaxt Yehovanın Şahidləri ilə bir müddət idi ki, Müqəddəs Kitab dərsi keçirdim. Amma mənim reaksiyamı başa düşməyiniz üçün gəlin həyatım haqda sizə bir az danışım.

Salvadorun Kesaltepeke şəhərində anadan olmuşam. Ailədə 15 uşaq idik, mən altıncısı idim. Valideynlərim mənə dürüst olmağı və qanuna itaət etməyi öyrədərək böyüdüb. Üstəlik, Leonardo və başqa Yehovanın Şahidləri bizə Müqəddəs Kitabı öyrətmək üçün vaxtaşırı gəlirdilər. Amma öyrəndiklərimə etinasız yanaşırdım və ard-arda səhv qərarlar verirdim. 14 yaşım olanda məktəb yoldaşlarımla spirtli içki içməyə və narkotik qəbul etməyə başladım. Onlar bir-bir məktəbi atıb bandaya qoşuldular və mən onların pis nümunəsini izlədim. Biz günlərimizi küçələrdə keçirirdik, insanları talayırdıq və tələbatlarımızı ödəmək üçün oğurluq edirdik.

Banda mənim ailəmə çevrildi. Özümü onlara sadiq qalmağa borclu sayırdım. Məsələn, bir gün banda üzvüm yüksək narkotik təsiri altında qonşularıma basqın etdi. Dava zamanı qonşum dostumun əl-qolunu bağlamağın yolunu tapdı və polisə zəng etdi. Qəzəblənərək qonşumun maşınını ağır bir dəyənəklə vurmağa başladım və məcbur etdim ki, dostumu buraxsın. Maşının pəncərələrini sındıranda və oturacağını zədələyəndə qonşum dayanmağım üçün yalvardı, amma mən qulaq asmadım.

18 yaşım olanda bandam polislə dava etdi. Evdə düzəldilmiş bir bombanı atmaq üzrə ikən o, əlimdə partladı. Heç bilmirəm bu necə oldu. Yalnız xatırladığım odur ki, əlimin parça-parça olduğunu gördüm və huşumu itirdim. Xəstəxanada ayılanda öyrəndim ki, sağ əlimi itirmişəm, sağ qulağım kar olub və demək olar ki, sağ gözüm görmür.

Aldığım xəsarətlərə baxmayaraq, yenə də xəstəxanadan çıxan kimi bandama geri qayıtdım. Bundan qısa müddət sonra polis məni tutdu və həbsə saldı. Burada mənim banda üzvləri ilə münasibətlərim daha da möhkəmləndi. Biz bütün günü hər şeyi bir yerdə edirdik — səhər birlikdə ilk marixuanamızı çəkəndən tutmuş axşam yatmağa gedənə qədər.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

Həbsxanada olanda Leonardo mənə baş çəkdi. Danışan kimi o, sağ qolumdakı döyməyə diqqət yetirdi. O soruşdu: «Bu üç nöqtənin mənasını bilirsənmi?». Dedim: «Əlbəttə, seks, narkotik və rok-n-roll». Leonarda cavab verdi: «Mən isə deyərdim ki, onların mənası xəstəxana, həbsxana və ölümdür. Sən xəstəxanada olmusan və indi həbsxanadasan. Növbədə səni nəyin gözlədiyini özün bilirsən».

Leonardonun dedikləri məni sarsıtdı. O haqlı idi. Həyat tərzimlə özüm öz qəbrimi qazırdım. Leonardo onunla birlikdə Müqəddəs Kitabı öyrənməyi təklif etdi, mən də qəbul etdim. Müqəddəs Kitabdan öyrəndiklərim həyatımı dəyişməyə sövq etdi. Məsələn, Müqəddəs Kitabda deyilir ki, «pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33, haşiyə). Beləliklə, etməli olduğum ilk şey yeni dostlar tapmaq idi. Ona görə də banda görüşlərinə getməyi dayandırdım və onun yerinə Yehovanın Şahidlərinin həbsxana içində keçirdikləri görüşlərə getməyə başladım. Yehovanın Şahidlərinin görüşündə Andreas adlı məhbusla tanış oldum. O, Yehovanın Şahidi kimi həbsxanada vəftiz olunmuşdu. O, məni səhər yeməyinə dəvət etdi. Bundan sonra günüm marixuana çəkməklə başlamırdı. Əksinə, Andreasla birlikdə hər səhər Müqəddəs Kitab ayəsini müzakirə etməklə başlayırdım.

Banda üzvləri məndəki dəyişikliyi o dəqiqə sezdilər. Nəticədə, banda rəhbərlərindən biri mənimlə danışmalı olduğunu dedi. Bərk qorxdum. Bilmirdim, məqsədlərimi öyrənəndə mənə nə edəcək, çünki bandanı tərk etmək, demək olar ki, qeyri-mümkündür. O dedi: «Biz görürük ki, sən bizim görüşlərimizə gəlmək əvəzinə Yehovanın Şahidlərinin görüşlərinə gedirsən. Planın nədir?» Dedim ki, Müqəddəs Kitabı öyrənməyə davam etmək və həyatımı dəyişmək istəyirəm. O, dedi ki, həqiqətən Yehovanın Şahidi olmaq istəyimi sübut etsəm, banda mənə hörmət edəcək. Bunu eşidəndə heyrətə gəldim. Sonra o dedi: «Əgər həqiqətən Allah haqqında öyrənmək istəyirsənsə, Yehovanın Şahidlərindən bərk yapış. Biz səndən bir də pis şeylər etməyəcəyini gözləyirik. Səni təbrik edirəm. Doğru yoldasan. Yehovanın Şahidləri sənə həqiqətən kömək edə bilər. Mən Birləşmiş Ştatlarda olanda onlarla Müqəddəs Kitab öyrənirdim və ailəmin bəzi üzvləri Yehovanın Şahidləridir. Qorxma. Davam et». Mən hələ də qorxurdum, amma eyni zamanda sevincdən uçurdum. Ürəyimdə Yehovaya minnətdarlıq etdim. Özümü qəfəsdən azad olmuş quş kimi hiss edirdim. Həmin an İsa Məsihin növbəti sözlərini dərk etdim: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəhya 8:32).

Keçmiş dostlarımdan bəziləri yenə də narkotik təklif etməklə məni sınayırdılar. Etiraf etməliyəm ki, bəzən təslim olurdum. Amma israrla etdiyim çoxlu dualardan sonra nəhayət pis vərdişlərimdən yaxa qurtardım (Zəbur 51:10, 11).

Çoxları düşünürdü ki, həbsdən azad olandan sonra köhnə həyatıma geri dönəcəyəm, amma mən bunu etmədim. Düzdür, mən həbsxanaya qayıtdım, amma Müqəddəs Kitabdan öyrəndiklərimi digər məhbuslarla paylaşmaq üçün. Sonda mənim keçmiş dostlarım dəyişdiyimə əmin oldular. Təəssüf ki, bu, keçmiş düşmənlərimlə olan vəziyyətə təsir etmədi.

Bir gün təbliğə gedəndə məni öldürmək istəyən keçmiş bir rəqib bandanın silahlı üzvləri birdən əməkdaşımla məni əhatəyə aldı. Əməkdaşım nəzakətli şəkildə, amma cəsarətlə onlara izah etdi ki, mən artıq heç bir bandanın üzvü deyiləm. Bu vaxt sakit qalmağa çalışırdım. Məni döyəndən və bu əraziyə bir də gəlməməyimlə bağlı hədə-qorxu gələndən sonra silahlarını aşağı saldılar və getməyimizə icazə verdilər. Müqəddəs Kitab həyatımı həqiqətən dəyişdi. Əvvəl olsaydı, qisas almağa çalışardım. Amma indi 1 Salonikililərə 5:15 ayəsində yazılan Müqəddəs Kitab məsləhətini əldə rəhbər tuturam: «Diqqət yetirin ki, heç kim pisliyə pisliklə cavab verməsin, həmişə bir-birinizə və başqalarına yaxşılıq etməyə can atın».

Yehovanın Şahidi olduğumdan bəri dürüst insan olmağa çalışmışam. Bu, heç də asan olmayıb. Bununla belə, Yehova Allahın köməyi, Müqəddəs Kitabdakı məsləhətlər və yeni dostlarımın dəstəyi sayəsində mən bunu bacardım. Heç vaxt keçmiş əməllərimə dönmək istəmirəm (2 Butrus 2:22).

MƏNƏ FAYDASI

Mən qəzəblə dolu zorakı bir insan idim. Əminəm ki, əgər zorakı həyat tərzimə son verməsəydim, indi sağ qalmazdım. Müqəddəs Kitabdan öyrəndiklərim məni tamamilə dəyişdi. Pis əməllərimdən əl çəkdim. Keçmiş düşmənlərimlə sülhdə olmağı öyrəndim (Luka 6:27). Və indi məndə yaxşı keyfiyyətlər yetişdirməyə kömək edən dostlara sahibəm (Məsəllər 13:20). Allaha xidmət etmək məqsədimdən bərk yapışaraq xoşbəxt həyat sürürəm. O Allah ki, etdiyim pis əməllərin hamısını bağışlamağa hazır olub (Əşiya 1:18).

2006-cı ildə subay məsihi təbliğçilər üçün xüsusi təlim məktəbində iştirak etdim. Bir neçə il sonra ailə qurdum və hal-hazırda bir qızımız var. Vaxtımın çoxunu mənə kömək edən Müqəddəs Kitab prinsiplərini başqalarına öyrətməklə keçirirəm. Həmçinin yığıncaqda ağsaqqal kimi xidmət edirəm. Gənclərə onların yaşında etdiyim səhvləri etməmələri üçün kömək etməyə çalışıram. İndi öz qəbrimi qazmaq yerinə, Allahın Müqəddəs Kitab vasitəsilə vəd etdiyi əbədi gələcəyi qazanmağa çalışıram.