Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«İstədiyim hər şeyə sahib olduğumu düşünürdüm»

«İstədiyim hər şeyə sahib olduğumu düşünürdüm»
  • DOĞULDUĞU İL: 1962

  • ÖLKƏ: Kanada

  • KEÇMİŞDƏ: Əxlaqsız həyat tərzi

KEÇMİŞİM

 Mən Kanadanın Kvebek əyalətinin ən böyük şəhəri olan Monrealda dünyaya göz açmışam. Bir bacım və iki qardaşım var. Rouzmant yaxınlığında sevgi dolu bir ailədə böyümüşəm. Ailəlikcə dava-dalaşsız və dinc həyat sürmüşük.

 Kiçik yaşlarımdan Müqəddəs Kitaba marağım var idi. Xatırlayıram, 12 yaşım olanda İncildən İsanın həyatı haqda oxumuşdum və çox xoşuma gəlmişdi. Onun başqalarına göstərdiyi sevgi və şəfqət mənim ürəyimə elə toxunmuşdu ki, onun kimi olmaq istəyirdim. Təəssüf ki, böyüdükcə və mənə mənfi təsir edən insanlarla oturub-durduqca bu arzum puç oldu.

 Atam saksofon ifaçısı idi. O, nəinki öz musiqi alətini mənə verdi, üstəlik, həyatımın mənasına çevrilən musiqiyə sevgi də aşıladı. Musiqidən elə zövq alırdım ki, qısa bir vaxtda gitara çalmağı öyrəndim. Elə həmin vaxtlarda dostlarımla birgə rok qrupu yaratdıq və bir neçə dəfə səhnədə ifa etdik. Musiqi sənayəsinin bəzi tanınmış prodüserləri bizim fərqimizə vardılar və təkliflər etdilər. Mən böyük səsyazma şirkəti ilə müqavilə bağladım. Musiqi dünyasında tezliklə məşhur oldum və ifalarım Kvebek radiosunda səslənməyə başladı.

 İstədiyim hər şeyə sahib olduğumu düşünürdüm. Gənc idim, məşhur idim, sevdiyim işi görməklə çoxlu pul qazanırdım. Gündüzlər idman zalında məşq edirdim, müsahibə verirdim, imza sessiyalarında iştirak edirdim, televiziya verilişlərinə çıxırdım. Gecələr musiqi ifa edir və partilərdə olurdum. Pərəstişkarlarımın səbəb olduğu stressi azaltmaq üçün çox gənc yaşlarımda spirtli içkiyə başladım, bu isə narkotik istifadəsinə gətirib çıxardı. Üstəlik vecsiz və əxlaqsız oldum.

 Xoşbəxt göründüyüm üçün çoxları həyat tərzimə həsəd aparırdı. Amma ürəyimin dərinliyində boşluq hiss edirdim, xüsusilə də yalnız olduğum vaxtlarda. Çox dilxor idim, narahatçılıq keçirirdim. Ən pisi o idi ki, karyeramın yüksək zirvəsində prodüserlərimdən ikisi QİÇS-dən həyatını itirdi. Yaman sarsılmışdım. Musiqini sevsəm də, bu həyat tərzindən iyrənməyə başladım.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 Düzdür, uğur qazanırdım, amma bununla yanaşı bilirdim ki, dünyada nəsə qaydasında getmir. Bu qədər ədalətsizlik necə ola bilər? Mənə maraqlı idi, görəsən Allah nəyə görə hərəkətə keçmək istəmir? Suallarıma cavab tapmaq üçün Allaha tez-tez dua edirdim. Səfərlərə ara verdiyim müddətdə yenidən Müqəddəs Kitabı oxumağa başladım. Oxuduqlarımın çox hissəsini tam başa düşməsəm də, belə bir qənaətə gəldim ki, tezliklə dünyanın sonu olmalıdır.

 Müqəddəs Kitabı oxuyanda bir dəfə İsanın səhrada 40 gün oruc tutduğunu öyrəndim (Mətta 4:1, 2). Öz-özümə düşündüm ki, əgər mən də belə etsəm, bəlkə Allah özünü mənə aşkar edər. Beləcə oruc tutmağa başlayacağım tarixi təyin etdim. Oruc tutmağıma iki həftə qalmış iki Yehovanın Şahidi qapımı döydü, sanki onları gözləyirəmmiş kimi hər ikisini dərhal içəri dəvət etdim. Zak adlı Şahidin gözlərinin içinə baxıb soruşdum: «Haradan bilmək olar ki, bu dünyanın axırzamanında yaşayırıq?» Cavabında o, Müqəddəs Kitabı açdı və 2 Timutiyə 3:1—5 ayələrini oxudu. Onları sual atəşinə tutdum, hər dəfə Müqəddəs Kitaba əsaslanan aydın və məntiqli cavabları mənə çox güclü təsir bağışladı. Bir neçə söhbətimizdən sonra anladım ki, oruc tutmağa ehtiyac yox imiş.

 Yehovanın Şahidləri ilə müntəzəm şəkildə Müqəddəs Kitabı araşdırmağa qərar verdim. Nəticədə, uzun saçlarımı kəsdim və ibadət evindəki görüşlərdə iştirak etməyə başladım. Görüşlərdə səmimi qarşılanmağım məni əmin etdi ki, nəhayət həqiqəti tapmışam.

 Əlbəttə, Müqəddəs Kitabdan öyrəndiklərimi tədbiq etmək üçün həyatımda bəzi böyük dəyişiklikləri etməliydim. Qanunsuz narkotik istifadəsini dayandırmalı və əxlaqsız həyat tərzindən çıxmalıydım. Həmçinin eqoist xasiyyətimi dəyişməli və daha çox başqalarının qayğısına qalmağı bacarmalıydım. Tək valideyn kimi iki övladımın ruhani və emosional tələbatlarını ödəməyi öyrənməliydim. Beləliklə, musiqi karyeramı geridə qoydum və bir zavodda azmaaşlı iş tapdım.

 Bütün bu dəyişiklikləri etmək elə də asan deyildi. Narkotikdən əl çəkməyə çalışdığım üçün abstinent (tərgitmə) sindromu ilə mübarizə aparırdım və bir neçə dəfə əvvəlki vəziyyətə qayıtmışdım (Romalılara 7:19, 21—24). Əxlaqsız həyat tərzimi tərk etmək xüsusilə çətin oldu. Həmçinin yeni işim çox usandırıcı idi, cüzi gəlirim məni həvəsdən salırdı. Musiqiçi kimi iki saata qazandığım pulu indi üç aya qazanırdım.

 Dua mənə bu çətin düzəlişləri etməkdə əzmli qalmağa kömək etdi. Həmçinin dərk etdim ki, Müqəddəs Kitabı müntəzəm oxumaq vacibdir. Müqəddəs Kitabın bəzi ayələri məni xüsusilə ruhlandırdı. Onlardan biri 2 Korinflilərə 7:1 ayəsidir. Bu ayədə məsihilərə «cismi və ruhu murdarlayan hər şeydən [özlərini təmizləmək]» buyrulur. Digəri isə Filippililərə 4:13 ayəsidir. Ayə məni əmin etdi ki, pis vərdişlərimdən yaxa qurtarmaq mümkündür. Orada deyilir: «Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır». Yehova Allah dualarıma cavab verdi və Müqəddəs Kitab həqiqətlərini başa düşməyə, onları tətbiq etməyə kömək etdi. Bu, məni həyatımı Ona həsr etməyə təşviq etdi (1 Butrus 4:1, 2). 1997-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundum.

MƏNƏ FAYDASI

 Əminəm ki, keçmiş həyat tərzimi davam etdirsəydim, indiyə çoxdan ölmüşdüm. Bunun əvəzinə, indi mənim həqiqətən xoşbəxt həyatım var. Möhtəşəm həyat yoldaşım Elvi mənim üçün əsl xeyir-duadır. İkimiz də tammüddətli xidmət edirik və başqalarına Müqəddəs Kitabı öyrətməkdən zövq alırıq. Bu, mənə sevinc və məmnunluq bəxş edir. Məni Özünə cəlb etdiyi üçün Yehovaya ürəkdən minnətdaram (Yəhya 6:44).