Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Həyatım kontroldan çıxmışdı

Həyatım kontroldan çıxmışdı
  • Doğulduğu il: 1971

  • Ölkə: Tonqa

  • Keçmişdə: Narkotik aludəçisi, məhbus

KEÇMİŞİM

 Ailəm Sakit okeanın cənub-şərqində yerləşən təxminən 170 adadan ibarət Tonqa ölkəsindəndir. Biz Tonqada sadə həyat tərzi sürmüşük. İşığımız və heç bir nəqliyyat vasitəmiz yox idi. Amma evimizdə daima suyumuz və bir neçə toyuğumuz var idi. Məktəb tətillərində iki qardaşımla birlikdə atamıza təsərrüfat işlərində kömək edirdik. Məsələn, banan, şirin kartof, yer alması və maniok becərirdik. Atam bu məhsulları satmaqla və başqa kiçik işlər görməklə ailəmizi maddi cəhətdən təmin edirdi. Sakit okean adalarında yaşayan əksər insanlar kimi bizim ailəmiz də Müqəddəs Kitaba dərin hörmət bəsləyirdi və müntəzəm olaraq kilsəyə gedirdi. Bununla belə, biz düşünürdük ki, yaxşı həyat sürməyin tək yolu zəngin bir ölkəyə köçməkdir.

 16 yaşım olanda dayım ailəmizi ABŞ-ın Kaliforniya ştatında yerləşdirdi. Mədəni uzlaşma bizim üçün necə də çətin idi! Düzdür, artıq maddi vəziyyətimiz yaxşı idi, amma cinayətkarlığın və narkotik istifadəsinin geniş yayıldığı bir ərazidə yaşayırdıq. Biz gecələr tez-tez atəş səsləri eşidirdik və qonşularımızın çoxu cinayətkar bandalardan qorxurdu. Əksər insanlar özlərini qorumaq və ya münaqişə yaratmaq məqsədilə üstlərində silahlar daşıyırdılar. Belə münaqişələrin birində döş qəfəsimdən güllə yarası almışdım.

 Yuxarı siniflərdə başqa gənclər kimi olmaq istəyirdim. Yavaş-yavaş daha çox kef məclislərində olur, sərxoşluq edir, zorakılıqla məşğul olur və qeyri-qanuni olaraq narkotik istifadə edirdim. Hətta kokain aludəçisinə çevrildim. Narkotik almaq üçün oğurluq etməyə başladım. Ailəmin üzvləri dindar insanlar olsa da, mən heç vaxt yanlış hərəkətlər etməyə sövq edən həmyaşıdlarımın təzyiqi ilə mübarizə aparmaq üçün göstərilən köməyi qəbul etmirdim. Dəfələrlə zorakılığa görə tutuldum. Həyatım kontroldan çıxmışdı. Axırda həbsxanaya düşdüm.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 1997-ci il həbsxanada olarkən bir gün məhbuslardan biri əlimdə Müqəddəs Kitab tutduğumu gördü. Həmin gün tonqalıların müqəddəs hesab etdikləri Milad bayramı günü idi. O, məndən Müqəddəs Kitabda Məsihin doğulması ilə bağlı yazılan həqiqətləri bilib-bilmədiyimi soruşdu. Heç bir fikrim yox idi. O, mənə Müqəddəs Kitabda İsa Məsihin anadan olması ilə bağlı bir parçanı göstərdi. Gördüm ki, Milad bayramının ənənəvi elementlərinin əksəriyyəti orada qeyd edilməyib (Mətta 2:1—12; Luka 2:5—14). Çox təəccübləndim və Müqəddəs Kitabda daha nələr deyildiyi ilə maraqlandım. Bu adam Yehovanın Şahidlərinin həbsxanada keçirdiyi həftəlik görüşlərdə iştirak edirdi. Mən də ona qoşulmağa qərar verdim. Onlar Müqəddəs Kitabın «Vəhy» bölməsini müzakirə edirdilər. Orada deyilənlərin az qismini başa düşsəm də, onların Müqəddəs Kitabdan öyrətdikləri hər şeyi dərk etdim.

 Yehovanın Şahidləri Müqəddəs Kitab dərsi təklif edəndə məmnuniyyətlə qəbul etdim. Birinci dəfədən Müqəddəs Kitabın yer üzündəki cənnət vədi haqda öyrəndim (Əşiya 35:5—8). Bu məni təşviq etdi ki, Allahın razılığını qazanım. Bunun üçün həyatımda köklü dəyişikliklər etməliydim. Başa düşdüm ki, Yehova Allah istəməz mənim yeni dünyada da pis vərdişlərim davam etsin (1 Korinflilərə 6:9, 10). Ona görə də pis xüsusiyyətlərimə nəzarət etməyə, siqareti tərgitməyə, həddən artıq içki içməyəcəyimə və narkotikdən sui-istifadə etməyəcəyimə dair qərar verdim.

 1999-cu ildə həbs müddətim bitməmişdən əvvəl hakimiyyət nümayəndələri məni mühacir düşərgəsinə göndərdilər. Bir ildən çox vaxt ərzində Yehovanın Şahidləri ilə əlaqəm kəsildi. Amma dəyişikliklər etməyə qəti qərarlı idim. 2000-ci ildə hökumət mənim Birləşmiş Ştatlarda qalmağa izin vermədi və məni Tonqaya deportasiya etdi.

 Tonqada tez Yehovanın Şahidlərini axtardım və Müqəddəs Kitab dərsinə yenidən başladım. Öyrəndiklərim çox xoşuma gəldi. Üstəlik, Birləşmiş Ştatlardakı Yehovanın Şahidləri kimi adadakı Yehovanın Şahidlərinin də bütün öyrətdikləri Müqəddəs Kitabla üst-üstə gəlirdi. Bütün bunlar məni valeh edirdi.

 Atam cəmiyyətdə yaxşı tanınırdı, çünki kilsədə məsuliyyətli vəzifəsi var idi. Ona görə ailəm eşidəndə heyrətə düşdü və Yehovanın Şahidləri ilə əlaqə saxladığıma əsəbiləşdilər. Amma sonradan ailəm sevindi ki, Müqəddəs Kitab prinsipləri həyatımı dəyişməyə kömək edib.

Tonqadakı kişilərin əksəriyyəti kimi mən də hər həftə kava içkisini içməyə saatlarla vaxt sərf edirdim

 Mənim üçün ən çətin dəyişikliklərdən biri ölkəmdə hər kəsin sui-istifadə etdiyi bir içki idi. Tonqadakı kişilərin çoxu hər həftə kava içkisini içməyə saatlarla vaxt sərf edirlər. Bu sakitləşdirici içki bibər bitkisinin kökündən hazırlanır. Demək olar, hər gecə bir kava klubuna getməyə başladım və kavanı bihuş olana qədər içirdim. Problem Müqəddəs Kitab normalarına hörmət etməyən dostlarla münasibətim idi. Axırda gördüm ki, vərdişlərim Allaha xoş getmir. Allahın xeyir-duasını və razılığını qazanmaq üçün dəyişikliklər etdim.

 Yehovanın Şahidlərinin bütün görüşlərində iştirak etməyə başladım. Allahı razı salmağa çalışan insanlarla münasibət pis vərdişlərin öhdəsindən gəlməyə kömək etdi. 2002-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundum.

MƏNƏ FAYDASI

 Mən Müqəddəs Kitabda Allahın səbri haqda yazılanlardan çox şey öyrəndim: «Yehova... sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 Butrus 3:9). Əlbəttə, O, korlanmış bu dünyanı uzun müddət əvvəl məhv edə bilərdi, amma mənim kimi insanların Onunla yaxın münasibətlər qurması üçün kifayət qədər uzun müddət vaxt keçməsinə izin verdi. Onun başqalarına kömək etmək üçün məndən istifadə etməsini düşünmək məni çox sevindirir.

 Yehovanın köməyi ilə həyatımı artıq puç etməməyə qərar verdim. Ölümcül təsirə malik narkotik tələbatımı ödəmək üçün başqalarından oğurluq etmirəm. Əksinə, yaxınlarımın da Yehovanın dostları olmasına kömək etməyə çalışıram. Yehovanın Şahidləri ilə münasibətlərim sayəsində Tea ilə tanış olub ailə qurdum. Kiçik oğlumuzla birlikdə çox xoşbəxt ailəmiz var. Biz başqalarına Müqəddəs Kitabda yazılan cənnətdə əbədi yaşamaq vədindən danışırıq.