Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab Məktəbi Giladın 137-ci buraxılışı

Müqəddəs Kitab Məktəbi Giladın 137-ci buraxılışı

ABŞ-ın Nyu York ştatı, Patterson. 13 sentyabr 2014-cü il tarixində Yehovanın Şahidlərinin tədris mərkəzində Müqəddəs Kitab Məktəbi Giladın 137-ci buraxılışı baş tutdu. Məktəb Yehovanın Şahidləri sırasından olan təcrübəli xadimlərin bacarığını daha da artıraraq təyinat aldıqları yığıncaq və filiallardakı dindaşlarını iman yolunda bərkidib sabitləşdirmək üçün hazırlayır. Buraxılış proqramına Pattersonda tamaşa zalında edənlərdən savayı onu ABŞ-ın digər yerlərindən, habelə Kanada, Puerto-Riko və Yamaykadan video bağlantı vasitəsilə izləyənlər də olmuşdu, cəmi 12 333 nəfər.

Proqrama Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Samuel Herd sədrlik etmişdi. Açılış nitqində qardaş Yehova Allahın fikirlərinin insan fikirlərindən nə qədər uca olduğundan danışdı (Əşiya 55:8, 9). O qeyd etdi ki, tələbələr İlahinin fikrini beş ay ərzində araşdırıb tədqiq etsələr də, işlərinin ancaq «bir zərrəsini» öyrənmişlər (Əyyub 26:14). Samuel qardaş həmçinin dedi ki, bir araya gəlib ilahi fikirlər barədə söhbət etmək insana həmişə böyük fayda gətirir; bu buraxılış proqramı da istisna deyil.

«Ruhun bəhrəsi... səbir»dir (Qalatiyalılara 5:22). ABŞ filial komitəsinin üzvü Con Larson öz çıxışında səbir keyfiyyətinin müqəddəs ruhun bəhrəsinin bir təzahürü olduğunu və hansı iki sahədə bizə lazım gəldiyini izah etdi. Birincisi, Yehova Allah bizi öyrədib imanda sarsılmazlığa çatdırarkən Onunla münasibətdə səbirli olmalıyıq (1 Butrus 5:10). İbrahim peyğəmbər bu məsələdə gözəl örnək vermişdir. Allah onu tam öyrədənə, ona verdiyi vədi tam həyata keçirənə qədər peyğəmbər səbir nümayiş etdirirdi (İbranilərə 6:15).

İkincisi, özümüzlə münasibətdə səbir göstərmək gərəkir. Gilad Məktəbində bu qədər təlim alandan sonra tələbələr özlərinə qarşı çox tələbkar ola bilərlər. Təyinatlarına çatıb işlərin gözlədikləri kimi, dərhal yoluna düşmədiyini görəndə «heç nəyə yaramıram» deyə özlərini günahlandıra bilərlər. Con qardaş öz təcrübəsindən danışaraq tələbələri xatircəm etdi ki, özlərinə qarşı səbirli və eyni zamanda çalışqan olmaqla hər hansı problemin öhdəsindən gələ biləcəklər. Bu yolla Allah da onların təlimini başa çatdıracaqdır (İbranilərə 6:11, 12).

«Ürəyiniz həlim olub əbədi döyünsün». Rəhbərlik Şurası üzvü Entoni Moris öz nitqini Məsəllər 22:26 ayəsində yazılan «qoy onların ürəyi əbədi döyünsün» sözlərinə əsaslandırdı. Əbədilik nemətinə sahib olmaq üçün təvazökar olmalıyıq. Qardaş vurğuladı ki, təvazökarlığı əldən verəndə Allahın əlində yararlılığımızı da itiririk. Hətta uzun müddətdir məsihi olanlar da İsa Məsih kimi olmağın vacibliyini gözdən qaçıra bilərlər (2 Butrus 1:9).

Müqəddəs Yazılar həm təvazökar, həm də qeyri-təvazökarların nümunəsini göstərir. Hirod Aqrippa özündən razı halda yaltaq kütlənin alqış sözlərini qəbul etdi, halbuki bu sözlər ancaq Tanrıya yaraşırdı. Nəticədə Yehovanın mələyi onu vurdu və «qurdlar onu yedi» (Həvarilərin işləri 12:21—23). Bunun tam təzadı olaraq, həvari Butrus Məsihin «sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir» məzəmmətindən sonra küsüb acıq etmədi (Mətta 16:21—23). Düzəlişi qəbul etdi, bununla da təvazökarlıq örnəklərinə qatıldı (1Butrus 5:5).

Tələbələrin bəziləri Yehovanın Şahidlərinin filiallarına təyin olunub. Entoni qardaş xatırlatdı ki, bu xidmət növündə təvazökarlıq göstərməsələr, heç vaxt ondan məmnunluq duymayacaqlar. Özündə təvazökarlıq əskikliyini görmək çətin ola bilər. Qardaş xeyli il əvvəl baş vermiş hadisəni nümunə gətirərək dedi ki, bir ağsaqqala təvazökarlıq çatışmamazlığı ilə bağlı düzəliş verilmişdi. O isə filiala şikayət yazıb dedi ki, «mən özüm kimi ikinci təvazökar adam tanımıram!» Entoni qardaş tələbələri bu cür olmaqdan uzaq olmağa çağırdı. Əgər onlar özlərini uca tutmasalar, ucalığın Allah və Məsihə məxsus olduğunu yadda saxlasalar, təvazökarlığı əldən verməyəcəklər.

«Allah ruhunu səxavətlə verir» (Yəhya 3:34). Gilad Məktəbinin müəllimi Maykl Bernet tələbələrə xatırlatdı ki, təyinatlarında qarşılaşacaqları çətinlikləri, yaranacaq əminsizlik hissini aşmaqda köməkçi Allahın müqəddəs ruhu olacaq. Həmin ruh Bəsalilə Müqəddəs çadırı inşa etmək kimi azman işin öhdəsindən gəlməyə kömək etmişdi (Çıxış 35:30—35). Müqəddəs ruh Bəsalilin ustalıq qabiliyyətini artırmaqla yanaşı, başqalarını öyrətmək bacarığı da vermişdi. Məzunlar da Allahın ruhundan bu cür bəhrələnə bilərlər, sinifdə öyrəndikləri ilahi təlimləri tətbiq etmələri şərti ilə.

Müqəddəs çadırın hazırlanmasında qadınların da böyük rolu olmuşdu (Çıxış 35:25, 26). Eynilə, sinifdəki bacılar da özlərini «bacarıqlı qadınlar» kimi göstərmişlər. Bu bacarıqları öz ərlərinə dayaq olmaqda istifadə etməlidirlər. Maykl qardaş: «Fitri bacarıqlarınızı həlimlik və itaət ruhu ilə gözəlləşdirin. Belə etsəniz, Yehova Allah ruhunu sizdən əsirgəməyəcək», — deyərək nitqini başa vurdu.

«Rəqs edək?» Təlim komitəsinin köməkçisi Mark Nümar nitqinin mövzusunu Əhd sandığının Yerusəlimə gətirilməsini əmr edən Davud padşahın hadisəsindən götürmüşdü (2 İşmuil 6:12—14). Sandıq şəhərə aparılan vaxt Davud fərəhini ifadə edərək çəkinməyib əyanlarının qarabaşları ilə rəqs edirdi. Həmin qarabaşlar padşahın onlarla rəqs etdiyi günü ömürlük yaddan çıxarmayacaqdılar. Nümar qardaş növbəti düşündürücü suallar qoymaqla məzunları «qarabaşlarla rəqs etməyə» çağırdı: «Bəs sizi sadə, görkəmsiz adamların qayğıkeşi kimi tanıyacaqlar? . . . Başqalarına məhz ruhani məziyyətləri əsasında qiymət verəcəksiniz?»

Belə etsələr, Yehova Allahın məhəbbətini əks etdirmiş olacaqlar (Zəbur 136:6, 7). Hətta müəyyən dindaşlar təvazökarlıq göstərməsələr də, tələbələr yol verməməlidirlər ki, kiminsə naqisliyi onlara təsir göstərsin. Qardaş dedi: «Özünüzü bir heç bilin, Yehova Allahın quzuları ilə Özü etdiyi kimi rəftar edin».

«Hər münasib fürsətdə şəhadət verin». Teokratik Məktəblər Şöbəsinin nəzarətçisi Uilyam Samuelson xoş müjdəni təbliğ etmək üçün hər fürsətdən istifadə edən həvari Bulusun nümunəsinə istinad etdi (Həvarilərin işləri 17:17). Sonra qardaş tələbələrdən Giladda oxuduqları müddətdə təbliğ edərkən yaşadıqları maraqlı olayları səhnələşdirməyi xahiş etdi. Onlardan biri də bu idi: bir cütlük ərzaq mağazasında satıcı işləyən qadınla tanış oldu. Onlar müştərilər azalanacan gözləyib ona «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı video çarxı göstərdilər. Həmçinin onu jw.org saytına yönəltdilər ki, həmin saytda məlumata öz ana dili olan Laos dilində baxa bilsin. Sonra həmin cütlük qadına yenidən baş çəkib söhbətlərini davam etdirə bildilər.

«Allahın xidmətində həmişə hazır olun». ABŞ filialının xidmət şöbəsində işləyən Uilyam Nonkes dörd məzundan müsahibə aldı. Əşiya 6:8 ayəsində deyilənlə həmahəng olaraq onlar artıq Allahın xidmətində hazırlıq təzahür etdirmişdilər, amma Məktəb onların bu şövqünü daha da alovlandırdı. Snolya Maseko bacı bölüşdü ki, Gilad onun üçün təkmilləşdiriləsi sahələri aşkar etdi. Onlardan biri də o idi ki, hətta xidmətdə keçirilən uzun gündən sonra da günün qalan hissəsindən düzgün istifadə etmək vacibdir. Bacı deyir: «Keçdiyimiz təlimin imkan hüdudlarımı nə qədər genişləndirdiyinə məəttəl qalıram». Dennis Nielsen qardaş Səfənya 3:17 ayəsinin faydalı tətbiqini öyrəndiyini dedi. Bu ayə xidmətdə heç vaxt ruhdan düşməməyə kömək edə bilər. «Xidmət bəhrə verməyəndə yadda saxlamalıyam ki, Yehova Allah yenə də “sevinc sədaları ucaldır”. Onda mən niyə sevinməyim?»

«Quşlara fikir verin» (Mətta 6:26). Rəhbərlik Şurası üzvü Stiven Lett proqramın baş nitqi ilə çıxış etdi. O, İsa peyğəmbərin «quşlara fikir verin» tövsiyəsinə əsaslanaraq quşların həyatından hansı ibrətləri götürə biləcəyimizi açıqladı (Əyyub 12:7).

Məsələn, Allah quşları yedirdiyi kimi, bizim də maddi ehtiyaclarımızı ödəyəcək. Biz «Allahın ailəsi»nin üzvləriyik və O söz verir ki, həmişə «öz yaxınlarının» qeydinə qalacaq (1 Timutiyə 3:15; 5:8). Bu o demək deyil ki, biz əlimizi əlimizin üstünə qoyub oturmalıyıq. Quşlar Allahın yetirdiyi ruzini axtarıb tapmaq üçün çalışdığı kimi, biz də Allahdan nemət almaq üçün Onun Padşahlığı üçün çalışmalı, onu hər şeydən üstün tutmalıyıq (Mətta 6:33).

Stiven qardaş həmçinin izah etdi ki, bir çox quş növləri təhlükəni sezdikdə dərhal qışqırıb ətrafdakı quşlara xəbər verirlər. Eləcə biz də, lazım olanda başqalarını təhlükədən xəbərdar etməliyik, məsələn, «kimsə bilmədən səhv bir iş» görəndə (Qalatiyalılara 6:1). Bundan başqa, insanlara təbliğ edərkən onları yaxınlaşmaqda olan «Yehovanın möhtəşəm günündən» xəbərdar edirik (Səfənya 1:14). Digər bir misal gətirərək qardaş göstərdi ki, quşlar köç vaxtı hündür dağları aşdığı kimi, biz də Yehova Allahın köməyi ilə rəfedilməz kimi görünən maneələri aşa bilərik (Mətta 17:20).

Yekun. Məzunlara diplomlar verildi. Sonra məzunlardan biri sinfin adından təşəkkür məktubu oxudu. Yekun söz Samuel Herdə verilmişdi. O, ilahi fikirlərin ürəyimizə nə qədər dərin işləməli olduğunu göstərmək üçün dəmiryol şpallarına mıx vurmaq nümunəsini çəkdi. Mıx bircə zərbə ilə çalınmadığı kimi, Gilad məzunları da öyrəndikləri biliklər üzərində təkrar-təkrar düşünməli, daşınmalıdırlar. «Elə edin ki, onlar ürəyinizin lap dibinə işləsin» deyə Herd qardaş nəsihət verdi. Və əlavə etdi: «Allahın fikrini rəhbər tutsanız, başqaları üçün bir Allah neməti olacaqsınız».