Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 136-cı sinfinin buraxılışı

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 136-cı sinfinin buraxılışı

2014-cü il martın 8-i, şənbə günü Gilead məktəbinin 136-cı sinfinin buraxılışı oldu. Bu məktəb beş ay davam etmişdi. Həmin məktəbdə Yehovanın Şahidlərinin arasından seçilən təcrübəli xidmətçilər təbliğ xidmətində daha səmərəli olmağı və bacı-qardaşlarının imanını möhkəmləndirməyi öyrənirlər. Proqramı həm Yehovanın Şahidlərinin təlim mərkəzi olan Patersonda (Nyu-York), həm də videotranslyasiya vasitəsilə Birləşmiş Ştatlarda, Kanadada, Puerto–Riko və Yamaykada 11 548 nəfər dinləmişdi.

«Onun kimi düşünün». Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü və proqramın sədri olan Devid Spleyn öz nitqini Filippililərə 2:5—7 ayələrindəki «Məsih İsa kimi düşünün» sözləri əsasında qurmuşdu. İsa Məsih yer üzündə olanda o, öz mövqeyinə görə narahat olmurdu, əksinə, təvazökarcasına özünü Allahın işinə həsr etmişdi.

Misal üçün, İsa Musa peyğəmbərin İsrail xalqına dediyi sözlərə istinad edərək hər dəfə «yazılıb» deməklə Şeytanın bütün şirnikdirici təkliflərini rədd etdi (Matta 4:4, 7, 10; Qanunun təkrarı 6:13, 16; 8:3). İsa Allahın məsh olunmuş Oğlu kimi öz adından danışmaq iqtidarında olsa da, o, təvazökarcasına Musanın sözlərinə dəyər verdiyini göstərdi. Eynilə, biz də başqalarının bacarıq və qabiliyyətlərini qəbul etməli və tərifləməyi bacarmalıyıq.

Həmçinin Spleyn qardaş bildirdi ki, İsa hətta yer üzündə təlim verdiyi müddətin sonunda belə düzgün əhval-ruhiyyə təzahür etdirmişdi. Duasında İsa demişdi: «Mən Səni yerdə şöhrətləndirdim və mənə tapşırdığın işi başa çatdırdım. İndi isə Ata, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şöhrətlə məni şöhrətləndir, məni yanına götür» (Yəhya 17:4, 5). İsa özünə əlavə rütbə axtarmırdı. Onun yeganə xahişi əvvəlki vəziyyətinə qayıtmaq, yəni göyə qalxdıqdan sonra «əvvəlki işini görmək» idi. Eynilə, Gilead məktəbinin məzunları da hansısa mövqeyə yox, onlara həvalə olunan işə diqqətlərini cəmləməklə İsanı təqlid edə bilərlər. Əvvəlki təyinatlarına qayıdanda, əlavə şərəfli məsuliyyətlər almasalar belə, müsbət əhval-ruhiyyələrini qoruya bilərlər.

«Heyfsilənmədən qurban gətirin». Rəhbərlik Şurasının Təlim komitəsinin köməkçisi Uilyam Malenfant tələbələri həvari Pavelin fədakarlıq nümunəsini təqlid etməyə təşviq etdi. Pavel Allaha xidmət etmək üçün geridə qoyduğu şeylərə görə təəssüflənmək əvəzinə, belə demişdi: «Arxada qalan şeyləri unudub, irəlidəki şeylərə can atıram və hədəfə doğru... qaçıram» (Filipililərə 3:13, 14).

Giley-güzar etmədən fədakarlıq göstərməklə tələbələr keçmişdə yaşamış və indiki Allahın sadiq xidmətçilərini təqlid etmiş olacaqlar. Malenfant qardaş uşaqlıqdan Yehovaya xidmət edən Kler Qerber Moyer bacının sözlərini gətirir. O yazmışdı: «Necə də böyük şərəfdir ki, 80 il Yehova Allaha sədaqətlə xidmət edəsən və ötən illərə dönüb baxanda zərrə qədər də peşmançılıq çəkməyəsən. Dünyaya bir daha gəlsəydim, yenə eyni seçimi edərdim».

«Padşahlığı mələklərlə və mələklər kimi vəz edin». Rəhbərlik Şurasının üzvü olan Qerit Löş qardaş təbliğ edənlərin iki xüsusi üstünlüyündən bəhs edərək tələbələri bu xidməti dəyərləndirməyə kömək etdi. İlk növbədə, onlar Padşahlıq haqda xoş xəbəri başqalarına çatdırmaqla Allahın mələkləri kimi çıxış edirlər, çünki Müqəddəs Kitabda «mələk» kimi tərcümə olunan ibrani və yunan sözləri həmçinin «elçi» mənasını da verir. İkincisi, onlar ruhani varlıqların, yəni mələklərin rəhbərliyi altında təbliğ işini həyata keçirirlər, necə ki vaxtilə Filip edirdi (Həvarilərin işləri 8:26—35).

Löş qardaş Yehovanın Şahidlərinin xoş xəbəri təbliğ edərkən başlarına gələn bir neçə maraqlı hadisəni danışdı. Məsələn, Meksikadan olan Qabina adlı bir Şahid, adətən, xidmət zamanı qapını bir və ya iki dəfə döyürdü, ancaq bir dəfə o, dörd dəfə döydü. Qapını açan kişi indicə özünə sui-qəsd etmək istədiyini bildirdi. Həmin kişi dedi: «Siz dördüncü dəfə qapını döyəndə kəndiri artıq boynuma keçirmişdim. Ancaq qapını açmaq üçün onu boynumdan çıxartdım. Təkid göstərdiniz üçün sağ olun, yoxsa indi həyatda yox idim».

Hərçənd bu kimi hallar bəzən sadəcə təsadüf ola bilər, ancaq bilirik ki, çox vaxt bu belə olmur. Bu kimi hadisələr göstərir ki, ümumdünya təbliğ işinə Allahın mələkləri rəhbərlik edir (Vəhy 14:6).

«Hörmətli olan xeyir-dualanacaq». Gilead məktəbinin təlimatçısı Maykl Bernett Yəhudanın nəslindən «qardaşları içində ən hörmətlisi» olan Yabesin nümunəsini nəzərdən keçirərək bu mövzunu açıqladı. Yabes Allaha dua edirdi: «Nə olar, mənə xeyir-dua ver, torpağımı genişləndir, mənə dayaq ol» (1 Salnamələr 4:9, 10).

Tələbələr Allaha konkret dualar etməklə Yabesin layiqli nümunəsini təqlid edə bilərlər, xüsusilə də Gilead məktəbində aldıqları bilikləri layiqincə tətbiq etməkdə Ondan kömək istəməlidirlər. Həmçinin onlar Allahdan xahiş edə bilərlər ki, onları bədbəxtliklərdən qorusun. Onlar Allahdan bu bədbəxtlikləri tamamilə aradan qaldırmasını yox, onların nəticələrinə tab gətirməkdə və məyusluğa qapılmamaqda kömək etməsini xahiş edə bilərlər. Allah Yabesin dualarına cavab verdiyi kimi, Gilead məzunlarının da dualarını cavablandıracaq.

«Ruhun alovunu söndürməyin». Gilead məktəbinin təlimatçısı, eləcə də Təlim komitəsinin köməkçisi Mark Numar öz məruzəsini 1 Saloniklilərə 5:16—19 ayələrinə əsaslandırmışdı. Alovun sönməməsi üçün yanacaq, oksigen və qığılcım lazımdır. Xidmətdə də daim şövqlü olmaq üçün tələbələrə məhz həmin komponentlər gərəkdir.

Birincisi, «həmişə sevinin» (1 Saloniklilərə 5:16). Sevinc şövq üçün yanacaqdır. Buna Yehovanın rəğbətini qazanmağın necə böyük xeyir-dua olduğu barədə düşünməklə nail olmaq olar. İkincisi, «daima dua edin» (1 Saloniklilərə 5:17). Dua oksigen kimidir. Onsuz yanma prosesi baş verməz. Yaxşı olardı ki, biz daima dualarda ürəyimizi Allaha boşaldaq. Üçüncüsü, «hər şeyə görə təşəkkür edin» (1 Saloniklilərə 5:18). Qədirbilən ürək Yehova və bacı-qardaşlarımızla səmimi münasibətlər üçün bir qığılcım olacaq. Numar qardaş sözünə davam edərək dedi: «Soyuq tənqid əvəzinə, səmimi minnətdarlıq hisslərini qoruyub saxlayın».

«Göylərlə birgə Yehovaya həmd edirik». Teokratik məktəblərin təlimatçısı Sem Roberson öz nitqinə günəşin, ayın və ulduzların Yehovaya həmd etdiyinə dəlalət edən ayələrin müzakirəsi ilə başladı (Məzmur 19:1; 89:37; 148:3). O, tələbələrin də Yehovaya həmd etmək imkanları olduğunu dedi və onlardan xidmətdə baş vermiş hadisələri səhnələşdirməyi xahiş etdi. Tələbələrdən biri maşınını saxlamışdı ki, əlil arabasında oturan kişi yolu keçə bilsin. Həmin kişi əl edərək minnətdarlığını bildirmişdi. Tələbə də nəzakətinə görə ona təşəkkür etmişdi. Nəticədə, söhbət yaranmışdı və kişi Müqəddəs Kitabı öyrənməyə razılıq vermişdi. Növbəti həftələr ərzində Gilead məktəbinin tələbəsi həmin kişinin yanına gələn bir çox insanlarla da söhbət edə bilmişdi. Nəticədə, yeddi nəfər də Müqəddəs Kitabı öyrənməyə başlamışdı. Bütün bunlar isə təsadüfi söhbətdən başlamışdı.

«Allahın təlimi sayəsində möhkəmlənin». Nəşriyyat komitəsinin köməkçisi Donald Qordon iki cütlükdən müsahibə götürdü. Qardaşlardan biri təlim zamanı Efeslilərə 3:16—20 ayələrinin dəfələrlə araşdırıldığını xatırladı. Bu, tələbələrə «daxili [varlıqlarını möhkəmləndirməyə]», eyni zamanda da təvazökar, əlçatan olmağa və Yehovanın hər bir xidmətçisinə həvalə etmək üçün hələ çox işi olduğunu dərk etməyə kömək etdi. Bacılardan birinin çox xoşuna gəlmişdi ki, müəllim tələbələri inkişaf üçün yer olmayan balaca bankada böyük balıq olmağa yox, ucsuz-bucaqsız okeanda balaca balıq olmağa təşviq etmişdi. Bacı əlavə edib dedi: «Mən başa düşdüm ki, Yehovanın təşkilatında “kiçik kimi” davransam, Allah mənə ruhən inkişaf etməyə kömək edəcək».

«Qoy Yehova sizi yaxşılıqla xatırlasın». Rəhbərlik Şurasının üzvü Mark Sanderson proqramın əsas bəndi ilə çıxış etdi. Onun mövzusu Nehemyanın duasındakı sözlər oldu: «Ey Allahım,.. məni yaxşılıqla xatırla!» (Nehemya 5:19; 13:31). Nehemya Yehovanın onu və ya xidmətdəki əməyini unudacağından qorxmurdu. Əksinə, o, Allahdan onu xatırlamasını və xeyir-dualandırmasını xahiş edirdi.

Eynilə, tələbələr əmin ola bilərlər ki, əgər onlar Gilead məktəbində aldıqları əsas dərsləri yadda saxlasalar, Yehova onları yaxşılıqla xatırlayacaq və səxavətlə mükafatlandıracaq. Misal üçün, unutmaq lazım deyil ki, ibadətdə əsas amil Yehovaya möhkəm və səmimi məhəbbət olmalıdır (Mark 12:30). İbrahim Yehovanı bütün ürəyi ilə sevirdi və Allah onu xeyirxahlıqla xatırlayırdı. İbrahimin ölümündən min il sonra da Allah onu dostu adlandırmışdı (Yeşaya 41:8).

Daha sonra Sanderson tələbələrə yaxınlarını, xüsusilə də bacı-qardaşlarını sevməyin vacibliyini xatırlatdı (Mark 12:31). «Quldurların əlinə düşmüş adamın yaxını» olan xeyirxah samariyalı kimi, onlar da təşəbbüs göstərməli və ehtiyacı olanlara birinci kömək əli uzatmalıdırlar (Luka 10:36). O, vilayət nəzarətçisi kimi xidmət edən Gilead məktəbinin məzunu Nikolas Kovalakın nümunəsini gətirdi. Kovalak qardaş öz məhəbbəti və mülayimliyi ilə tanınırdı. Bir dəfə o, səyyar nəzarətçini və onun həyat yoldaşını xidmətdə daha səyli olmağa təşviq edərək demişdi: «Xidmətə günün, həftənin, ayın və ilin əvvəlindən başlayın». Ancaq sonradan bir neçə gün içində bacını müşahidə etdikdən sonra dedi: «Dediklərimin hamısını yadından çıxart. Siz onsuz da həddən artıq canfəşanlıq edirsiniz. Sürətinizi azaldın ki, daha çox xidmət edə biləsiniz». Onun xeyirxah və anlayışla verilən məsləhəti bacıya növbəti onilliklər ərzində tammüddətli xidmətdə qalmağa kömək etdi.

Sonda Sanderson qardaş məzunları aldıqları təlimə uyğun davranmağa, yəni başqalarını öyrədib təlim verməyə təşviq etdi (2 Timoteyə 2:2). Öz təyinatlarında xidmət edərək onlar bacı-qardaşları möhkəmləndirə bilər və əmin ola bilərlər ki, Yehova onları yaxşılıqla xatırlayacaq (Məzmur 20:1—5).

Yekun. Tələbələr diplomlarını aldıqdan sonra onlardan biri minnətdarlıq məktubu oxudu. Daha sonra on beş məzun «Yehovanı nəğmələrdə tərənnüm edin» kitabından «Çobanlar — “insanlar timsalında hədiyyələr”» adlı 123 nömrəli mahnını a-kapella oxudular.

 

 

 

Əlavə məlumat

Xüsusi təyinatlı müjdəçilər

What special training is provided for those who devote their full time to the Kingdom-preaching work?