Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İkimetrlik Müqəddəs Kitab

İkimetrlik Müqəddəs Kitab

Yehovanın Şahidlərindən Brayl əlifbası ilə olan Müqəddəs Kitab sifariş etməzdən öncə, onu hara qoyacağınızı fikirləşin. İngilis, ispan və italyan dillərinin Brayl əlifbası ilə çıxan tam Müqəddəs Yazıların (Tövrat, Zəbur, Peyğəmbərlərin kitabı və İncil) «Yeni dünya tərcüməsi»nin cildlərinin sayı dildən asılı olaraq 20—28 arasında dəyişir və onun üçün eni ən azı iki metr olan rəf lazımdır!

Qalın kağızda Brayl əlifbası ilə çap olunan Müqəddəs Kitabdan fərqli olaraq, digər formatlar az yer tutur. Görmə qabiliyyəti olmayanlar Brayl əlifbası olan elektron qeyd kitabçasının sayəsində qeydlər apara, eləcə də Brayl əlifbasının işarələrini əmələ gətirən qabaran və çəkilən nöqtəli portativ cihazların vasitəsilə elektron şəkildə olan məlumatları əldə edə bilərlər. Həmçinin onlar çap olunmuş mətni səsləndirən ekrandan oxuma proqramlarının köməyilə nəşrlər tapa və qulaq asa bilərlər.

Üstəlik, Yehovanın Şahidləri mətni bir çox dillərin Brayl əlifbası ilə yazmağa imkan verən kompüter proqramını işləyib hazırlamışlar. Müəyyən bir dildə çap hərflərin cədvəli hazır olduqdan sonra bu proqram mətni Brayl əlifbası ilə yazır. Bundan əlavə, proqram nəşri elə tərtib edir ki, görməyən insanlar onu asanlıqla oxuya bilsinlər. Bu avtomatlaşdırılmış sistemin sayəsində Brayl əlifbası olan istənilən dildə, hətta qeyri-latın əsaslı şriftin istifadə olunduğu dillərdə belə, Müqəddəs Kitab da daxil olmaqla, müxtəlif nəşrlər buraxmaq mümkün olacaq.

Yüz ildən çoxdur ki, Yehovanın Şahidləri korlar üçün Müqəddəs Kitaba əsaslanan nəşrlər çap edirlər. Hal-hazırda belə nəşrlər 19 dildə əlçatandır. Görmə qabiliyyətindən məhrum olan insanlar bu nəşrləri pulsuz əldə etsələr də, onların çoxu könüllü ianələr edirlər.

Əvvəllər Yehovanın Şahidlərinin konqreslərində yeni nəşr haqda elan səslənəndə iştirakçılara bildirilirdi ki, Brayl əlifbası ilə olan yeni ədəbiyyatları bir müddətdən sonra sifariş etmək olar. Keçən il Birləşmiş Ştatlardakı filial yığıncaqlarla əlaqə yaradıb korların hansı vilayət konqresinə gedəcəyini və nəşrlərimizi hansı şəkildə (kağız şəklində, elektron qeyd kitabçası və ya ekrandan oxuma proqramı üçün fayl şəklində) əldə etmək istədiklərini qabaqcadan öyrəndi.

Qalın kağız üzərində çap olunan nəşrlər kor adamların iştirak etdiyi konqreslərə göndərilmişdi və bunun sayəsində onlar da hamı ilə eyni vaxtda yeni nəşrlər ala bildilər. Sifariş verən hər kəsə iştirak etdiyi konqresdən bir həftə sonra həmin nəşrlər elektron şəkildə göndərilmişdi.

Gözləri görməyən bir Yehovanın Şahidi demişdi: «Hamı ilə eyni vaxtda yeni nəşrləri almaq necə də sevindiricidir. Məzmur 37:4 ayəsində deyilir ki, Yehova bizi ürəyimizin istəklərinə çatdıracaq. Və bu həftəsonu Allah məni arzuma çatdırdı». Başqa qardaş isə ağlayaraq öz hisslərini belə ifadə etmişdi: «Onlar məni də düşünüblər. Bizə belə qayğı göstərdiyinə görə Yehovaya o qədər minnətdaram ki!»