Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi Qülləsi fermaları — 50 illik biçin işi

Gözətçi Qülləsi fermaları — 50 illik biçin işi

Nyu-York şəhərindən 145 kilometr şimalda yerləşən Uolkill kəndinə yaxın bir ərazidə Yehovanın Şahidlərinin Müqəddəs Kitab üzrə ümumdünya maarifləndirmə işinin irəliləməsində vacib rol oynayan fermalar yerləşir. Gözətçi Qülləsi fermaları kimi tanınan bu fermalardan birincisi 50 il əvvəl, 1963-cü il yanvarın 2-də alınmışdı.

Uolkilldəki bu ferma fəaliyyətə başladığı ilk gündən burada çalışan Devid Uolker adlı Yehovanın Şahidi onun hansı məqsədlə alındığı haqda deyir: «Yehovanın Şahidlərinin Bruklindəki ümumdünya baş idarəsinin heyəti artırdı. Buna görə də onları daha sərfəli şəkildə ərzaqla təmin etməyə ehtiyac yarandı. Yehovanın Şahidlərinin o vaxtadək istifadə etdikləri digər ferma Bruklindən 6—8 saat uzaqlıqda yerləşirdi. Uolkill ilə Bruklin arasında isə cəmi 2 saatlıq yol var idi. Məhz bu səbəbə görə Uolkilldəki ferma bizim üçün daha əlverişli idi». Yehovanın Şahidləri bu fermada meyvə-tərəvəz becərir, quşçuluq, donuzçuluq, maldarlıq və südçülüklə məşğul olurdular. Vaxt keçdikcə yeni fermalar alındı.

Sonrakı onilliklər ərzində Yehovanın Şahidlərinin artması Uolkilldə qeyri-adi fəaliyyətin başlanmasına təkan verdi. Onlar ərzaq istehsal etməklə yanaşı, həm də İsanın haqqında danışdığı biçin işinə kömək edəcək ədəbiyyatları çap etməyə başladılar (Matta 9:37; Luka 10:2; Yəhya 4:35, 36). Gəlin Uolkilldə görülən bəzi işlərə nəzər salaq.

Çap işi. 20-ci əsrin ortalarında Müqəddəs Kitaba əsaslanan ədəbiyyatların böyük qismi Bruklindəki mətbəədə çap olunurdu. Amma bu mətbəə artan tələbatı ödəyə bilmirdi. Bu səbəbdən Yehovanın Şahidləri 1973-cü ildə Uolkilldə əlavə mətbəə tikdilər. Bundan sonra çapxanalar bir neçə dəfə genişləndirilib. Son genişləndirilmə 2004-cü ildə baş verib.

Kompüter texnologiyaları. 1979-cu ildə Yehovanın Şahidlərindən ibarət bir qrup Uolkilldə Çoxdilli elektron nəşriyyat sistemi (MEPS) adlanan kompüter proqramının üzərində işləməyə başladı. Bu proqramın sayəsində 600-dən çox dildə Müqəddəs Kitaba əsaslanan ədəbiyyat çap etmək mümkündür.

Təlim. 1988-ci ildə Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead Bruklindən Uolkillə köçürüldü. Oktyabrın 17-si dərslər başlandı. Bu məktəb 1995-ci ilin aprel ayına qədər, yəni Gözətçi Qülləsinin Təlim Mərkəzinin yerləşdiyi Patersona (Nyu–York ştatı) köçürülənə qədər orada fəaliyyət göstərirdi.

Digər fermalarda olduğu kimi, son əlli il ərzində Gözətçi Qülləsinin fermalarında da iş qaydaları xeyli dəyişib. Bununla belə, Yehovanın Şahidlərinin Nyu-York ştatındakı Bet-El komplekslərində çalışan işçiləri keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək üçün xeyli səy göstərilir.

Hal-hazırda Yehovanın Şahidləri Uolkilldə yeni yaşayış binaları, ofislər və digər tikililər inşa edirlər. Üstəlik, onlar köhnə binaları da təmir edirlər. Bütün bu işlər Gözətçi Qülləsi fermalarının dünyanın bu hissəsində sayı artmaqda olan Yehovanın Şahidlərinin ruhani tələbatlarını ödəməyə davam edə bilməsi üçün görülür.

Yuxarıda adı çəkilən Devid Uolker deyir: «Son 50 il ərzində kiçik bir fermanın böyüyüb, ümumdünya təbliğ işimizə töhfə verən bir müəssisəyə çevrilməsini öz gözlərimlə görmək mənim üçün çox sevindirici idi!»

Əlavə məlumat

Uolkill və Uorvik layihələri uğurla irəliləyir

Ölkənin bir çox yerlərindən gələn könüllülərin ağır zəhməti sayəsində Yehovanın Şahidlərinin ABŞ-dakı iki mühüm tikinti layihəsi uğurla irəliləməkdədir.