Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Bet-El camaşırxanası — mətbəx dəsmalından tutmuş ipək qalstukadək

Bet-El camaşırxanası — mətbəx dəsmalından tutmuş ipək qalstukadək

Yehovanın Şahidlərinin Birləşmiş Ştatlardakı filialının camaşırxanalarında hər il 1800 ton camaşır yuyulur. Burada çalışan gənc kişi və qadınlar üç kompleksdən — Bruklin, Paterson və Uolkilldə (Nyu–York) yığılan camaşırları yumaq üçün vaxtlarını və güclərini əsirgəmirlər. Təkcə bu rəqəmi görəndə insanı vahimə bürüyür. Amma onların gördüyü işin qeyri-adiliyi camaşırxanaya gələn əşyaların çeşid-çeşid olmasındadır.

Birləşmiş Ştatların Bet-El komplekslərində yaşayanlar Bet-El camaşırxanalarına hər iş günü 11 000 ədəd paltar — 2300 köynək, 650 şalvar, eləcə də corablar, alt paltarları və qısaqol köynəklər göndərirlər. Bundan əlavə, quru təmizləməyə 900 əşya verilir.

Hələ külli miqdarda göndərilən mələfələri, dəsmalları, ədyalları, mətbəx işçilərinin uniformalarını və təmizlik əskilərini demirik. Bunların hamısını yumaq, qurulamaq və öz ünvanına çatdırmaq lazımdır. Bütün əskilər yığılıb bir yerdə, ipəkdən olan zərif qalstuk və köynəklər isə ayrıca yuyulur.

Camaşırxana işçiləri paltarları bir-bir gözdən keçirirlər ki, görsünlər, düyməsi düşəni, cırığı olanı varmı. Düymə tikmək lazım gələrsə, ya maşınla, ya da ki əldə tikirlər. Paltarın harasındasa düzəliş etmək, ya da söküyünü tikmək lazımdırsa, bu iş başı çıxan adama həvalə olunur.

Yuyulmamış paltar qalmasın deyə hər əşyanın üstünə aparatla xüsusi kodu olan etiket vurulur. Həmçinin bu etiketlər sayəsində yuyulub-ütülənən əşyalar seçilərək öz sahiblərinə göndərilir.

Camaşırxananın yeni işçiləri təcrübəli iş yoldaşlarından təlim alırlar. Onlar 20-yə yaxın müxtəlif təyinat üçün öyrədilib hazırlana bilərlər. Məsələn, püxtələşmək üçün vaxt tələb olunan işlərdən biri kənardan asan görünən ləkə çıxartmaq işidir. Yeni işçi parçalar haqda hər şeyi bilməlidir, hansı növdür, onu ütüləmək olar-olmaz və sairə.

Bir il yarımdır ki, camaşırxanada işləyən Taş qardaş əməkdaşları haqda deyir: «Komandamız əladır. Fərqli insanlarla işləmək adama ləzzət edir». Şeli adlı bacı isə belə deyir: «Bet-El ailəsinin tər-təmiz görünməsində payımızın olması bizim üçün şərəfdir».