Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

4 SENTYABR 2017
FİNLANDİYA

Finlandiyanın Turku şəhərində bıçaqlı hücum: Yehovanın Şahidləri insanlara təsəlli verir

Finlandiyanın Turku şəhərində bıçaqlı hücum: Yehovanın Şahidləri insanlara təsəlli verir

HELSİNKİ. 2017-ci il avqustun 18-i, cümə günü günorta vaxtı Finlandiyada bir bacımız qətlə yetirildi. Qadınlara qarşı tuşlanmış terror aktı kimi qiymətləndirilən insident zamanı bacımızdan əlavə daha bir qadın qətlə yetirilib, səkkiz nəfər isə yaralanıb. Hadisə Finlandiyanın cənub-qərb sahilində yerləşən Turku şəhərinin mərkəzindəki ticarət meydanında baş verib. Finlandiya filialı, yerli rayon nəzarətçiləri və ağsaqqallar naməlum şəxsin bıçaqlı hücumundan dərhal sonra faciədən zərərçəkənlərə təsəlli veriblər.

Finlandiya filialının nümayəndəsi Veiko Laynonen deyir: «Bu, çox dəhşətli faciədir. Xüsusilə də, bizi öncül bacımızın qətlə yetirilməsi sarsıtdı. O, ədəbiyyat arabası ilə ictimai şahidlik verən zaman qətlə yetirildi. İndiki dövrdə nə qədər ehtiyatlı olsaq da, özümüzü zorakılıq, terror aktı kimi təhlükələrdən tam qoruya bilmərik. Biz bir-birimizə, həmçinin qətlə yetirilən bacımızın ailə üzvlərinə təsəlli verməyə çalışırıq. Dua edirik ki, Yehova bu itkiyə görə yas saxlayan hər kəsə qəlb rahatlığı versin. Həmçinin əlimizdən gələn qədər çalışacağıq ki, qorxu hissi şahidlik işimizi davam etdirməyə mane olmasın» (Vaiz 9:11; Romalılara 15:13; Filippililərə 4:6, 7).

Finlandiya filialı bacı-qardaşlara mənəvi cəhətdən dayaq olmaq, eləcə də Allahın Kəlamından təsəlli vermək üçün ölkədəki bütün yığıncaqlara məktub göndərdi. Bundan əlavə, Turkuda xüsusi ictimai şahidlik işində iştirak edən 135 bacı-qardaşı ruhlandırmaq üçün xüsusi görüş təşkil olundu. Öncüllər çox cəsarətlidir və bu işdə iştirak etməyi davam etdirmək niyyətindədirlər.

Dünyanın ən sakit və təhlükəsiz ölkələrindən biri sayılan Finlandiyada belə bir hadisənin baş verməsi Turku sakinlərini təlaşa salıb. Hadisənin səhərisi günü bacı-qardaşlarımız ticarət meydanında və ev-ev təbliğ edib, hadisədən sarsılan insanları dinləyərək təsəlli vermişlər.

Finlandiya filialı bütün dünyada olan bacı-qardaşlara etdikləri dualara və göndərdikləri təsəlli sözlərinə görə minnətdardır (1 Butrus 2:17; 5:9). Ən əsası isə, hamımız dözüm və təsəlli verən Yehova Allahımıza şükür edirik (Romalılara 15:5).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Finlandiya: Veiko Laynonen, tel.: +358 400 453 020