Azərbaycan
Rusiyada üç qardaş azadlığa buraxıldı
https://cms-imgp.jw-cdn.org/img/p/702025061/univ/art/702025061_univ_sqr_xl.jpg

17 APREL 2025
RUSİYA

Vladimir Melnik həyat yoldaşı və qızları ilə (solda), Vladimir Piskaryov (ortada) və Artur Putintsev həyat yoldaşı ilə (sağda) həbsdən çıxandan sonra

Rusiyada üç qardaş azadlığa buraxıldı

Rusiyada üç qardaş azadlığa buraxıldı

2025-ci il aprelin 9-u Vladimir Melnik, Vladimir Piskaryov və Artur Putintsev azadlığa buraxıldılar. 2023-cü il 13 oktyabr tarixində onların hər biri altı il həbs cəzasına məhkum edilmişdi. Qardaşlarımız 2020-ci ilin dekabr ayından bəri həbsdə saxlanıldıqları üçün onların cəzasının müddəti artıq bitib.

Vladimir Melnik məhkəmənin keçirildiyi yerdən təxminən 1400 kilometr aralıda yerləşən həbsxanada saxlanılırdı. Bu, ailəsinin ona baş çəkməsini çox çətinləşdirirdi. Üstəlik, Vladimir müəyyən müddət birnəfərlik kamerada saxlanılmışdı. Onun həyat yoldaşı İrina ərinə nəyin kömək etdiyini bölüşdü: «Vladimirə üzləşdiyi çətinliklərə tab gətirməyə, gözünü ümidindən çəkməməyə və ruhdan düşməməyə Yehovanın vədlərinə olan möhkəm imanı və Ona daima dua etməsi kömək etdi».

Həbsdən buraxılan Vladimir Piskaryov cəzaçəkmə müəssisəsində olan yoldaşı Tatyana ilə danışır

Qardaşların üçü də təxminən dörd il yarım müddətinə ailələrindən ayrı düşdü. Vladimir Piskaryov üçün isə ayrılıq hələ də davam edəcək. Onun yoldaşı Tatyana 2024-cü il martın 1-də iki il altı ay müddətinə cəzaçəkmə müəssisəsində islah işlərinə məhkum edildi və hal-hazırda həbsdədir. Üzləşdikləri bu sınağın onlara necə təsir etdiyini soruşanda Tatyana belə demişdi: «Bu sınaq Yehovaya, bir-birimizə və insanlara olan məhəbbətimizi daha da gücləndirdi. Bunu heç nə dəyişə bilməz».

Artur Putintsevin məsihiyə xas olan xüsusiyyətləri təzahür etdirməsi ona həbsxanada üzləşdiyi bir çox problemlərin öhdəsindən gəlməyə kömək etdi. Onun həyat yoldaşı Lyudmila deyir: «Arturla kamera yoldaşları arasında gərginlik yarananda Artur onlarla öz yeməyini bölüşürdü, onlara xeyirxahlıq göstərirdi və onlarla yaxşı münasibət qurmaq üçün əlindən gələni edirdi. O, həmişə sülhü qorumağa çalışır». Arturla Lyudmila da Yehovanın bacı-qardaşlar vasitəsilə göstərdiyi dəstəyi hiss etdilər. Lyudmila xatırlayır: «Yehova heç vaxt bizi problemlərlə baş-başa qoymayıb. Bu hadisə bizə öyrətdi ki, həyatımız alt-üst olsa da, Yehova heç vaxt gücümüzdən artıq sınanmağımıza yol verməz. Əsas odur ki, Ona tamamilə güvənək».

Yehovaya şükür edirik ki, O bu bacı-qardaşlara dəstək olur və onların qayğısına qalır. Allahımızın sınaqlara tab gətirən xidmətçilərinə haqq və ədalət göstərdiyinə əminik (Zəbur 103:6).