8 SENTYABR 2025
ERİTREYA

Soldan sağa: 84 yaşlı Berekti Habte bacımız və 86 yaşlı Leteberyan Tesfay bacı

Eritreya hökumətinin 80 yaşlarında olan iki bacımızı haqsız yerə həbs etməsindən bir il ötdü

60-dan çox yaşı olan on dörd Yehovanın Şahidi hal-hazırda həbsdədir

Eritreya hökumətinin 80 yaşlarında olan iki bacımızı haqsız yerə həbs etməsindən bir il ötdü

2025-ci ilin sentyabr ayında Eritreya hökumətinin ahıl yaşda olan iki bacımızı haqsız yerə həbs etməsinin bir ili tamam oldu. 27 sentyabr 2024-cü il tarixində polis 86 yaşlı Leteberyan Tesfay bacının evində dinc şəraitdə keçirilən Yehovanın Şahidlərinin ibadət görüşü zamanı reyd etdi. Nəticədə, 84 yaşlı Berekti Habte bacı həbs olundu. Üç gün sonra polis geri qayıdıb Leteberyan bacını da həbs etdi. Hazırda hər iki bacımız Adi-Abeto həbsxanasındadır.

Hər iki bacımız uzun illərdir Yehovaya qulluq edir. Leteberyan bacı 1957-ci ildə vəftiz olunub və Eritreyadakı ilk Yehovanın Şahidlərindən biridir. Onun səkkiz övladı da Yehovaya qulluq edir. 2024-cü ilin sentyabr ayında reyd zamanı onun 52 yaşlı qızı, Hadassa Zerisenay da həbs olundu. Hadassa May Serva həbsxanasındadır. Berekti bacı 1974-cü ildə vəftiz olunub və artıq 50 ildir ki, Yehovaya sədaqətlə qulluq edir.

17 yaşlı Sidon Tekeste bacı hal-hazırda Eritreyada həbsdə olan ən cavan Yehovanın Şahididir

Hazırda Eritreyada 64 Yehovanın Şahidi həbsdədir. Onlardan 14-nün 60-dan çox yaşı var. Ən cavanı isə Sidon Tekeste bacıdır. Onun cəmi 17 yaşı var. O, 2024-cü ilin noyabr ayından May Serva həbsxanasındadır. Bu bacı-qardaşlardan heç birinə qarşı nə rəsmi ittiham irəli sürülüb, nə də işi üzrə məhkəmə icraatı olub. Həbsxana işçiləri onlara tibbi yardım göstərilməsinə icazə vermir və onlarla amansız rəftar edirlər. 2025-ci ilin yanvar ayında həbsdən azad olunan bir bacı Adi-Abeto həbsxanası haqda belə sözlər demişdi: «Vəziyyət hədsiz dərəcədə ağırdır. Həbsxana ağzınacan doludur. Məhbusların, o cümlədən yaşlı bacı-qardaşlarımızın yatmaq üçün cəmi yarım metr yeri var. Buna görə də yalnız böyrü üstə yatmaq olur, adam heç çevrilə də bilmir. Fikrimcə, həbsxana işçiləri yaşlı bacı-qardaşlarımızın qətiyyətini sındırmaq üçün qəsdən onlarla belə zülm edirlər».

Bu cür dözülməz şərait, insanlıqdan uzaq rəftar və insan haqlarının tapdalanması bir çox mötəbər beynəlxalq təşkilatların diqqətini çəkib. Misal üçün, 2025-ci ilin may ayında BMT-nin Eritreyadakı insan hüquqları üzrə xüsusi məruzəçisi Eritreya hökumətini «haqsız yerə həbs etdiyi bütün insanları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa» və «insanları dini etiqadına görə həbs etməyi dayandırmağa» səsləyib. Bununla belə, Eritreya hökuməti bu çağırışları qulaqardına vurur və Yehovanın Şahidlərini etiqadlarına görə təqib etməyə davam edir.

Hazırda Eritreyada 60 yaşından yuxarı 14 sadiq bacı-qardaşımız həbsdədir. Yuxarı cərgə, soldan sağa: Berekti Habte, 84 yaş; Elen Qoytom, 60 yaş; Genet Zeray, 67 yaş; Keseteberyan Nequsse, 74 yaş; Hideat Gebrehivot, 65 yaş; Leteberyan Tesfay, 86 yaş. Aşağı cərgə soldan sağa: Tevoldemedyin Habtezion, 66 yaş; Saba Tekle, 66 yaş; Tareke Tesfamariam, 77 yaş; Tekle Yoab, 74 yaş və onun arvadı Kdisti Tesfamikael, 71 yaş; Tesfay Kiflay, 67 yaş; Tesfazion Gebremikael, 83 yaş; Okba Amare, 62 yaş

Bütün dünyadakı bacı-qardaşlarla birlikdə bir ailə kimi Eritreyada haqsız yerə həbs olunan dindaşlarımızın azadlığa çıxması üçün dua edirik. Əminik ki, üzərlərində olan «Allahın ruhu» onlara bu şiddətli sınaqlardan başıuca çıxmağa kömək edəcək (1 Butrus 4:14).